Gərginlik pik həddə: “Putin və Ərdoğanın mövqeyi kəskin fərqlənir” – Şərh

 Türkiyə və Rusiyanın Suriya məsələsində maraq və mövqeləri bir-birindən ciddi şəkildə fərqlənir. Bbunun nə zamansa qarşıdurma ilə nəticələnəyi birmənalı idi. Rəsmi Kreml Bəşər Əsəd rejiminin tərəfdarı kimi çıxış edir və 2015-ci ildən bu günə kimi onun müxalif qüvvələrə qarşı əməliyyatlarında İranla birgə dəstəkçi rolunda çıxış edir. Faktiki olaraq, Əsədin ölkə ərazisində apardığı hərbi əməliyyatlarda İranın quru qoşunlarının iştirakı ilə bərabər Rusiyanın hava dəstəyi çox ciddi əhəmiyyət kəsb edir. Türkiyə bu məsələlərdə ehtiyatlı davranmalı, diqqətli olmalı idi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.
O, Soçi anlaşması imzalanarkən, Türkiyənin üzərinə müəyyən öhdəliklər qoyulduğunu xatırladıb: “Türkiyə İdlib vilayətində müşahidə məntəqələri qurub və orada yerləşən müxalif qüvvələri təmizləməyə başlamalı idi. Rusiyanın əsas tələbi cihadçı qruplaşmalarla bağlıdır. Rusiya tələb edirdi ki, radikal dini terror təşkilatlar olan “Ən-Nüsra”, “Təhrir əş-Şam” kimi “Əl-Qaidə” və İŞİD-ə yaxın terror qruplaşmaları ərazidən çıxarılmalı, Türkiyənin dəstəklədiyi müxalif qüvvələr isə rəsmi Ankaranın nəzarətində qalmalı, zamanla bu ərazilər Suriya hakimiyyətinin suverenliyinə keçməlidir”.
Oqtay Qasımovun sözlərinə görə, Rusiya ilə Türkiyə arasında ilk narazılıq hələ 2018-ci ilin oktyabrında olub: “Türkiyə üzərinə düşən öhdəlikləri yerinə yetirmək üçün 2 ay müddətin az olduğu barədə narazılıq ifadə etdi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə Putinlə görüşündən sonra narazılıq aradan qaldırıldı. Nəticədə Türkiyəyə zaman tanındı. Bu gün Rusiya özünü haqlı kimi göstərə bilir. Türkiyənin vəziyyətini çətinləşdirən məsələ ondan ibarətdir ki, İdlibdə 70 minə yaxın silahlı qruplaşma var, 40 minə yaxını isə radikal dinçi terrorçulardır. Onların bir çoxunu Türkiyənin özü də beynəlxalq qurumlar kimi terror təşkilatı kimi tanıyır. Proses bu günə qədər baş vermədiyinə görə, Rusiya həm də Türkiyənin Qərblə yaxınlaşmasının qarşısını almaq üçün bu məsələdən ona təzyiq vasitəsi kimi istifadə etməyə başlayıb”.
Oqtay Qasımov hesab edir ki, burada Rusiya ilə yanaşı, İranın da mövqeyi nəzərə alınmalıdır: “Rəsmi Tehran da Türkiyənin Suriya ərazisində nüfuz sahibi olmasını istəmir və birmənalı şəkildə Əsəd rejiminin tərəfini tutur. Vəziyyəti mürəkkəbləşdirən məqamlardan biri də İdlibdə baş verənlərin gələcəkdə təriqət savaşına çevrilmə ehtimalıdır. İdlibdəki silahlı qrupların və mülki əhalinin böyük hissəsi sünnilərdən ibarətdir. Bunlara qarşı döyüşən qüvvələr isə şiələrdir ki, onları da İran dəstəkləyir. Suriyada hərbi qüvvələrdən başqa milis deyilən könüllü qüvvələr də var. Bu baxımdan gələcəkdə həm Suriya, həm də İraqda yenidən məzhəb savaşlarının olması ehtimal edilir”.
Siyasi şərhçi vurğulayıb ki, bu ərazilərdə hərbi əməliyyatlar Türkiyəyə miqrant dalğası gətirə bilər . Lakin Türkiyə artıq 4 milyon suriyalıya ev sahibliyi elədiyi üçün bundan sonra yenidən o axını qarşılamaq imkanına malik deyil: “Bundan başqa terror qruplaşmaları Türkiyəyə keçərək, gələcəkdə ölkə üçün problem yarada bilər. Əslində hazırda Türkiyənin siyasi və dövlət maraqları baxımdan zərərli hadisələr cərəyan edir. Amma Suriyanın beynəlxalq hüquqa əsaslanaraq, Türkiyədən tələbi ondan ibarətdir ki, Bəşər Əsəd rejimi öz dövlətinin dünya birliyi tərəfindən tanınan ərazilərində suverenliyini bərpa etməsidir. Bu, məsələnin əsas düyün nöqtəsidir. Türkiyə başqa ölkənin ərazisini ələ keçirməkdə ittiham edilir. Rusiya rəsmiləri və politoloqları buna açıq və eyhamla işarə edirlər. Türkiyənin orada işi olmamalıdır. Rusiya boynuna almasa da , onun və İranın ciddi dəstəyi, həvəsləndirib qızışdırdığı Əsəd rejimi hərbi hava qüvvələri vasitəsilə Türkiyə ordusuna zərbələr endirib. Türkiyənin orada hərbi əməliyyat keçirmək imkanı çox da geniş deyil. Məsələlərə real baxmalıyıq. Hava dəstəyi olmayan hərbi əməliyyatlarda uğur qazanmaq imkanları çox geniş deyil. Türkiyə hərbi hava qüvvələri dəstək verə bilmirlər, çünki Suriyanın hava məkanı Rusiyanın nəzarətindədir. Rusiyanın hərbi bazaları İblibə yaxın ərazidədir. Rusiya həm hərbi bazasına hansısa təhlükə olmasına, yaxud hərbi bazaların geri çəkilməsinə razılaşmaz. Kifayət qədər mürəkkəb situasiya yaranıb”.
Oqtay Qasımov qeyd edib ki, Türkiyə ilə Rusiyanın necə anlaşacağını söyləmək çətindir: “Hər iki dövlətin Suriya məsələsinə baxışı daban-dabana ziddir. Bu, diplomatik yolla çözülərsə, yaxşı olar. Bütün hallarda türk əsgərinin Suriyada həlak olması ciddi və içimizi sızladan hadisədir. Bütün məsələlər beynəlxalq hüquqa və iki qonşunun gələcək münasibətlərinə hesablanıb həll olunsa, daha doğru olacaq. Suriyanın bütövləşməsi Türkiyənin gələcəyə doğru təminatıdır. Suriya dövləti bölünsə, beynəlxalq səviyyədə tanınan ərazilərində suverenliyini bərpa edə bilməsə, bu, gələcəkdə separatçı qüvvələrin fəallaşmasına imkan yaradacaq”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}