Teatrlarda rejissor çatışmazlığı var - FOTO
10 Mart - Milli Teatr Günüdür. Bu gün Azərbaycan teatrı yaranmasının 150-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. Xatırladaq ki, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. 2013-cü ildən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur. Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Məlik teatrda yeni tamaşalar və yeni simalar görmək istədiyini söyləyib: “Öncə bu gün münasibətilə hər kəsi təbrik edirəm. Teatrda yeni tamaşalar, yeni simalar görmək istəyirəm. Gənclərə yol açılmalı, rejissorluq, dramaturgiya sənəti inkişaf edilməlidir. Aktyorlar öz üzərilərində işləməlidirlər. Mənim arzum budur. Bayramlarını bir daha təbrik edirəm”. Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Valeh Kərimov həmkarlarına sadəcə uğurlar arzuladığını bildirib: “Teatr adamlarının hamısını təbrik edirəm. Yeni uğurlar arzu edirəm. Çoxlu uğur qazanmağı arzulayıram. Canları sağ olsun. Bu qədər”. Xalq artisti Əli Nur teatrı ruhun sənəti hesab etdiyini qeyd edib: “Bütün dünya teatr xadimlərini təbrik edirəm. Azərbaycan teatrı Şərqdə ən qədim teatrdır. Təxminən 150 illiyini qeyd edirik. Lakin 165 illiyinin olduğunu hesab edirəm. Teatr həmişə bütün millətləri aydınlığa, işığa aparan olub. İdeoloji tribunadır. Xeyirlə şərin mübarizəsidir. Küt kütləni millət edən sənət əsəri, məbəddir”. Ə.Nur qeyd edib ki, teatr elə bir məktəbdir ki, onu heç kəs əvəz edə bilmir: “Canlı ideologiyadır. Qədim tarixi var. Teatr bal verən arı şanıdır. Tamaşaçı səhnəyə baxdıqca zövq alır. Ruh sənətidir”. Aktyor teatrda rejissor çatışmazlığından gileylənib: “Teatrın bir çatışmayan cəhəti rejissorluq sənətidir. Çünki müasir teatr və kino sənətində hər şeyi həll edən rejissor sənətidir. Mövzunu, musiqini, aktyoru, səhnə tərtibatını rejissor seçir. Rejissor yoxdursa, teatr yoxdur. Teatrda çox rejissor olmalıdır. Rəqabət olmalıdır ki, inkişaf olsun. Bir monorejissorla teatr inkişaf edə bilməz. O, gec-tez ölümə məhkumdur. Teatrda əsas qüvvə aktyordur. Zəif aktyorla teatr hazırlayan rejissor sanki silahsız döyüşə gedir. Çünki ideyanı onlar tapır. Hər şey onlardan asılıdır. Zəif qalması da rejissorlara görədir. Teatr zəif ola bilər. Lakin heç vaxt ölə bilməz. Cəmiyyətin zövqünü tutmaya da bilər. Güclü teatr məktəbi olmalıdır”. İrəvan Teatrının keçmiş aktyoru Əjdər Zeynalov əlavə edib ki, teatrlara yaradıcı insanlar toplanmalıdır: “Arzum budur ki, aktyorlara xarici ölkələrdəki kimi qiymət verilsin. Aktyorlar bir qədər əlçatmaz olmalıdırlar. Teatr rejissor və aktyor vəhdətindən yaranır. Rejissor teatrı olmalıdır. Teatra yaradıcı insanlar yığılmalıdır”. Ə.Zeynalov əlavə edib ki, teatrı inkişaf etdirib, dünya arenasına çıxarmaq lazımdır: “Teatrlarımız geriləyir. Bununla yanaşı teatrda cavan kadrlara ehtiyac var. Teatr rejissora həvalə edilməlidir. Teatrda direktora gərək yoxdur. Lazımsız intriqalar yaradırlar.. Özbaşınalıq var. Dünya arenasına çıxmaq lazımdır. Yalançı diplomlara ehtiyac yoxdur”. Nəzrin Vahid Şəffaflıq.az
Facebook-da paylaş