Barmaqlıqlar arxasında fərqli dünya: Məhbusların əl əməyi, göz nuru ilə yaratdıqları - REPORTAJ + FOTO


Həyatda səhv etmədən doğruları tapmaq çətindir. Çətin əldə edilən hər şey isə dəyərli olur. Azadlığın qədrini də, elə bu göy üzünə baxa bilməyin nə qədər dəyərli olduğunu da ondan məhrum qaldıqda başa düşürsən. Bu gün həyatının səhvini edərək azadlıqdan məhrum edilənlərdən, onların məhkumluq həyatlarının necə davam etdiyindən danışacağıq.

10 il bundan qabaq cəzaçəkmə müəssisələrindəki vəziyyət, məhkumlar üçün yaradılan şərait bugünkü kimi deyildi. Söhbət 5 il, 10 il məhkum həyatı yaşayan insanın azadlığa çıxdığı zaman həyatına haradan, necə, davam edəcəyini bilməməsindən gedir. Bu, təbii ki, ürəkaçan vəziyyət deyil.

Amma bu gün cəzaçəkmə müəssisələrində məhbusların istehsalat sahələrinə cəlb edilməsi prosesini görə bilirik. Bu, onların azadlığa çıxdıqdan sonra həyatlarına qaldıqları yerdən davam etmələrin kömək edir. Cəzaçəkmə müəssisəsində zəhməti ilə çalışaraq, qazandığı pulu ailəsinə, uşağına göndərən məhkumlar da az deyil…

Bəzən müxtəlif mağazalarda, sosial şəbəkə üzərindən satışa çıxarılan cürbəcür suvenirlər, nərdlər, təsbehlər, şirniyyatlar, bəzək əşyalarının məhz cəzaçəkmə müəssisəsində məhbuslar tərəfindən hazırlandığını bilirdinizmi?

Elə isə bu yazıda sizi təəccübləndirəcək məqamlar çox olacaq...

Oxu.Az-ın əməkdaşlarının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 və 15 saylı cəzaçəkmə müəssisələrindən hazırladığı istehsalat sahələrindən, məhkumların əməyə cəlb olunma prosesini əks etdirən maraqlı reportajı təqdim edirik:

Hər kəsdən tez-tez eşitdiyim bir söz var idi, “bu nərd həbsxanada düzəldilib”, “bu təsbeh həbsxanadan xüsusilə mənim üçün göndərilib”. Necə deyərlər, hamısı əl əməyi, göz nurudur. Fotolarda gördüyünüz bütün məhsullar cəzaçəkmə müəssisəsində məhkumlar tərəfindən hazırlanır.

Biz yalnız iki cəzaçəkmə müəssisəsində çəkiliş aparsaq da, digər müəssisələrin əksəriyyətində də bu cür istehsalat sahələri fəaliyyət göstərir. 

Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamına əsasən, azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması məqsədilə cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpa edilməsi və yeni sahələrin yaradılması imkanlarının araşdırılması, bu fəaliyyətdə sahibkarların iştirakının stimullaşdırılması məqsədi ilə tədbirlər görülüb.

İlk olaraq yolumuzu Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsindən saldıq. Burada qapı-pəncərə, taxta, kağız, tikiş və suvenir sexləri fəaliyyət göstərir. Mağazadan aldığımız bəzi dəftər, rəsm albomları məhz cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən sexdə sifariş əsasında hazırlanır.

Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən kağız sexi 2019-cu ildən təmir edilib. 2020-ci ildə pandemiya dövründə kağız çatışmazlığı yaşanıb və bu səbəbdən işlər dayanıb. 2022-ci ildən bu günə qədər fəaliyyət göstərən kağız sexində 1 günə 6-7 ton kağız istehsal edilir.

