Azərbaycan keçən ilin 10 noyabrında qazandığı tarixi Zəfəri dünən Soçi Bəyanatı ilə diplomatik sahədə də sübuta yetirdi.

 Azərbaycan keçən ilin 10 noyabrında qazandığı tarixi Zəfəri dünən Soçi Bəyanatı ilə diplomatik sahədə də sübuta yetirdi.
26 noyabrda Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə Soçidə ikitərəfli və üçtərəfli görüşlər baş tutub. Əslində üçtərəfli görüş daha əvvəl düşünülsə də Ermənistanın baş nazirinin sonradan bu görüşdən imtina etdiyi və yaxud çəkindiyi aydın olub. Çünki keçən il 10 noyabrda imzalanan kapitulyasiya aktı Ermənistan və sənədə imza atan Paşinyan üçün siyasi arenada biabırçı məğlubiyyətin tarixi sənəd halında təsdiqi idi. Həm də dünya siyasi meydanında məğlub bir şəxs kimi tanınmaq Paşinyana psixoloji təsir də etməsi güman olunur. Bundan əlavə Ermənistanda səngiməyən mitinqlər, həmçinin xarici ölkələrin təzyiqləri və Rusiyanın diktəsi Paşinyanı bir neçə yol qarşılığında qoydu. Hətta Ermənistanda Rusiyaya qarşı soyuq fikirlər səsləndirilməsi, Paşiyanın Avropaya üz tutduğunu deməyə də əsas verir. Təbii ki, bu cür münasibət Rusiyanın Ermənistanı cəzalandırması ilə nəticələndi. Biz bunu 16 noyabrda Ermənistan ordusunun 44 günlük müharibədəki məğlubiyyətdən dərs çıxarmayıb hansısa güclərə güvənib təxribat törətdiyi zaman gördük. Amma Ermənistan hakimiyyəti bir daha anladı ki, nə Rusiya nə də arxalandığı digər güclər Azərbaycanın regionda yaratdığı mövcud reallığı dəyişə bilməz. Buna görə də Ermənistan ordusunun itirilmiş ərazilərin yenidən əldə etmək üçün başlatdığı hücum əməliyyatı yenə də məğlubiyyətlə sonlandı. Hətta canlı qüvvə və texnika cəhətdən itki verməsi ilə bərabər, 20-dən çox erməni də hərbiçilərimiz tərəfindən əsir alındı. Azərbaycan və Ermənistan sərhədində baş verən silahlı insidentlərdən sonra Avropa İttifaqı Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə dekabrın 15-də iki ölkə liderinin görüşünü təşkil etdi. Görüşün birbaşa Aİ-nın vasitəçiliyi ilə baş tutması regionun əsas ölkəsi olan Rusiyanın maraqlarına zidd proses idi. Çünki bu zaman regionda əsas söz sahibi olan Rusiyanın nüfuzu zəifləyərdi. Bundan əlavə Rusiya tərəfindən təşkil olunmuş amma Ermənistanın məsuliyyətsizliyi nəticəsində baş tutmayan görüşü Aİ-nın vasitəçilyi ilə keçirliməsi rəsmi Moskvaya ikiqat təsirə malik idi. Çünki bu birbaşa Rusiyadan asılı olan Ermənistanın öz sahibini saymadığı anlamına gəlir. Hətta deyərdim ki, Paşinyan özünü dəcəl uşaq kimi aparırdı. Amma siyasət meydanı bu kimi şeyləri sevmir və acı sonluqla nəticələnəcəyi də göz önündə idi. Bu kimi səbəblərdən dolayı, həmiçinin regionda gedən proseslərdən kənarda qalamamaq üçün Rusiya 26 noyabrda Soçidə Azərbaycan, Ermənistan liderlərinin iştirakı ilə ikitərəfli və üçtərəfli görüş təşkil etdi.Rusiyanın bu addımları onu deməyə əsas verir ki, bölgədəki vəziyyət Rusiyasız həll oluna bilməz. Həmçinin regiona aidiyyəti olmayan ölkələrin Azərbaycan-Ermənistan proseslərini müdaxilə etməsi mənasızdır. Çünki bu, əsas qərarların Rusiyanın iştirakı ilə verilməsi anlamına gəlir. Bu da 15 dekabrda keçiriləcək Brüssel görüşünü əhəmiyyətsiz hala gətirdi. Maraqlı hallardan biri də Rusiya prezidenti Putinin ilk olaraq Azərbaycan Prezidenti ilə görüşməsi oldu. Diqqət yetiriləsi əsas məqamlardan biri də Putinin Prezident İlham Əliyevi səmimi və mehriban qarşılaması oldu. Əlbəttə hər iki lider rəsmi protokol qaydalarınına əməl edib görüşə də bilərdilər. Düşünürəm ki, bu salamlama və qarşılama regionda gözü olan, öz maraqlarını Ermənistan üzərində oynayan ölkələrə bir mesaj idi ki, regionda biz varıq. Digər görüşlər və çıxışlar formal xarakter daşıyır. Səmimi qarşılanmanın ardı kimi Rusiya və Azərbaycan prezidentləri iki ölkə arasında sosial-iqtisadi, mədəni əlaqələrin də son illərdə ən yüksək zirvəyə çıxdığı vurğulayıblar.   “Hazırda biz iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsini reallaşdırırıq”,-deyən Prezident İlham Əliyev Rusiyanı ən yaxın strateji tərəfdaşlarınından biri kimi qiymətləndirib. Rusiya prezidenti də Dövlət Başçımızın dediyini təsdiq edərək bildirib ki, pandemiya ilə bağlı bütün məsələlərdə eləcə də, iqtisadiyyatda məhdudiyyətlərə baxmayaraq, bu ilin 9 ayı ərzində bizdə əmtəə dövriyyəsinin həcmi 11 faiz artıb. Bunu da yüksək qiymətləndirən Rusiya lideri bütün sahələrdə Azərbaycanla əməkdaşlıq etməkdən məmnun olduqlarını da diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan iqtisadiyyatına Rusiya tərtəfindən 4.5 milyard birbaşa investisiya qoyulub. Bu da az rəqəm deyil. Bunun gələcək illərdə artacağı da istisna edilmir. Rusiya Prezidenti digər istiqamətlərə, həmçinin təhsil sahəsinə də toxunaraq bildirib ki, Azərbaycanda 340 məktəbdə rus dili tədris edilir. Azərbaycan məktəblilərinin 34%-i rus dilində təhsil alır. Buna görə də Rusiya prezidenti Azərbaycanda rus dilinin inkişaf etdirildiyi üçün Prezident İlham Əliyevə təşəkkür edib.


