"Azadlığa çıxmağım mənim üçün bir şansdır" - Həbsdən çıxan sabiq idarə rəisi - FOTOLAR
Şəffaflıq.az xəbər verir ki, bunu ONA-ya açıqlamasında bu gün azadlığa buraxılan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Nəqliyyat Təhlükəsizliyi İdarəsinin rəisi Akif Əliyev deyib.
O, azadlığa çıxdığı üçün sevincli olduğunu dilə gətirib: “Azadlığım mənim üçün dövlətimə xidmət etmək naminə bir şansdır. Mən hər zaman Azərbaycan dövlətçiliyinə sadiq olmuşam və dövlət maraqlarını hər şeydən üstün tutmuşam".
A.Əliyev həbsdən çıxan kimi vəkili Anar Qasımlı ilə birlikdə Heydər Əliyevin məzarını ziyarət edib.
Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmə A. Əliyevin cəzasını 5 ildən 3 il 6 aya endirib. Cəza müddəti başa çatdığı üçün o, bu gün azadlığa buraxılıb. A.Əliyev keçmiş MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarovla birlikdə mühakimə olunub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə A. Çovdarov 12 il, A. Əliyev isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Facebook-da paylaş