Kağız sexini xidməti müqavilə ilə işlədən sahibkar deyir ki, istehsalatda istifadə edilən xammallar Rusiya, Ukrayna, Belarusdan əldə edilir:

“Kağızın 81 növü var və hər biri müxtəlifdir. Biz həmin 81 növün 36-dan istifadə edirik. Sexdə 18 dəzgah var. 20-dən çox məhkum burada işlərə cəlb edilib. Onlar əmək qanunvericiliyi çərçivəsində istehsalata cəlb ediliblər və nahar fasiləsi, istirahət saatları da standartdır. Gördükləri işin müqabilində məhkumlara minimum əməkhaqqı qədər maaş ödənilir. İş qrafikləri isə səhər saat 09:00-dan axşam saat 18:00-a qədər davam edir. Öz brendimizə uyğun fərqli dəftərlər istehsal etməyə üstünlük veririk. Xüsusilə də plastik üzlüklə dəftərlər istehsal edirik, hansı ki, əzilsə də əvvəlki formasını bərpa edir”.

Növbəti istehsalat sahəsi isə taxta emalı sexidir. Burada isə döşəmə üçün, divar, tavan üçün taxta və taxta örtüklər, plastik qapı və pəncərə istehsal edilir. Məhbuslar eyni qaydada bu sexdə də işə səhər saat 09:00-da başlayır, axşam saat 18:00-da yekunlaşdırırlar.

Plastik qapı-pəncərə sexində 4 ildir çalışan məhbus deyir ki, məhsulları sifarişlə hazırlayırlar:

“Sexdə altı nəfər işləyirik və gün ərzində təxmini 40-50 kvadratmetrlik plastik qapı-pəncərə yığırıq. Həftənin altı günü işləyirik, bazar günü isə istirahət günümüzdür. Bayramlarda da işləmirik. Materialları sifarişçi özü verir, onlarla da yığılır. Sexdə 8 növ dəzgahımız var və onlara uyğun işlər görürük. Sifarişdən əldə edilən ümumi gəlirin 20-30 faizi işləyən məhbuslara verilir”.

Taxta emalı sexində hazırlanan taxtalardan isə məişətdə, eləcə də iaşə obyektlərində istifadə edilən servis qabları hazırlanır.

İki ildir bu sexdə çalışan məhbus deyir ki, burada taxtadan pizza qabları, mücrü, çərçivə, nərd, şahmat hazırlayırlar:

“Növündən asılı olmayaraq ay ərzində iaşə obyektlərində istifadə edilən dörd min qab hazırlanır. Eləcə də, ay ərzində 30-50 ədəd nərd taxtası hazırlayırıq. Hamısı əl işi olduğu üçün təkrarsızdır. Sexdə 15 nəfər dülgərlik qabiliyyəti olan məhkum çalışır. Qazancımız isə satılan məhsulların ümumi gəlirinin 20-30 faizi olur”.

Məhkumlarla söhbətləşərkən belə hazırlanan maraqlı, kreativ təsbehlər, stolüstü oyunlar arasında, xüsusilə şahmat, nərd taxtası diqqət çəkir. O qədər maraqlı, yaradıcı yanaşılıb ki... Doğurdan da əl işləri çox fərqli olur. Hətta sahibkarlar xidməti müqavilə əsasında cəzaçəkmə müəssisəsində olan sexdə çalışan məhbuslara sifarişlər verirlər.

Təəccüblü olsa da, restoranlarda ləziz yeməklərin servis edildiyi həmin o kreativ taxta qabların da böyük əksəriyyəti həbsxanada hazırlanır. Burada çəkilişimizi bitirib yola düşürük Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinə.

Ölkədə qadınlar üçün nəzərdə tutulan tək cəzaçəkmə müəssisəsi buradır. Xanımların məhbus həyatı yaşaması da insana bir başqa təəssüf hissi verir...

Penitensiar Xidmətin əməkdaşlarının müşayiəti ilə müəssisəyə daxil oluruq. Hava bir qədər sərin olduğundan müəssisənin həyətində tək-tük məhbus gözə dəyir. Yubanmadan müəssisə daxilindəki sexlərə üz tuturuq.

Burada tikiş sexi var. Orada mələfə, yastıq üzü və əl-üz dəsmalı, idman geyimləri, iaşə obyektlərində çalışanlar üçün standart geyimlər, həkim xalatları və s. hazırlanır. Bu müəssisədə müxtəlif rəng və materiallardan hazırlanan corablar da görmək olar. Məhsulların tikilişinə, səliqəsinə baxdıqca insan həmin şəxslərin məhkum olmasına təəssüflənir...

