ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANA BİRİNCİ RƏHBƏRLİYİ DÖVRÜNDƏ QUBANIN SOSİAL-İQTİSADİ VƏ MƏDƏNİYYƏT SAHƏLƏRİNİN VƏZİYYƏTİ


ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANA  BİRİNCİ RƏHBƏRLİYİ  DÖVRÜNDƏ

QUBANIN SOSİAL-İQTİSADİ VƏ MƏDƏNİYYƏT SAHƏLƏRİNİN VƏZİYYƏTİ

(1969-1982-ci illər)

 XX əsrin 70-ci illərinə qədər Sovetlər İttifaqında Azərbaycanın iqtisadiyyatı, xüsusilə onun əsas qolu olan kənd təsərrüfatı geridə qalmış bir sahə idi. Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, kənd təsərrüfatında da əsaslı dönüş yarandı. Ulu Öndər yaranmış böhranlı vəziyyəti təhlil etmək və çıxış yolu tapmaq məqsədilə kənd təsərrüfatının bütün sahələrinin geridə qalma səbəbləri, həmçinin hər bölgənin potensial imkanları araşdırılmış, perspektiv inkişaf yolları, yeni, daha səmərəli texnologiya və elmi əsaslarla təşkil olunması müəyyənləşdirilmişdir.

Bu elə bir dövr idi ki, rəhbərdən xalqın itirilmiş ümidlərini qaytarmaq, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında kök salmış geriliyə son qoyaraq, yeni inkişaf yollarını axtarıb tapmaq tələb olunurdu. Tənəzzüldən yeganə çıxış yolunu bütövlükdə Azərbaycanın iqtisadiyyatını sağlamlaşdırmaqda görən Ulu Öndər mövcud vəziyyəti dərindən təhlil edib bununla bağlı konkret vəzifələr müəyyən etdi. Respublika iqtisadiyyatına rəhbərlik sahəsində buraxılan səhvlərin və qüsurların kökünü kəsmək, bütün səviyyələrdə intizamı möhkəmlətmək, tapşırılan iş üçün kadrların tələbkarlığını və məsuliyyətini artırmaq sahəsində qəti və ciddi tədbirlər görüldü. Respublikanın kənd təsərrüfatının daimi inkişafı haqqında düşünən Heydər Əliyev əldə edilən təcrübəni və yeni imkanları təhlil edərək, intensiv amillərin tətbiqinin genişləndirilməsi və məhsuldarlığın yüksəldilməsi hesabına kənd təsərrüfatının sürətli inkişafına nail olmaq vəzifəsini irəli sürdü və ittifaq rəhbərliyinə konkret təkliflər verdi. Göstərilən qərarların respublikada icrası nəticəsində kənd təsərrüfatının bütün sahələrində olan irəliləyişlər Azərbaycan kəndinin sosial-iqtisadi simasını kökündən dəyişdirdi.

Təbii ki, o dövr baş verən mütərəqqi proseslərdən kənd təsərrüfatının üstünlük təşkil etdiyi Quba rayonu da diqqətdən kənarda qalmadı. Rayonun kənd təsərrüfatında müxtəlif məhsullar yetişdirilməsinə baxmayaraq, əsas bağçılıq sahəsi olan almanın xüsusi yeri var idi. Qubada əsrlər boyu əhalinin şəxsi bağlarında alma becərilmiş və Azərbaycanın müxtəlif yerlərinə daşınaraq satılmışdır.

Hələ XX əsrin əvvəllərində Mərdəkanda yaradılmış Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu Kənd Təsərrüfatı Nazirliyinin qərarına əsasən bağçılığın inkişafının elmi əsaslarını işləyib hazırlamaq məqsədilə 1964-cü ildən Qubada fəaliyyətinə davam etmişdir.

Lakin almanın daha geniş becərilməsi və iqtisadiyyatın ayrıca bir sahəsinə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərə təsadüf edir. Həmin dövr Qubada bağçılığın inkişafı dövlət siyasətinin tərkib hissəsinə çevrilmiş və Ümummilli Liderin təşəbbüsü ilə 1974-cü ildə “Meyvəçiliyin intensivləşməsi və ixtisaslaşdırılması əsasında daha da inkişaf etdirilməsi tədbirləri haqqında” hökumət qərarının qəbul olunması Azərbaycanda bağçılıq təsərrüfatının inkişafında sözün əsl mənasında, yeni mərhələnin başlanğıcı oldu. 

