ABŞ niyə "Şimal axını-2" layihəsinə qarşıdır? - EKSPERTLƏRDƏN ŞƏRH
"Kiyev-Brüssel-Berlin üçbucağında "Şimal axını 2" ilə bağlı fikir ayrılıqları var"
Zeynal Əmrəliyev: "Almaniyanın niyyəti ABŞ-ı Avropanın enerji sistemindən sıxışdırıb çıxarmaqdır"
Kamran Sultanlı: "Moskva "Şimal axını 2" qaz kəmərini nə olursa-olsun bitirməyə çalışır, çünki bu layihə Avropanı Rusiyadan enerji asılılığına salacaq"
Almaniyanın İqtisadiyyat və Energetika Komitəsinin sədri Klaus Ernst bildirib ki, əgər ABŞ "Şimal axını 2" qaz kəmərinə sanksiya tətbiq etsə, Almaniya hakimiyyəti əlavə tədbirlər görəcək. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Klaus Ernst bəyan edib ki, Vaşinqtonun Berlinin enerji siyasətinə müdaxiləsi yolverilməzdir: "Əgər sanksiyalar boru kəmərlərinin istismarına maneə yaratsa, buna qarşı tədbirlər barədə fikirləşmək lazımdır. Bu tədbir Amerikadan idxal edilən qaz üçün rüsumların artırılması ola bilər".
ABŞ yeni ilə qədər "Şimal axını 2" qaz kəmərində "Qazprom"la birgə fəaliyyət göstərən şirkətlərə sanksiya tətbiq edə bilər
Məlumat üçün nəzərinizə çatdıraq ki, Rusiyanın "Qazprom" şirkəti 2011-ci ildən etibarən Baltik dənizi ilə Almaniyaya çəkiləcək "Şimal axını-2" layihəsini reallaşdırmağa çalışır. Lakin bu, ABŞ və bir sıra Avropa dövlətlərinin ciddi narazılığına səbəb olub. Çünki sözügedən layihənin reallaşmasından sonra Avropa enerji cəhətdən tam şəkildə Rusiyadan asılı vəziyyətə düşəcək. Bu isə öz növbəsində, Kremlin Avropa Birliyinə ciddi təsir rıçağı əldə etməsiylə nəticələnəcək. Elə buna görə də ABŞ prezidenti Donald Tramp başda olmaqla bir sıra Qərb liderləri "Şimal axını-2" layihəsinin reallaşdırmasını ciddi təhlükə hesab edirlər. Onu da vurğulamaq lazımdır ki, "Wihtershall", "Uniper", "OMV", "Shell" və "Engie" beynəlxalq enerji şirkətləri "Şimal axını 2" layihəsinə investisiya yatırıb. Rusiyanın "Qazprom" şirkəti isə öz növbəsində, ümumilikdə 9,5 milyard dollara başa gələcək və 1220 kilometr uzunluğundakı "Şimal axını 2" qaz boru kəməri layihəsinin 2019-cu ilin sonunadək başa çatdırılacağını açıqlayıb.
Bu arada, ABŞ Senatının Xarici İşlər Komitəsinin rəhbəri Cim Riş bəyan edib ki, Konqres "Şimal axını 2" qaz kəmərinə qarşı sanksiyaları ölkənin 2020-ci il üçün müdafiə büdcəsinə daxil etməyi planlaşdırır. Almaniyanın "Bild" qəzetinin yazdığına görə, Riş bildirib ki, sanksiyalar qaz kəmərində işləyən tikinti şirkətlərini layihəni tərk etməyə məcbur edə bilər. Qeyd olunur ki, xüsusən Avropa şirkətlərinin ABŞ bazarına çıxışını məhdudlaşdıracaq tədbirlər İsveçrənin sualtı boruların və kabellərin çəkilişi ilə məşğul olan "Allseas" şirkətinə şamil edilə bilər. "Bild" nəşrinin iddiasına görə, "Qazprom"la birgə fəaliyyət göstərən bir neçə alman şirkəti də təhlükə altındadır. Nəşr əlavə edir ki, məhdudlayıcı tədbirlər yeni ilə kimi qüvvəyə minə bilər.
"Avropa hazırda enerji məsələlərinə görə, ABŞ və Rusiya arasında qalıb"
Mövzu ilə bağlı açıqlama verən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyev isə hesab edir ki, öncədən də belə bir prosesin baş verməsi gözlənilirdi. Onun fikrincə, "Şimal axını 2" qaz kəməri lahiyəsi Avropanı Rusiyadan tam asılı hala salmasa da, böyük ölçüdə asılılığı gücləndirəcək: "Hazırda Almaniya Avropada beynəlxalq münasibətlər sistemində aparıcı dövlət rolunu oynayır. Fransada mövcud hakimiyyətin yanlış xarici siyasəti və baş verən daxili siyasi böhran Almaniyanın fəallaşmasına səbəb olur. Almaniyanın hazırkı niyyəti ümumilikdə ABŞ-ı Avropanın enerji sistemindən sıxışdırıb çıxarmaqdır". "Atlas" Araşdırmalar Mərkəzinin ekspertinin sözlərinə görə, Almaniyanın Rusiya sanksiyaları qarşısında edəcəyi ən güclü hərəkət Avropa dövlətlərinin ABŞ sanksiyalarına qarşı birliyini yaratmaqdır: "Lakin bu da mövcud vəziyyətdə bir o qədər də real görünmür. Avropa hazırda enerji məsələlərinə görə, ABŞ və Rusiya arasında qalıb. Düzdür, bu gərginlik hər qışda olur, ancaq görünür, bu qış daha şiddətli miqyasda davam edəcək".
