Azərbaycan həndbolçuları narazıdır: Nazirə məktub yazıblar
Bu barədə "Report"a müraciət edən hər iki komandanın üzvləri məlumat verib. Onlar müvafiq qaydada gənclər və idman naziri Fərid Qayıbova məktub ünvanladıqlarını bildiriblər. Cavid İsmayılov: "Hər oyunçunun maaşından özbaşına 20 manat pul tutulur" Özünü Azərbaycan millisinin və "Məhsul"un kapitanı kimi təqdim edən Cavid İsmayılov avqustdan maaşlarının kəsildiyini söyləyib: "Maaşlarımızı qat-qat aşağı salıblar və idman zallarımızı bağlayıblar. Federasiya isə deyir ki, budur, istəyirsiniz edin, istəmirsiniz yox. Amma bu federasiyanın ilk vaxtlarında hər şey qaydasında idi. Hər oyunçunun maaşından özbaşına 20 manat pul tutulur. Deyirlər ki, büdcəyə yığılır. Amma hansı büdcədir, bilmirik. Onların öz ciblərinin büdcəsidir? Rəhbərliyin təyin olduğu ilk ildə belə deyildi. Maaşlar artıqlaması ilə verilirdi". İsmayılov əsas şikayətinin federasiyanın baş katibi Yusif Atakişiyevdən olduğunu diqqətə çatdırıb: "Biz bu gün komanda şəklində onunla görüş təşkil etmək niyyətindəyik. Gənclər və idman naziri Fərid Qayıbova da məktub göndərəcəyik. Uşaqların hamısı bunu imzalayacaq. Federasiyaya zəng edirik, komandanı sakitləşdirmək üçün yalnız məni görüşə çağırırlar. Mən də tək görüşmək istəmirəm. Komanda şəklində görüşmək istəyirik. Zəfər Günü ölkəmizdə qeyri-iş günü olsa da, bizi məşqlərə cəlb edirlər. Bu nə özbaşınalıqdır? Xaricə səfərlərimiz və zallarımız niyə əllərimizdən alınıb? Bunların hamısına cavab versinlər. Maaşları 2 dəfə endiriblər. Əvvəllər 600 manat alan idmançı indi 300 manat alır. Bu gün Daxili İşlər Nazirliyinin idman cəmiyyətində məşqimiz var. Baş katibə demək istəyirik ki, gəlsin, komanda ilə söhbət etsin. Çox güman ki, gəlməyəcək. İdmançılarla tək-tək söhbət etmək istəyir. Bütün haqsızlıqlarla bağlı etirazımızı mən qaldırmışam, uşaqlar da təsdiqləyirlər". Həndbolçu 2019-cu ildə yığmanın baş məşqçisi Hikmət Abdullayevin vəfatından sonra vəziyyətin daha da pisləşdiyini sözlərinə əlavə edib. İsmayılov milli komandanın "Məhsul" və "Bakı" komandalarından formalaşdığını, lakin baş məşqçilərin idmançılara bu yöndə dəstək vermədiklərini vurğulayıb: "Maddi maraqları var və ya yoxdur, bunu da bilmirəm. Ötən ay "Məhsul"da çıxış etmiş Kamran Məmmədovun maaşından 400 manat kəsiblər. Oyunçu xəstələnib və bu səbəbdən hazırlığa gəlməyib. Amma maaşın böyük hissəni verməyiblər. Məvacibdən tutulan 20 manatın haraya getdiyini bilmirik. Büdcəyə getdiyi deyilir, amma mənim elə büdcəm yoxdur. Hansı büdcəyə getdiyi maraqlıdır". İsmayılov məşq üçün zallarının olmadığını, federasiya rəhbərliyinin isə onların problemləri ilə maraqlanmadığını diqqətə çatdırıb: "Əvvəllər ABU Arenada məşq edirdik. Onu da əlimizdən alıblar. Daha sonra Respublika Olimpiya Mərkəzində məşq edirdik. İndi yeganə məşq yerimiz Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətidir. Bu gün saat 19:00-da burada məşq nəzərdə tutulub. Amma məşqə çıxmayacağıq. Bütün həndbolçularla federasiya rəhbərliyini gözləyəcəyik. Təkcə Zəfər Günündə yox, bütün bayramlarda bizi məşqlərə çağırırlar. İstirahət günümüz yoxdur. Bu gün Yusif müəllimlə görüş tələb edirik. Federasiyamızda özbaşınalıqdır, bəziləri həndboldan anlayışı olmayan şəxslərdir. Məsələn, mən hüquqşunasam, amma taksi sürürəm. Belə bir şeydir. 