Ümumi sahəsi 2620 kvadrat kilometr olan rayonun 163470 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi var. Rayon ərazisinin 52707 hektarını isə meşə sahələri təşkil edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1970-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə meyvəçiliyin inkişafı ilə əlaqədar qəbul etdiyi iki mühüm qərarın icrası nəticəsində Qubada 1975-1982-ci illərdə 10 min hektardan çox bağ salınıb. Məhz bu qayğının nəticəsidir ki, rayonda aqrar bölmənin aparıcı sahəsi olan meyvəçilik yüksək sürətlə inkişaf edib. Bu qərardan sonra respublika iqtisadiyyatının tənzimlənməsi və daha da inkişaf etdirilməsi üçün mühüm addımlar atıldı və bir neçə il ərzində təkcə Qubada 14 min hektarda intensiv tipli yeni bağlar salındı (palmet, spur alma növləri). Yerli alimlərin apardığı araşdırmalardan sonra əsasən Macarıstan və Moldovadan Azərbaycana əlavə olaraq məhsuldar alma sortları gətirildi. Ümummilli Lider keçmiş sovet respublikalarından mütəxəssisləri Qubaya dəvət etmişdi. SSRİ kimi nəhəng bir ölkə rəhbərliyinin 15 müttəfiq respublika arasında Azərbaycanın aqrar sənaye kompleksinin inkişafına dair mühüm qərarın qəbul edilməsi o dövr üçün çox böyük siyasi-iqtisadi hadisə idi.

Həmin dövrdə aparılmış statistik göstəricilərdə bu faktı bir daha sübut edir. 1979-1981 arayışlarına əsasən meyvəçiliyinin rentabelliyi 1976-ci ildə 66,7%, 1977-ci ildə 83,3%, 1978-ci ildə 103,1% olmuşdur. Meyvə istehsalı artırılaraq X beşillikdə nəzərdə tutulan 182.100 ton əvəzinə, beşilliyin dörd ilində 196.259 ton meyvə istehsal olunub dövlətə satılmışdır ki, bu da bütövlükdə VIII beşillikdən 100 min ton, IX beşillikdəkindən 63 ton çox idi. Rayonun təsərrüfatlarında mövcud bağlara aqrotexniki xidmətlərin yaxşılaşdırılması və həmin sahəyə diqqətin daha da gücləndirilməsi nəticəsində olmuşdur.

Meyvə istehsalının artırılmasında “Partiyanın XXII qurultayı” adına, “SSRİ-nin 50 illiyi” adına, “Şərq”, “Meyvə tingliyi” və “S.Vurğun” adına sovxozlarının zəhmətkeşlərinin böyük əməyi olmuşdur. Təbii ki, Ümummilli Lider sadə zəhmətkeş xalqın əməyini yüksək dəyərləndirmişdir. Təsərrüfatda işləyən yüksək əmək nümunələri və fəal ictimai  heyətinin 1970-ci il aprel ayı Quba rayonu üzrə 1500 nəfərdən çox zəhmətkeşi “Rəşadətli əməyə görə” medallarla təltif olunmuşdur. 1973-cü və 1976-cı illərdə Ümumittifaq sosialiazm yarışlarında  uğurlarına, həmçinin bir sıra kənd təsərrüfatı məhsullarının artırılması və dövlətə satışı üzrə öhdəliklərin yerinə yetirilməsində yüksək nailiyyətlər əldə edilməsinə görə, qubalı zəhmətkeşlərinin “Əmək veteranı” medalı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin növbəti fərmanı verilmişdir.

Bu göstəricilər sırasına həmin illərdə I Nügədi “Jdanov” adına sovxozda bağban vəzifəsində çalışan Tahir Cəbrayılovun, Vladimirovka “XXII partiya qurultayı” adına sovxozda çalışan bağban Abuzər Bayraqdarovun “Sosialist Əməyi Qəhrəmanı” ordeni ilə təltif olunmasını da qeyd etmək olar.Sonralar Ulu Öndər Moskvada yüksək dövlət vəzifəsində işlədiyi dövrdə Azərbaycana səfəri çərçivəsində Qubada da olmuş, respublikamıza rəhbərlik etdiyi dönəmdə salınan instensiv meyvə bağlarının vəziyyəti ilə yaxından maraqlanmışdır.

Müstəqillliyin bərpasından sonra Ulu Öndərin təşəbbüsü ilə ölkəmizdə aqrar islahatlara start veriləndə artıq Qubada 37 kolxoz, sovxoz və digər bu tip dövlət müəssisəsi mövcud idi. İslahat nəticəsində həmin müəssisələrə məxsus olan meyvə bağları vətəndaşların xüsusi mülkiyyətinə verildi. Müasir dovrdə sahibkarlar yığılan məhsulun bir hissəsini daxili bazarlara göndərir, bir hissəsini isə Azərbaycan brendi kimi Belorusiyaya, Qazaxıstana, Ukraynaya və s. ölkələrə ixrac edir.

Bəli, məhz Ulu Öndərin təşəbbüsü və göstərişləri əsasında təməli qoyulan intensiv bağçılıq müasir dövrdə dinamik inkişaf edir, meyvəçilikdə yeni texnologiyaların tətbiqi ildən-ilə genişlənir. 

