"Siqaretin insan orqanizminə zərəri o qədər çoxdur ki, saymaqla bitməz"


 

Avropa Birliyinin Statistika ofisi 2019-cu ildə siqaret çəkilməsi ilə bağlı araşdırmaların nəticəsini açıqlayıb. Açıqlamaya görə siyahıda ən çox siqaret çəkən ölkələr Türkiyə və Bolqarıstan olub. Ən az siqaret çəkilən ölkələrin ilk 3-lüyündə Skandinav ölkələri yer alıb. Məlumata görə, Avropa ölkələri arasında ən çox siqaret çəkilən ölkə 29 faiz Bolqarıstan, 27 faiz isə Türkiyə yer alıb. Ən az siqaret çəkilən ölkələr isə İsveç, Finlandiya və Norveçdir.


Siqaret insan sağlamlığı üçün təhlükəli olsa da, çox insan bunu bilə-bilə siqaret çəkir. Siqaret orqanizmə zərər verir və uzun müddət qəbul edildiyi təqdirdə sağalmayan, ağır xəstəliklərə də səbəb olur.

Həkim terapevt Məlahət Abbasova mətbuata açıqlamasında bildirib ki, siqaret haqqında uzun illər danışılıb, amma insanlar ondan heç bir zaman imtina etmək istəməyiblər: “Siz siqaret çəkən zaman onun tüstüsü siqaret çəkməyənlərə də zərər verir. Uzun müddət siqaret çəkən zaman dərinin rəngi qaralır və insan daha yaşlı görünür. Dişlərə də zərəri var siqaretin. Belə ki, siqaret dişlərin rəngini dəyişdirir, müxtəlif diş xəstəliklərinə səbəb olur və ağızda pis qoxu yaradır. Zaman keçdikcə ağız və udlaqda dad alma çatışmazlığı yaranır və xərçəng riski artır. Qırtlaq və nəfəs borusunda iltihablanma ilə yanaşı səs tellərinə də zərər verir. Ürək damarlarında tıxanma, təzyiqin yüksəlməsi və s. kimi problemlər müşahidə olunur”.

Həkim bildirir ki, siqaret eyni zamanda alzheimer, beyin iflicinə də səbəb olur. Belə ki, siqaret çəkənlərin hər nəfəsdə 50 min hüceyrəsi məhv olur. Gözlərdə katarakt yaranır, burunda qoxu almaq duyğusu azalır. Ağciyərlərdə xərçəng, bronxit və amfizem kimi problemlər ortaya çıxır.

“Siqaretin insan orqanizminə zərəri o qədər çoxdur ki, saymaqla bitməz. Yorğunluq, yuxusuzluq, ruhi gərginlik, stres, performansın azalması, reflekslərin azalması siqaretin zərərlərindəndir. Hamiləlik dövründə siqaret çəkən qadınların körpələri dünyaya 20 faiz ehtimalla əqli qüsurlu gəlir” - deyə həkim bildirib.

Siqaret ağız, burun, boğaz, qırtlaq, ağciyər və digər orqanların xərçənginə zəmin yaradır. Siqaretin tərkibində xərçəngə yol açan zəhərli maddələr, qoxu verən maddələr, həzz vericilər və s. maddələr var.

Həkimin sözlərinə görə, siqaret güclü asılılıq yaradır. Belə ki, nikotinin yaratdığı asılılıq eronin asılılığına bənzəyir. Ümumiyyətlə, siqaret çəkən şəxslərdə dərmanlara qarşı da müqavimət yaranır. Hər hansı xəstəliklər zamanı dərmanlar daha az təsir edir.

“Gündə 25 dənə siqaret çəkirsinizsə, xərçəngə yoluxma ehtimalı 30 qat çox olur. Ölkəmizdə siqaretin səbəb olduğu xəstəliklərdən hər il yüzlərlə insan dünyasını dəyişir.  Siqaret həyat standartlarına mənfi təsir edir. Buna görədə əgər çəkirsinizsə, bu vərdişinizdən tez bir zamanda qurtulmağa çalışın. Siqaretin zərərli olduğu onun qutusunun üzərində də yazılıb ki, hər dəfə götürüb çəkmək istəyəndə o yazı gözə çarpsın. Amma bu insanların heç diqqətini də çəkmir. Sağlam həyat üçün siqaretdən uzaq olmaq lazımdır”,- deyə həkim bildirib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}