2022-ci ildə Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi Oyunları keçiriləcək. Hələlik bu barədə söhbət belə yoxdur. Təlim-məşq toplanışları, hazırlıqlar olmalıdır. Başqa idman növlərində inkişaf görürük. Mənim və digər həndbolçuların danışacağı yüzlərlə söz var. Yusif müəllim gəlsin, bütün suallarımıza cavab versin. Bizimlə heç söhbət etmir, problemlərimizlə maraqlanmır. Məşqçilər də bizə dəstək olmurlar. Mənim timsalımda bütün komanda yoldaşlarımız hamısını danışmağa hazırıq". Məmmədov millinin hazırkı məşqçilər heyətindən narazılığını da ifadə edib: "Millinin baş məşqçisi Hikmət Abdullayev rəhmətə gedəndən sonra daha da çox dərəbəylik oldu. Ondan sonra Vidadi müəllim baş məşqçi təyin olundu. Mən 14 yaşımdan bu idmandayam. Onu 2017-ci ildə görməyə başlamışam. Federasiyadakı dəyişikliklərdən sonra göbələk kimi peyda oldu. Həyatımızda görmədiyimiz insanlar ortalığa çıxdı. Görmədiyimiz adamlar yağışdan sonra göbələk kimi çıxdı. Məşqçilər dedi ki, mənə 1000 manat ver, uşaqlar 400 alsa da, bəsdir. Ona görə yetim kimi qıraqda qalmışıq. Dünya praktikasında belə şey yoxdur ki, baş məşqçi oyunçudan daha çox pul alsın. Mənim maaşımı kəsirsənsə, baş məşqçinin və ya məşqçinin də maaşını kəs. Denən ki, vəziyyət yaxşı deyil. Kəsmirlərsə, deməli hamısı əlbirdir. Həndbol bizim ölkədə zəif olmayıb, sadəcə, diqqətsizlik bu idman növünü bu hala salıb. Qonşu ölkələrdən Türkiyə, Gürcüstan və İran SSRİ dönəmində bizdən öyrəniblər. Amma indiki dönəmdə onların həndbolu düzgün strategiya və planlamaya görə bizdən qat-qat üstündür. Bizim federasiyanın rəhbərliyindən bir nəfər tanımıram ki, həndboldan başı çıxsın". Yusif Atakişiyev: "Bizdə ağ və ya qara siyahı yoxdur" Azərbaycan Həndbol Federasiyasının (AHF) baş katibi Yusif Atakişiyev isə həndbolçuların açıqlamalarına belə münasibət bildirib: "Son 1,5 ildə pandemiya idi. Biz də avqustda məşqlərə başlamışıq. Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində məşqlər edirik, "ABU Arena"da məşq üçün hələlik imkan yoxdur. Federasiya olaraq, orada məşq imkanı əlimizdən alınıb. Bunu istəyərək etməmişik. "ABU Arena"nın özündə müəyyən problemlər var. Bütün klublar Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində yerləşib". Baş katib "Bəlkə idmançı kimi maaşı qane etmədiyi üçün başqa yerdə işləyir?" sualına isə belə cavab verib: "Bu həndbolçu 15 ildir işləyir. Dünən başlamayıblar ki, işləməyə. Biz 2016-cı ilin dekabrında federasiyaya gələndə həndbolçuların əksəriyyəti işləyirdi. Heç kimi onu federasiyada sıxışdırmır. Heç kiminlə prinsipimiz yoxdur. Bizdə ağ və ya qara siyahı da yoxdur. Sadəcə, idmançıdan tələbimiz var ki, məşqlərə gəlsin və oyunlarda iştirak etsin. 