Həbsdə olan iş adamına işgəncə iddiaları var: DİN açıqlama verdi
“Tural dünəndən həbs olunub onu elə saxlayırlar ki, elə bil qatı cinayətkardır. Nə bizi, yanına buraxırlar nə,bir söz deyirlər. Sadəcə, icazə verirlər ki, yemək verək”.
Bu sözləri dünən həbs olunmuş Şəmkirli xeyriyyəçi iş adamı Tural Zeynalovun qardaşı Vüsal Zeynalov Bizimyol.info saytının müxbiri ilə söhbətində deyib. O bildirib ki, hazırda Tural Zeynalov Şəmkir rayon Polis şöbəsində işgəncəyə məruz qalır. Onun sözlərinə görə, iş adamının ailəsi dövlət başçısına, insan hüquqları üzrə müvəkkilə müraciət edib: ”Mən özüm 15 il Daxili İşlər Nazirliyi sistemində çalışmışam, polis olmuşam. Polislərdən maraqlanmışam, deyirlər ki, Tural incidilir. Hətta dünən onu döyüb 1-ci mərtəbədən 2-ci mərtəbəyə aparanda üz-gözünün qanını, pal-paltarının cırıqlarını insan hüquqları üzrə qurumun nümayəndələri görüb. Hazırda vəkillər tutmuşuq, məsələ üzərində çalışırlar".
Xatırladaq ki, dünən Şəmkir rayon polis şöbəsinin cinayət-axtarışı bölməsinin rəisi Vüqar Qarayev və onunla birlikdə 7-8 mülkü geyimdə olan polis əməkdaşı “Qala” ailəvi istirahət mərkəzinə gəlib, orada müəssisənin sahibi Allahverdi Zeynalovu döyüb, oğlu Tural Zeynalovu həbs ediblər. Tural Zeynalov son parlament seçkilərində 99 saylı Şəmkir seçki dairəsindən deputatlığa namizəd olub.
Qeyd edək ki, Tural Zeynalov Vətən Müharibəsi zamanı da xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub.
Tural Zeynalovun qardaşının bu iddiaları ilə bağlı DİN-in Mətbuat Xidmətinə bilavasitə tabe olan Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bizimyol.info-ya bildirib ki, deyilənlər həqiqəti əks etdirmir: “Bu gün onunla görüşmüşəm, hər şey qaydasındadır. Artıq Tural da istirahət mərkəzində toy keçirildiyini etiraf edib. Hazırda istintaq gedir".
E.Qasımov bildirib ki, döyülməkdən və ya hər hansı bir təzyiqdən söhbət gedə bilməz. O deyib ki, məsələ araşdırıldıqdan sonra hüquqi qiymət veriləcək.
Facebook-da paylaş