Azərbaycanlıları təhqir edən erməni bloger Gevorq Sujyan məhkəmə qarşısına çıxarılır.

 

Noyabrın əvvəlində Kəlbəcərdən – İstisudakı su hövzəsindən dostu ilə birlikdə təxribat məqsədilə video çəkib paylaşaraq, orada azərbaycanlıları təhqir edən erməni bloger Gevorq Sujyan məhkəmə qarşısına çıxarılır. O, dostu David Davtyanla birlikdə mühakimə olunacaq.

Şəffaflıq.az xəbər verir ki, adları çəkilən ermənilərin işinə iyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılacaq. Onlar Azərbaycan Cinayət Məcəlləsinin 276 (casusluq), 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələrilə ittiham olunur.
Gevorq Sujyan və David Davtyan Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanın təhlükəsizliyi zərərinə fəaliyyətdə ittiham olunur.
Bloger Sujyan noyabrın əvvəlində İstisuda çəkib yaydığı təxribatçı videoda azərbaycanlıların ünvanına təhqir xarakterli ifadələr səsləndirir. Videoda hazırda İstisuda üzdüklərini deyən erməni bir müddət sonra Bakıya gəlib, Xəzər dənizində də üzəcəklərini deməklə azərbaycanlıları qıcıqlandırmağa çalışır.
Bu videonun yayılmasından bir neçə gün sonra Gevorq Sujyan və David Davtyan Qarabağ ərazisində saxlanılaraq, Bakıya gətirilib.
Gevorq Sujyan həm də Ermənistanda qeyri-hökumət təşkilatının rəhbəridir.
Onlara qarşı irəli sürülmüş ittihamlarda 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Noyabrın 10-da müharibənin dayandırılması barədə tərəflər arasında imzalanan razılaşma zamanı Ermənistan bir neçə başqa rayonlarla yanaşı, Kəlbəcəri də boşaltmaq öhdəliyini üzərinə götürüb. Bu öhdəlik əsasında da 1993-cü ildə Kəlbəcəri işğal etmiş ermənilər oranı tərk etməyə məcbur olub. Amma onlar rayonu boşaltmaq üçün verilən möhlətdən istifadə edərək, Kəlbəcərdə yanğınlar, dağıntılar törədiblər. Onlar evləri, meşələri yandırıblar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}