21 məşqdən 15-də iştirak etməmək peşəkarlıqdırmı"? Federasiya rəsmisi idmançıların maaşlarının 500 - 800 manat aralığında olduğunu söyləyib. O, Kamran Məmmədovun xəstələndiyi üçün maaşının kəsilməsi iddiasına da toxunub: "Hamı xəstələnə bilər. İnsan işə gəlməyəndə arayış təqdim etməlidir. Bunu bütün həndbolçulara deyilib. Xəstəlik vərəqəsi mütləq təqdim olunmalıdır. Bu, necə xəstəlikdir ki, bir gün məşqi buraxır, sonra isə gəlir, 3 gün buraxır, 2 gün gəlir. Bütün hamısına deyilib ki, xəstələnəndə arayış təqdim edilməlidir. Amma o, təqdim etmirsə və məşqçilərə də xəbər vermirsə, necə olmalıdır". Atakişiyev Məmmədovun Norveçdə üzləşdiyi hadisə barədə bunları deyib: "Həmin hadisənin olub-olmadığını deyə bilmərəm. Çünk məlumatım yoxdur. Nəsə desəm yalançı olaram. Amma oyunçuların alternativ formaları nə qədər desəniz var. Bu yöndə hansısa problemlə üzləşməmişik. Maaş məsələsindən sonra mənimlə əlaqə saxlayıb. Dedi ki, niyə əmək haqqı yazılmayıb? Mən də cavabında bildirdim ki, məşqlərə gəlmirsən. Xəstə olduğunu dedi, mən də söylədim ki, başqa idmançılar xəstələndikdə arayış təqdim edir. Mən ona dedim ki, bilirəm, sən işinlə əlaqədar gələ bilmirsən, işin ağırdır. Mənə söylədi ki, olarmı belə şey edək, bəzi məşqləri buraxım, maaşım da azalsın. Dedim ki, bəs sən peşəkar idmançısansa, bu necə ola bilər? Bu, mümkün deyil".
"Bakı" klubunun üzvü Kamran Məmmədov da həmkarı kimi maaşların kəsilməsindən şikayətlənib: "Federasiyaya gələndə yalandan dedilər ki, bu idman növünü inkişaf etdirəcəyik. İlk ildə qızlardan ibarət komandalara legionerlər gətirdilər. Komandalar yaratdılar və kişilərin çempionatı da yaxşı alındı. Həmin vaxt 650 manat maaş alırdıq. Belə baxanda bu məbləğ də azdır. Onlar Voleybol Federasiyasında olarkən bəzi legioner oyunçuya illik 100 000 manat verirdilər. Bunlar voleybolu necə məhv etdilər? Əvvəl ölkəmizdə bu idman növünün inkişafı yəqin ki, yadınızdadır. Həndbola da voleybol kimi yanaşdıqları üçün inkişaf yoxdur. Birinci ili gəldilər, çempionat keçirdilər və xaricdən oyunçular dəvət etdilər. Göstərmək istədilər ki, biz nəsə edirik. İlk ildə maraqlı çempionatımız oldu. Ondan sonra isə başladılar voleyboldakı kimi strategiyanı dəyişməyə. Həmin legionerləri göndərdilər, maaşlar kəsildi. Məşqçilərə 900 - 1 000 manat təklif edirlər. Onlar da bu səbəbdən bizim yanımızda deyillər. Fikirləşirlər ki, evimə pul aparıram, birdən nəsə olar. Biz deyirik ki, gəlin, yanımızda olun. Amma heç kim irəli durmur. Halbuki uşaqlar artıq bezib. İrəli durmursansa, deməli, sən də onlarla əlbirsən. Maaşlarımızı istədikləri kimi kəsirlər. Pandemiyaya görə, qışda Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionda məşq etmişik. Yayın istisində isə salıblar 4 komandanı bir zala. Bu, necə pandemiyadır? Bizə deyirlər ki, güya zal vermirlər".