Soçi görüşündə Azərbaycan və Rusiya liderləri arasında Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların fəaliyyəti də müzakirə olunub. Hər iki lider Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların işinin qənaətbəxş hesab edib. Ara-sıra kiçik insidentlər olmasına baxmayaraq, ümumilikdə hər iki ölkə sülhməramlıların fəaliyyət istiqamətlərini dəyərləndirərkən müsbət nəticənin hasil olduğunu və bu sahədə daha da çox işlər görülməli olduğu lazım bilib. Eləcə də Ağdamda yerləşən birgə Türkiyə- Rusiya monitorinq mərkəzinin Azərbaycan və Ermənistan arasındakı əlaqələrə nəzarət baxımından önəmli paya sahib olduğu vurğulanıb.
Soçi görüşündə diqqət çəkən digər bir istiqamət isə müzakirə zamanı “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi oldu. Soçi görüşündə bu mövzunun Ermənistan tərəfindən də artıq qəbul edildiyini, hətta beynəlxalq arenalarda da daha bağlandığını göstərdi. Soçi görüşü onu da göstərdi ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll olunmasını təşviq etmək üçün yaradılan ATƏT-in Minsk Qrupu artıq ölkəmiz üçün önəmli təşkilat deyil. Minsk qrupu Azərbaycan və Ermənistan arasında 30 illik münaqişənin həlli yolunda demək olar heç bir ciddi səyləri olmadı. Hətta yarıtmaz fəaliyyəti nəticəsində beynəlxalq müstəvidə də öz nüfuzunu itirən ATƏT Minsk qrupu bizim üçün önəmli təşkilat fonunda da çıxış etmir. Minsk qrupu nəinki münaqişənin həlli istiqamətində müsbət işlər gördü, deyərdim ki, Ermənistanı bacardığı qədər müdafiə etdi. Həmçinin Qarabağ münaqişəsinin dondurulması üçün əlindən gələni etdi. Amma ATƏT-in Minsk Qrupunun edə bilmədiyi işi Azərbaycan Ordusu 44 gündə layiqincə gördü.

