İnsanın başqalarının eybini tutması dinimiz tərəfindən bəyənilmir. Ancaq əmr-be-məruf və nəhy-əz-munkər edən zaman onun şərtlərinə uyğun olaraq, eyib tuta bilər.Həmçinin insanın başqalarının onun eybini tutmasına görə, həmin insanın eybini aşkar etməsi bəyənilmir. Belə ki, Peyğəmbər (s) buyurur: “Əgər qardaşın sənin eybini tutsa və səndə görən şeyə görə səni tənqid etsə, sən onda gördüyün şeyə görə onu məzəmmət etmə. Bu halda (yəni. əgər məzəmmət etməsən) sən günahsız və o, günahkar olar”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə səhra ərəbinə buyurur: “Əməlinin vəbalı – onun, savabı isə sənin üçündür”.
İmam Baqir (ə) buyurur: “Hər kim başqalarının abır və namusunu aradan aparmaq dalınca olmazsa, Allah Təala da Qiyamət günü onu əfv edər. Hər kim qəzəbini başqalarından saxlayarsa, Allah Təala da Qiyamət günü qəzəbini ondan saxlayar”.
Əmirəl-möminin (ə) buyurur: “Əgər insanları islah etmək istəyirsənsə, özündən başla. Çünki özün fasid olan halda başqalarını islah etməyin – ən böyük eyibdir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Xoş olsun o kəsin halına ki, öz eyibləri onu, mömin qardaşlarının eybini tutmaqdan saxlayar”.
İmam Sadiq (ə) buyurur: “Nə zaman görsəniz ki, bəndə başqalarının günahını axtarır və öz günahını unudur, bilin ki, Allahın məkrinə düçar olmuşdur”.
Əmirəl-möminin (ə) buyurur: “Ən pis insan o kəsdir ki, insanların eybi ardınca olar və öz eyiblərinə qarşı kor olar”. (Həvzəh)
Allah Təala bizləri belə aqibətdən qorusun.
/Deyerler.org/
Facebook-da paylaş