Bağçılıq sahəsi ilə yanaşı, Ulu Öndərin hakimiyyətinin hələ ilk illərindən Quba rayonun digər sosial-iqtisadi sahələrinin inkişafı üçün əsaslı tədbirlər görülmüşdür. Bu baxımdan 16 iyun 1970-ci tarixli Quba rayon icraiyyə komitəsinin tədbirlər planını da diqqətə layiqdir. Adı çəkilən sənəddə Quba şəhərində Qızıl Əsgər (indiki Fətəli xan küçəsi) küçəsində bir neçə 5 mərtəbə yaşayış binalarının tikintisinə başlaması, şəhərdə “50 illik” adına (indiki Nizami parkı) parkda pilləkənlərin qoyulması, 650 nəfərlik Mədəniyyət sarayının tikintisini başa çatdırması, rayonun 8 kəndində yeni kitabxana açılması, Xınalığa elektrik xətti çəkilməsi, şəhəri və qəsəbəni su kəmərinin tikintisin başa çatdırması, küçələrini asfalt döşəməsi, işıqlandırılmasını artırması, çay daşqınlarından qorumaq üçün çayqırağı sahillərdə dambanın inşası, 40 yeni ticarət və iaşə obyektləri açılması, 140 nəfərlik uşaq bağçasını, 400 nəfərlik kinoteatr tikintisi və s. işlərin görülməsi planlaşdırılmışdır.

Məhz 1970-ci illərin sonu-80-ci illərin əvvəllərində Quba şəhərinin özündə Mədəniyyət sarayı (1967-76-cı illər), görkəmli rəssam Mikayıl Abdullayevin tərtibatçılığı ilə Baş meydanının abadlaşdırılması, Kooperativlər İttifaqının binası, üç mərtəbəli Mərkəzi Univermaq, 4 mərtəbəli Müəllimlərin Kooperativ binası, Rayon Mərkəzi Xəstəxananın ətrafındakı 5 mərtəbəli binalar, Qan köçürmə İnstitutu, Peşə məktəbi binasının inşa edilməsi başa çatdırılmışdır. 

1969-82-ci illərdə rayonun II Nügədi, Qusar yolunda (Şimi dərəsi) su anbarlarının qurulması, Qudyalçaydan gedən qolun Samur-Dəvəçi kanalına birləşdirilməsi (qidrouzel), Alekseyevkada böyük heyvandarlıq fermalarının salınması, iaişə, ticarət obyektləri, mağazalar, rayon kənd soveti binalarının tikintisi, 1000, 2000 tonluq meyvə qəbulu məntəqələrinin, soyuducuların, artezian quyularının qazılması, yaşayış evlərinin, klubların tikilməsi kimi işlər görülmüşdür. 

Ulu Öndərin qayğısı maarif və mədəniyyət sahəsindən də kənarda qalmamışdır. 1976-1977-ci illərdə Quba rayonunda 18 məktəbəqədər uşaq müəssisəsi var idi.  Qubanın kəndləri olan Alpan, Digah, I NügədiQam-Qam, Çiçi, Zərdabi, Qırmızı Qəsəbədə məktəb binaları inşa olunmuş, 140 ümumtəhsil məktəbində 32300, iki texniki peşə məktəbində 1074, bir orta ixtisas təhsil məktəbində 402 şagird oxuyurdu. Xalq teatrı, diyarşünaslıq muzeyi, rayonlararası xalq yaradıcılığı evi, 12 mədəniyyət evi, 104 kitabxana, 80 klub, 34 kinoqurğu fəaliyyət göstərirdi.

Bununla yanaşı, 1972-ci ildə “Şəfəq” qəzetinin birinci nömrəsinin çapdan çıxmasının 50 illiyi ilə əlaqədar redaksiya işçilərinin Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif olunması haqqında qərar verilmişdir. 

Ulu Öndərin zəhmətkeş xalqı hər zaman düşündüyünü onun gördüyü quruculuq işlərində,   adət-ənənəmizi yaşatmasında, təbliğ etməsində əks olunmuşdur. Onun hakimiyyətdə olduğu müddətdə Azərbaycanın müxtəlif bölgələrində olduğu kimi, Qubada da 1971-ci ildən 1982-ci ilədək “Məhsul”, “Əmək və dostluq” bayramları keçirilmişdir.

1969-1982-ci illərdə keçirilən islahatlar respublikanın mütərəqqi, sürətli inkişafını, əhalinin maddi rifah halının yaxşılaşmasını təmin etmiş, mədəni və mənəvi həyatını yüksəltmişdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi uğurlu siyasət onun görkəmli dövlət xadimi, uzaqgörən, müdrik, milli dəyərləri yüksək olan rəhbər olduğunu bir daha sübut etmişdi.

 

Mehriban Əliyeva

Quba «Soyqırımı Memorial Kompleksi»nin direktor müavini

 





Nazilə Məmmədova

Quba «Soyqırımı Memorial Kompleksi»nin aparıcı mütəxəssisi



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}