Üçtərəfli görüşün kuliminasiya nöqtəsi isə Azərbaycan və Ermənistan arasında iqtisadi, nəqliyyat yollarının açılmasıdır ki, bu da Qafqaz regionunda inkişaf meyillərini sürətləndirəcək, həmçinin regionda uzunmüddətli sülhün təminatına zəmin yaradacaq. Zəngəzur dəhlizinin açılması tək Azərbaycanın yox, regiondan olan bütün ölkələrin ən çox da Ermənistanın işinə yaraya bilər. Ona görə də regionun lider ölkələri olan Azərbaycan, Türkiyə və Rusiya bu prosesin sürətləndirilməsinin tərəfdarıdırlar. Ermənistan isə məcbur da olsa bunu qəbul etmək məcburiyyətində qalır. Amma onlar anlamırlar ki, 30 ilə yaxın müddətdə blokada şəraitində yaşamaq Ermənistan iqtisadiyyatını çökdürüb və başqa ölkələrdən asılı hala çevirib. Bu da Ermənistan iqtisadiyyatını müasir dünyanın qanunlarında və hazırkı pandemiya vəziyyətində bir çox çətinliklərlə üz-üzə qoyur. Bu səbəbdəndir ki, Ermənistanı tərk edən vətəndaşların sayı durmadan artır. Əgər Ermənistan Azərbaycanın təklif etdiyi şərtləri qəbul etməsə, bir dövlət kimi daha da zəifləyə və müstəqilliyini başqa dövlətlərə həvalə edə bilər.

Amma Soçi görüşündə imzalanan Bəyanatda bütün bunların reallaşacağı qeyd olunub. Əlbəttə bu Bəyanat Ermənistanın ürəyincə deyildi. Soçi görüşündə bütün erməni xalqının narazılığını, etirazını, duruşunu Paşinyanın simasında görmək olardı. Hətta Ermənistanın baş nazirinin hərəkətləri, mimikası bu görüşə sanki zor gücü ilə gətirildiyini göstərirdi. Bunun əksinə olaraq Azərbaycan Prezidenti daha məğrur, sərbəst və iddialı görkəmi ilə hər zamankı kimi təəssürat bağılayırdı. Hər iki ölkənin liderləri təmsil etdikləri ölkələri xarakterizə etməsi görüşün hansı nəticələrlə sonlanacağını işarə verirdi. Belə də oldu. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin arasında imzalanan Soçi Bəyatanı ilə Azərbaycanın gündəmində olan əsas məsələlər nəqliyyat və iqtisadi yolların açılması, həmçinin sərhədlərin dəqiqləşdirilməsi qeyd olundu. Bunun əksinə olaraq isə Ermənistanın heç bir şərti, istəyi bu Bəyanatda əskini tapmadı. Bu da Prezident İlham Əliyevin dünya siyasi arenasında qoyduğu izi, vurduğu möhrü bir daha təsdiq etdi.  Çünki Azərbaycan yalnız Ermənistana qalib gəlməmişdi. Ona dəstək vərən nəhəng dövlətlərə, beynəlxalq qurumlara qalib gəlmişdi. Azərbaycan ayzberqin görünməyən tərəfini məğlub etmişdi desək bəlkə də yanılmarıq. Fikrimi əsaslandırmaq üçün qeyd edim ki, illik büdcəsi Azərbaycanın təkcə hərbiyə ayırdığı puldan az olan Ermənistan necə ola bilərdi ki, bu qədər silah-sursat, texnika alsın? Çox sadə Azərbaycan öz büdcəsi hesabına silahlanarkən, Ermənistan milyardalarla yardım alaraq özünü gücləndiridi. Lakin bunların faydası olmadı, Azərbaycan Ermənistanın 30 ilə yaxın müddətdə yaratdığı müdafiə xəttini darmadağın etdi. Azərbaycan keçən ilin 10 noyabrında qazandığı tarixi Zəfəri dünən Soçi Bəyanatı ilə diplomatik sahədə də sübuta yetirdi.
 


Siyasi şərhçi Elmir Səftərov

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}