Azay Quliyev: ““Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil”

 ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti Azay Quliyev qurumun Mərakeşdə keçirilən payız sessiyasında daimi Komitənin iclasında çıxış edib.

AZƏRTAC xəbər verir ki, Azay Quliyev çıxışında regionu narahat edən əsas məsələlərdən olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində substantiv irəliləyişin olmamasını və problemin digər aspektlərini iştirakçıların diqqətinə çatdırıb. Bu aspektlər Ermənistanın Baş naziri Nikol Paşinyanın təxribatçı və əsassız çıxışları ilə ölkəsinin yürütdüyü işğalçı və anneksiya siyasətinin iç üzünü açıb göstərməsi; erməni tərəfinin istifadə etdiyi “Dağlıq Qarabağ xalqı” anlayışının hüquqi və məntiqi cəhətdən reallığa aidiyyətinin olmaması; azərbaycanlı mülki şəxslərin erməni təxribatları nəticəsində qətlə yetirilməsinə ATƏT PA-nın insan hüquqları, demokratiya və humanitar məsələlər sahəsində ixtisaslaşmış 3-cü Ümumi Komitəsinin mövqe bildirməsinin əhəmiyyəti; ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təyin edilməsi prosesini sürətləndirilməsinin vacibliyi; Azərbaycanın əsir və girovların “hamının-hamıya” prinsipi əsasında mübadilənin həyata keçirilməsinə dair təşəbbüsünə Ermənistanın göz yummasıdır.

Azay Quliyev ATƏT Parlament Assambleyasının ilk dəfə olaraq ATƏT-ə üzv olmayan ölkədə keçirilməsini təşkilatın qonşu regionlarla birgə fəaliyyətə və bütün tərəfdaşları ilə qarşılıqlı dialoqun və əməkdaşlığın möhkəmlənməsinə verdiyi əhəmiyyətin bariz nümunəsi adlandırıb.
“Hazırda Moldovada Dnestryanı münaqişəsinin həlli istiqamətində, həmçinin Rusiya Federasiyası ilə Ukrayna arasındakı münasibətlərdə atılan bəzi ümidverici addımların, həm Rusiya, həm də Ukrayna tərəfdən çoxsaylı əsirlərin dəyişdirilməsinin şahidi oluruq. Ancaq təəssüf ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsbət tendensiyaların olduğunu deyə bilmərik. Vəziyyət əksinə gündən-günə pisləşir və Ermənistan rəhbərliyinin heç bir qanuni və ya məntiqi əsası olmayan təxribatçı açıqlamaları səbəbindən danışıqlar prosesində durğunluğun şahidi olduğumuzu deyə bilərəm. Bir neçə həftə əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərkən münaqişənin həlli yolundan danışdı və Dağlıq Qarabağın Ermənistanın bir hissəsi olduğunu bildirdi. Bu nə deməkdir? Bu suala kifayət qədər əsaslı cavab vermək lazımdır: Birincisi, Dağlıq Qarabağın Ermənistan tərəfindən anneksiya edilməsi faktı onsuz da hər kəsə məlum olsa da, Paşinyanın açıqlaması bunu bir daha sübut etdi və bununla da Ermənistan öz anneksiya və işğalçılıq siyasətini rəsmən etiraf etmiş oldu. Bu mənə Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrında qəbul etdiyi və uzun müddət keçməmiş qanunsuz olduğuna görə rədd edilən “Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” qərarını xatırlatdı. Bütün bu faktlar bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın iddia etdiyi kimi nə insan hüquqları, nə də xalqların öz müqəddəratını təyin etməsi hüququ ilə bağlı məsələ deyil – bu, haqqında artıq üç onillikdən çoxdur ki, danışdığımız açıq-aşkar anneksiya və Azərbaycan ərazilərinin işğalıdır. İkincisi, bu bəyanat ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində göstərdikləri səylərini tamamilə heçə endirir. Belə bir halda növbəti sual yaranır: əgər Ermənistan Dağlıq Qarabağı özünün bir hissəsi qismində nəzərdən keçirirsə, danışıqlara ehtiyac qalırmı? Ermənistan münaqişəni sülh yolu ilə həll etmək istəmirsə, sülh üçün alternativ nədir? Hesab edirəm ki, cavab hər kəsə aydındır”, - deyə ATƏT PA-nın vitse-prezidenti bildirib.
ATƏT PA-nın Demokratiya, İnsan hüquqları və Humanitar məsələlər üzrə Ümumi Komitəsinin bürosunu bütün beynəlxalq konvensiyalarla qəti qadağan edilmiş bu qeyri-insani cinayətə dərhal reaksiya verməyə və onu qınamağa çağıran Azay Quliyev iki gün əvvəl Azərbaycan-Ermənistan sərhədində yerləşən Qazax bölgəsində Ermənistanın törətdiyi növbəti təxribatı haqqında da danışıb. Atəş nəticəsində orada yol salınması ilə məşğul olan ekskavatoru idarə etdiyi zaman mülki vətəndaş Səfərəli Abışov həlak olduğunu qeyd edən A.Quliyev deyib: “Mən Ermənistan rəhbərliyini günahsız azərbaycanlı mülki şəxslərə qarşı edilən bu vəhşi hücumu izah etməyə və eyni zamanda ATƏT PA-nın Demokratiya, İnsan hüquqları və Humanitar məsələlər üzrə Ümumi Komitəsinin bürosunu bütün beynəlxalq konvensiyalarla qəti qadağan edilmiş bu qeyri-insani cinayətə dərhal reaksiya verməyə və onu qınamağa çağırıram. Bundan başqa, Ermənistanın Baş naziri hər dəfə danışıqların nəticəsinin Ermənistan xalqı, Azərbaycan xalqı və Dağlıq Qarabağ xalqı üçün qəbuledilən olmağına dair ehtiyacın mövcudluğunu bildirir. Biz “Ermənistan xalqı” və “Azərbaycan xalqı” anlayışlarını başa düşürük. Amma mən “Dağlıq Qarabağ xalqı”nın kim olduğunu bilmək istərdim. Bu cür təbliğatla məşğul olan erməni siyasətçiləri başa düşməlidirlər ki, “Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil. Erməni və azərbaycanlı icmalarından ibarət olan Dağlıq Qarabağ regionunun əhalisi var. Digər məsələ isə ondan ibarətdir ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində doğma yurdlarını tərk etməyə məcbur edilmişlər.