Məmmədov şəraitsizlikdən də şikayətlənib: "Pul verməsinlər deyə, iki komanda bir zalda məşq edir. Toplar da ki, çürüyüb, pis vəziyyətdədir. Xarici səfərlər də yoxdur. 17 ildir ki, bu idman növündəyəm, yığmanın aparıcı üzvü olmuşam. Əvvəl federasiya pis gündə olsa da, səfərlər var idi, forma verirdilər. Bunlar yaxşılaşdırmaq üçün gəlmişdilər, amma hər şey bərbad vəziyyətdədir. 2019-cu ildə Norveçdəki seçmə oyunda formam cırılanda utandım. Onu yapışdırdıqdan sonra görüşə davam etmişəm. Bu nə deməkdir? Utanmaq lazım deyil? O formanın dəyəri nədir? Neçə milyonlar xərclənir, o qədər pullar yeyilir. Xaricdən gələn idmançılara 1200 dollar yazılsa da, sonda 800 dollar verilirdi". "Bakı"nın oyunçusu da ötən ay maaşından kəsildiyini söyləyib: "Anam koronavirusa yoluxmuşdu, mən də xəstələnmişdim. Amma testim müsbət deyildi. Uşaqları düşünərək məşqə getmədim. Amma xəstə olduğumu hiss edirəm axı. 400 manatımı kəsdilər. Dedim ki, haram olsun sizə, istəmirəm. Problem tək mənimlə bağlı deyil. Pandemiyadan əvvəl maaşlar kəsilməyə başlayanda getdim Yusif Atakişiyevlə söhbət etdim. Ona dedim ki, niyə maaşları kəsirsiniz? Hansı peşəkar idmanda idmançını 4 ay istirahətə buraxırlar? Tətildən qayıdanda necə bərpa olunacağıq? Maaş verməmək üçün bunu edirdilər. Bütün bunları deyəndən sonra mən "qara siyahı"ya düşdüm. Bu il komandalar yığılanda məşqçilərə təzyiq göstərirdi ki, Kamranı götürməyin. Ona deyəndə ki, niyə belə edirsən? Cavab verir ki, hamısını klubların məşqçiləri edir. Məşqçi onun təzyiqindən sonra necə götürsün məni? Az qalmışdı ki, kənarda qalım, axırda məni 400 manat maaşla "Bakı"ya götürdülər. Mən nə edə bilərəm? Məcbur qalıb, alternativ işdə işləyirəm. Həmişə belə məşq etmişik və saat 19:00-dan sonra hazırlıqlara qoşulmuşuq".
Federasiya rəsmisi məvaciblərin pandemiyadan əvvəl fərqli olduğunu etiraf edib: "Pandemiyanın da bu məsələyə təsiri olub. 1,5 ildir ki, zallar bağlı idi. Ötən il pandemiya dönəmində maaş alıblar. Bunu niyə demirlər? Çempionat keçirilmirdi, zallar bağlı idi. Niyə bunu xatırlamırlar? Yayda istirahətə göndərmək məsələsinə gəlincə, bütün idman növlərində belədir. Mövsüm avqustda başlayır və mayda bitir. Bu dəfə istirahət bir az çox oldu, buna səbəb isə pandemiya idi".
Atakişiyev maaşlardan 20 manat məbləğində vəsaitin tutulmasını da təkzib edib: "Kim məşqi buraxırsa və səbəbini göstərmirsə onun maaşı kəsilir. Ötən ay "Məhsul"un baş məşqçisi zəng etdi ki, oyunçunun toyudur, 3 günlük istirahət istəyir. Biz də dedik ki, 3 gün yox, 1 həftə olsun. Hətta toy günündə bütün komanda üzvlərinə də istirahət verildi. Məşqi bilinməyən səbəbə görə buraxırlarsa, maaş kəsilir. İşə gəlməməyinin səbəbini göstərməlisən. Düşünürəm ki, bu, hər yerdə belədir".
Baş katib pul yeyintisini tamamilə əsassız iddia adlandırıb: "Bütün işlər sənədlərlə görülüb. Bizim federasiyada elə işlər görülə bilməz".
Qeyd edək ki, AHF-in prezidenti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovdur.
Şəffaflıq.az
Facebook-da paylaş