"Almaniya bu kəmərdən sonra həm öz enerji təhlükəsizliyini həll edəcək, həm də alınacaq qazı operator olaraq digər Avropa dövlətlərinə satmaq, paylamaq istəyir"
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) eksperti Kamran Sultanlı isə "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, "Şimal axını 2" qaz kəməri Ukraynanı tranzit cəhətdən oyundan kənar qoyan, onu 3 milyard dollar tranzit gəlirindən məhrum edən və "Qazprom"u Avropa enerji bazarında daha da dominat edə biləcək bir layihədir: "Bu layihə Qərb marşrutunun ən əsas layihələrindən biri hesab edilir. "Şimal axını 2" 255 mld. kubmetr qazın Avropaya nəql edilməsi deməkdir. Onu qeyd edim ki, hazırda 500 mld. kubmetrə yaxın Avropanın enerji istehlakının 200 mld. kubmetrə yaxınını məhz Rusiya verib. "Qazprom" ötən il Avropanın enerji bazarında 36 faizə yaxın paya malik olub. Bu baxımdan, "Şimal axını 2" qaz kəməri Avropanı Rusiyadan daha da enerji asılılığına salacaq. Odur ki, Moskva bu layihəni nə olursa-olsun bitirməyə çalışır. Bu layihədən sonra təxminən, 230-240 mld. kubmetr qaz Avropaya nəql ediləcək ki, bu da Rusiya üçün ciddi üstünlük demək olacaq".
Ekspert onu da bildirdi ki, Avropa Birliyinin enerji narrativində bir şirkət həm operator, həm də podratçı ola bilməz: "Hazırda "Qazprom" bu funksiyanı yerinə yetirir və Brüssel ilə Berlin arasında bununla bağlı müəyyən fikir ayrılıqları var. Almaniya hazırda bu kəmərin çəkilməsinə olduqca çox israr edir. Birincisi, Almaniya bu kəmərdən sonra həm öz enerji təhlükəsizliyini həll edəcək, həm də alınacaq qazı operator olaraq digər Avropa dövlətlərinə satmaq, paylamaq istəyir. Bu baxımdan, Berlin Brüsseldəki nüfuz və imkanlarından istifadə edib layihənin həyata keçməsinə çalışır. Lakin Tramp administrasiyası bununla bağlı Berlinə təzyiq edir. Hətta buna görə ötən il Angela Merkel Cənubi Qafqaza gəldi, daha sonra Almaniyada 500 mln. dollar dəyərində yeni qaz anbarlarının inşa ediləcəyini və ABŞ-dan qaz alacağını dedi. Bununla Merkel göstərməyə çalışır ki, Avropanın enerji bazarında alternativlərə açıqdır. Tramp isə istəyir ki, öz qazını Avropaya satsın, lakin hələlik ABŞ qazı olduqca bahadır. Bu baxımdan, ABŞ "Cənub Qaz Dəhlizi"nə açıq dəstək verir. Onu da qeyd edim ki, ABŞ Senatının komitəsi ötən il sanksiya məsələsi ilə bağlı qərarı qəbul edib Konqresə göndərmişdi. Orada Demokratlar Rusiyaya sanksiya üçün dişlərini qıcayıb. Məsələ ondadır ki, layihənin böyük qismi artıq bitib. Yəni burada Rusiya üçün lahiyəni bitirmək üçün zamanlama ABŞ-ın xeyrinə deyil. Əgər ABŞ sanksiya tətbiq etsə, Rusiya lahiyəni ozunun bitirəcəyini qeyd edib".
"Rusiyanın neft sektoruna sanksiya tətbiq etmək Avropaya ciddi təsir edə və Avropanı ciddi enerji qıtlığına məruz qoya bilər"
QAFSAM-ın eksperti bu qənaətdədir ki, əgər ABŞ sanksiya tətbiq edərsə, bu zaman Transatlantik əlaqələrdə ciddi gərginlik yaranacaq: "İndi Vaşinqton sıxılmış qazını Avropaya satmağa çalışır. Hətta bunun üçün Ukraynaya da öz qazını təklif edir. Vaşinqton neft hasilatını artıraraq neftin qiymətini endirməyə çalışır. Çünki Rusiyanın neft sektoruna sanksiya tətbiq etmək Avropaya ciddi təsir edə və Avropanı ciddi enerji qıtlığına məruz qoya bilər. Hələlik buna alternativ tapılmayıb. Bu baxımdan, Vaşinqton hazırda digər alternativ layihələrə dəstək verir. "Cənub Qaz Dəhlizi" bu baxımdan önəmlidir. Lakin bir neçə ildən sonra yeni texnologiyaların inkişafı ABŞ qazını endirə bilər. Hələlik Rusiya qazı daha ucuz və daha sərfəlidir. Amma "Şimal axını 2" layihəsi Ukrayna üçün təhdiddir. Almaniyanın özündə də layihəyə qarşı çıxanlar var. Kiyev-Brüssel-Berlin üçbucağında layihə ilə bağlı fikir ayrılıqları hələlik qalmaqdadır. Moskva isə nə olursa-olsun bu lahiyəni bitirib geosiyasi imkanlarını genişləndirməyə çalışır".
Şəffaflıq.az
Facebook-da paylaş