Buna görə də razılaşa bilərəm ki, münaqişənin həlli yalnız ermənilər üçün deyil, həm də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icması üçün məqbul olmalıdır”.
ATƏT PA-nın vitse-prezidenti deyib ki, Ermənistan rəhbərliyinin bu cür davranışı və hərəkətləri gözlənilməz nəticələrə səbəb ola bilər: “Buna görə də Ermənistana tövsiyə edirəm ki, bölgədəki onsuz da həssas olan vəziyyəti qəlizləşdirməsin və danışıqlar prosesini pozmasın. ATƏT PA-nın Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsinin təyin edilməsi prosesini sürətləndirməyə çağırıram”.
Azay Quliyev ATƏT PA-nın prezidenti Georgi Tseretelini danışıqlar prosesindəki mövcud durğunluğu adekvat şəkildə aradan qaldırmaq və Assambleyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolunu artırmaq məqsədilə ATƏT PA-nın Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsinin təyin edilməsi prosesini sürətləndirməyə çağırıb. O bildirib ki, biz də ATƏT-in Minsk Qrupu həmsədrlərinə Ermənistanı ən qısa zamanda danışıqlar masasına qaytarmağa və böyük təhlükə mənbəyi olan status-kvonu dəyişdirmək üçün substantiv danışıqlar prosesini başlamağa kömək etməliyik. Bundan əlavə, ATƏT PA və onun bütöv ATƏT regionunda insan hüquqlarının icra olunmasına nəzarət edən Demokratiya, İnsan hüquqları və Humanitar məsələlər üzrə Ümumi Komitəsi Rusiya və Ukraynanın bu yaxınlıqda həyata keçirdiyi kimi, əsirlərin dəyişdirilməsi məsələsini diqqət mərkəzinə gətirməlidir. Ermənistan yenə də beynəlxalq təcrübəyə göz yumaraq Dilqəm Əsgərov və Şahbaz Quliyevi geri qaytarmaqdan imtina edir.
ATƏT PA-nın vitse-prezidenti vurğulayıb ki, Azərbaycan "hamının-hamıya" prinsipi əsasında əsir və girovların mübadiləsinə dair təşəbbüslə çıxış edib. Beş ildən çoxdur ki, sadəcə olaraq valideynlərinin məzarını ziyarət etmək istəmiş iki azərbaycanlı mülki şəxs – Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal olunmuş ərazilərində girov qismində saxlanılır. “Onların ailə üzvləri mənimlə bir neçə dəfə görüşüb və bu mülki şəxslərin erməni girovluğundan azad olunmasına yardım etmək üçün ATƏT PA-nı dərhal müvafiq addımlar atmağa çağırmağımı xahiş ediblər”, – deyə A.Quliyev diqqətə çatdırıb.
Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}