Braziliya Prezidenti Donald Trampla birbaşa əlaqə yaratmağı təklif edib
Braziliya Prezidenti Luis İnasiu Lula da Silva ABŞ lideri Donald Trampa Birləşmiş Ştatatların dövlət katibi Marko Rubionun təsirini azaltmaq üçün vasitəçilərsiz, birbaşa əlaqə xətti yaratmağı təklif edib. Şəffaflıq.az-ın "CNN Brasil"ə istinadən məlumatına görə, bu barədə Braziliya liderinin müşavirləri bildiriblər. Telekanalın mənbələrinin məlumatına görə, son həftələr Lula da Silva Rubionun hərəkətlərindən narazılığını bildirib və ABŞ dövlət katibinin mövqeyini zəiflətmək üçün Trampla telefon danışığı təşəbbüsü ilə çıxış edib. Braziliya Prezidenti Trampa ABŞ və Braziliya vasitəçilərinin iştirakı olmadan, birbaşa əlaqə saxlamağı təklif edib. Mənbələr qeyd edirlər ki, Lula da Silva həmçinin Trampın Braziliya hökuməti haqqında aldığı məlumatların təhrif olunduğunu və həqiqəti əks etdirmədiyini bildirib. Məlumata görə, Braziliya liderinin əsas narahatlığı Vaşinqtonun oktyabrda keçiriləcək prezident seçkilərinə müdaxilə etmək cəhdləridir. Braziliyanın Prezident Administrasiyası Lula da Silvanın 2026-cı ildə yenidən seçiləcəyi təqdirdə iki ölkə arasında münasibətlərin yaxşılaşacağına ümid edir. Braziliya hakimiyyəti həmçinin bildirib ki, əgər o, daha dörd il müddətinə hakimiyyətdə qalsa, 2027-ci ildə rəsmi səfərlə Trampla görüşə hazırdır.
Facebook-da paylaş