Qadınların məhkum həyatı yaşadığı 4 saylı cəzaçəkmə müəssisəsində şirniyyat sexi də fəaliyyət göstərir. Burada bişən şirniyyatların qoxusu ətrafa elə yayılmışdı ki, dadına baxmamaq günah olardı. İsti-isti sobadan çıxan şirniyyatlardan yeyə-yeyə məhkumlarla söhbət etməyə başladıq. Üç ildir çalışan məhkum deyir ki, iş hər gün səhər saat 08:30-da başlayır:

“Mənimlə bərabər əl qabiliyyəti olan, şirniyyat bişirə bilən digər məhbuslar da burada işləyirlər. Sexdə ümumilikdə 18 növ şirniyyat hazırlayırıq. Sifariş əsasında qat-qat kətə, şəkərbura, şəkərçörəyi, mütəkkə, cemli, xurmalı və digər bir çox şirniyyatlar bişiririk. Gün ərzində 350-700 şirniyyat hazırlanır. Xammalı sifariş verən şirkət özü gətirir, həmin məhsullarla da şirniyyatlar bişirilir”.

Bir başqa fəaliyyət sahəsi də fərdi əl işləri ilə bağlıdır. Səkkiz ildir bu sexdə çalışan məhkum deyir ki, burada aksesuarlar, oyuncaqlar, suvenirlər, xonçalar, səbətlər düzəldirlər:

“Hazırda 22 xanım işləyir. Əl işi kimi hazırlayırıq, müəssisəyə gələnlər bəyənirsə, alırlar. Sifariş götürdüyümüz də olur. Elə olanda da təhvil vaxtını deyirik, elə işləyirik. Elə toxunmalar var ki, 1-2 gün, eləsi də olur 1 ay çəkir. Hər sifarişin öz qiyməti var. Əl işi olduğu üçün qiyməti də zəhmətinə görə dəyişir”.

Tikiş sexində 5 ildir çalışan məhkum deyir ki, qış geyimləri, gödəkçələr, jiletlər tikilir:

“Çarpayı dəstələrindən tutmuş bir çox məhsullar hazırlanır. 30 dərzi çalışır, gün ərzində 50-60 yastıq hazırlaya bilirik. Bir neçə qrupa bölünürük. Gün ərzində 200 ədəd köynək, 120 gödəkçə istehsal edirik.

Eləcə də corablar da istehsal edilir. Həm qadın, həm kişilər üçün corablar hazırlanır. Bir paketdə 12 cüt corab olur. Gün ərzində isə 50-60 paket təhvil veririk”.

Xalça sexində isə əsasən, Quba-Qusar çeşnilərindən istifadə edilərək toxunan xalçalar isə bir başqa gözəldir. Ölçüsündən asılı olaraq müxtəlif formada suvenir, divar xalçası və s toxunur.

Səkkiz ildir məhkumluq həyatı yaşayan şəxs həbs olunduğu gündən bu sexdə çalışır. Özünün xalçaçı olduğunu deyən məhkum burada öz bildiklərini digər şəxslərə də öyrədir:

“Xalça sexində 8 işçi var. Bu illər ərzində 2-3 metrlik 40-50 iri xalça, 60-70 ədəd isə kiçikölçülü suvenir xalçaları toxumuşam. Əsasən Ədliyyə Nazirliyi üçün toxuyuruq, amma sifarişlər olanda da çalışırıq. Kiçik masaüstü suvenir tipli xalçaları 10 günə, digərlərini 2-3 aya toxuyuruq”.

Bu müəssisələrdə yaradılan şərait məhbusların azadlığa çıxdıqdan sonra cəmiyyətə adaptasiyası üçün çox önəmlidir. Belə ki, istehsalat sahəsinə cəlb edilmələri onları bildikləri peşələri unutmamağa, bilmədikləri sahələri isə öyrənməyə kömək edir.

Bu həyatda heç kim heç nədən sığortalanmayıb. Amma istər azadlıqda, istərsə də məhbus həyatında zaman dəyərlidir... Dəyərli olanı da səmərəli istifadə etmək önəmlidir...

Daha çox foto burada: PhotoStock.Az

Könül Cəfərli

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}