Bakıda “Qarabağ problemi və onun həlli yolları” mövzusunda beynəlxalq konfrans keçirilib


 

Bakıda “Qarabağ problemi və onun həlli yolları” mövzusunda beynəlxalq konfrans keçirilib.

Şəffaflıq.az xəbər verir ki, beynəlxalq konfrans “New Baku Hotel”də baş tutub.

Tədbir Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin (CIPDH) Bakı Ofisi tərəfindən təşkil olunub.

Beynəlxalq konfransda 20-yə yaxın İsveç, Latviya, Litva, Estoniya, İran , Türkiyə, Amerika, Rusiya, Qazaxıstan, Ukrayna, Türkmənistan, Macarıstan və digər səfirliklərin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən ekspert, hüquq müdafiəçisi, CIPDH Bakı ofisinin rəhbəri Elçin Axundzadə və MM deputatı Razi Nurullayev tərəfindən Qarabağ münaqişəsi ilə bağlı üç dildə ətraflı məlumat verilib.

Çıxışçılar bir daha dünya ictimaiyyətinə müraciət edərək, xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrlərini və digər nüfuzlu beynəlxalq qurumları Azərbaycanın BMT tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistanın Azərbaycan ərazisindəki törətdiyi cinayətlərə layiqli hüquqi qiymət verilməsini və beynəlxalq hüquq normalarının pozulmasının qarşısının alınmasını tələb ediblər.

Onlar, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin nəticəsində soydaşlarımızın pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində zəruri addımlar atmağa və təxirəsalınmaz tədbirlər görməyə çağırıblar.

Qeyd edək ki, tədbirdə hərbi ekspert, ermənişünas, siyasi icmalçı Telman Qasımov da çıxış edib və o, diplomatlara üz tutaraq, dünən cəbhə bölgəsindən Bakıya qayıtdığını deyib. O bildirib ki, Goranboy rayonun Tapqaraqoyunlu kəndində olarkən Ermənistan tərəfindən kasetli bombaların atılmasının şahidi olub. Nəticədə, mülki insanlar həlak olub:

“Ermənistan artıq uduzduğunu başa düşür və buna görə də açıq-aydın şəkildə dünya ictimaiyyətini təhdidlərə keçib. Ermənistan sonuncu dəfə İsraili təhdid edib ki, İsrail Azərbaycana silah satmasın”.

T.Qasımov tədbir zamanı fürsətdən istifadə edərək, Ermənistanın Baş naziri N.Paşinyana erməni dilində müraciət edib. T.Qasımov onu da qeyd edib ki, Ermənistan artıq diaspor vasitəsilə Azərbaycan diplomatlarına qarşı, demək olar ki, rəsmi şəkildə terror elan edib.

Bununla bağlı zalda toplaşan diplomatlara da məlumat verilib və onlardan azərbaycanlı diplomatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi tələb olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}