ÜST rəhbəri yenə ürəkləri üzdü: “Normal həyatımıza heç vaxt qayıda bilməyəcəyik”

 

“Koronavirusun dərmanını və ya peyvəndini tapa bilməsək, o, bir neçə il bizimlə olacaq” - Azərbaycan həkimləri də pessimistdir

 “Gələcəkdə normal həyatımıza heç vaxt geri qayıda bilməyəcəyik”. Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus COVİD-19-la bağlı danışarkən deyib. ÜST rəhbəri daha sonra qeyd edib: “Sizə qarşı dürüst olacağam. Gələcəkdə normal həyatımıza heç vaxt qayıda bilməyəcəyik”. ÜST rəhbərinin bu cür açıqlaması insanlar arasında yenidən təşvişə səbəb olub. Bəs vəziyyət həqiqətən bu cür olarsa, bundan sonra yaşayış tərzimiz necə olacaq? İnsanlar bu vəziyyətə öyrəşə biləcəkmi?

Tanınmış həkim Vasif İsmayıl mövzu ilə bağlı ÜST rəhbərinin fikirləri ilə razılaşdığını deyib:

“ÜST sədri doğru söyləyir. Çünki koronavirusun ya dərmanını, ya da ki, peyvəndini tapmalıyıq. Əgər bunun dərmanın və ya peyvəndini tapa bilməyəcəyiksə deməli ”Covid-19" bir neçə il bizimlə olacaq. Bəli, əvvəlki rejim geri qayıtmayacaq, bu mütləq belə olacaq. Bu, ÜST rəhbərinin istəyi və yaxud günahı deyil, vəziyyət belə gətirib. İnsanlar artıq bu vəziyyətlə barışıb, işləyir, hətta səyahətə də çıxırlar. Bizim cəmiyyət də buna öyrəşəcək və yaşayacaq".

Vasif İsmayıl son sərt karantin rejiminin effektli olmadığını diqqətə çatdırıb: “Son sərt karantin rejiminin lazımi effektini görə bilmədik. Bu cəhətdən mövcud vəziyyəti yaxşı qiymətləndirmirəm. Amma bir məsələ baş verdi - insanlar artıq evdə müalicə almağı öyrəndilər. Çox təəssüf ki, evdə müalicə alanlar arasında vəfat edənlər də oldu. Deyim ki, evdə müalicə alanlar arasında tanıdıqlarım da var. Onlar özlərini yalnız hiss edir, sanki onlara heç kəsin yardım etmədiyini düşünürlər”.

Vasif İsmayıl xəstəxanalarda kadr çatışmazlığından da danışıb: “Xəstəxanalar gücləndirilmiş iş rejimi ilə işləyir, lakin çox ciddi şəkildə kadr çatışmazlığı var. Ona görə də ”Covid-19" üçün ayrılan yataq fondu artmayacaq. Çox təəssüf ki, Azərbaycanda aktiv koronavirus xəstə sayı virus üçün ayrılan yataq fondundan və səhiyyəmizin gücündən daha çoxdur. Ona görə də hazırda bu dövr Azərbaycan üçün çətin dövrlərdir və bu vəziyyət hələ bundan sonra da davam edəcək. İnsanların da sərt karantin qaydalarına riayət etməsi çox zəifdir. Faktiki olaraq qaydalara əməl olunmur".

Vasif İsmayıl payız aylarında koronavirus pandemiyasının başa çatacağı barədə proqnozlara isə bu cür münasibət bildirib: “Payız aylarında koronavirus bitməyəcək. Çünki koronavirusun digər növləri olan SARS və MERS çox ciddi karantin rejimi ilə, yəni tam təcridlə ortadan qaldırılmışdı. Məlum olduğu kimi, bu viruslar müəyyən bir bölgədə mövcud idi və onun kənara çıxmasına qəti imkan verilməmişdi. Ona görə də qeyd olunan viruslar aradan qalxmışdı. Lakin yeni tip ”Covud-19" artıq bütün dünyaya yayılıb. Bu baxımdan məcburuq ki, bu virusu “İspan qripi” kimi hansısa şəkildə keçirək. Doğrudur, “İspan qripi” insanları “qıra-qıra” aradan itdi. Beynəlxalq səhiyyə təşkilatları, ÜST də istəyir ki, vəziyyət “İspan qripi” pandemiyası kimi olmasın, aktiv olaraq virus aradan qaldırılsın. Bunun da qeyd etdiyim kimi, iki yolu var - ya dərmanını kəşf etmək, hansı ki, bu çox uzun məsələdir, ya da peyvəndini tapmaq. Deyim ki, peyvənd məsələsində bəzi ümidverici xəbərlər var".

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov  isə bildirib ki, ÜST rəhbəri əvvəldən pessimist açıqlamaları ilə gündəmə gəlib: “Və bu günə qədər olan informasiyalar da xəsisliklə verilir. Təbii ki, bu cür vəziyyət mənfi istiqamətdə öz təsirini göstərdi. Xatırlayırsınızsa, bundan əvvəl tibbi maskalar ilə bağlı açıqlama verilmişdi ki, ”maskalara ehtiyac yoxdur", həmçinin Çində baş verən proseslər barəsində də dünyaya yetərincə məlumat verilmədi və sairə. İndi də görünür ki, onların əllərində daha dərin informasiyalar var. Hər halda ölkələrdə yeni xəstəxanaların tikilməsi və bu kimi tədbirlərin həyata keçirilməsi, həmçinin daha qapalı informasiyalar onu deyir ki, bu virusla yaşamaq davam edə bilər. Hətta davamlı yoldaşlıq edə bilən ştam da ola bilər".

Zülfüqar Yusifovun sözlərinə görə, virus 2-3 aya bitsə belə, həssas insanlar ən azı bir il sosiallaşmaqdan çəkinəcək, əvvəlki görüşmələr, yaxınlıq olmayacaq: “Yəni virusun orqanizmə fiziki deyil, həm də sinir sistemimizə zərər vuracaq. Son zamanlar müşahidə edirik ki, insanlar televiziya ekranlarından köhnə filmlərə baxanda artıq kütləvi səhnələrə əndişə ilə yanaşır, hətta düşünürlər ki, necə əvvəllər insanlar bu cür bir-birilərinə yaxın olublar. Yəni, koronafobiya deyə biləcəmiyiz bir fobiya uzun müddət bizimlə yaşayacaq.  Lakin ikinci bir tərəfdən, əgər həqiqətən bu virus bizimlə uzun müddət, hətta uzun illər yaşayacaqsa onun vurduğu zərbələr daha dərin olacaq, xüsusən də sinir sistemində yaratdığı zərbələr. Bununla da insanların davranışında artıq yeni qaydalar ortaya çıxa bilər. Bunun artıq şahidi oluruq, dünya yeni onlayn sistemlə çalışmağa başladı, təhsilin də bir hissəsi bu cür qaydalarla keçiriləcək və sairə. Bütün bunlar onu göstərir ki, koronavirus dünyada yeni düzəm qurmaqdadır və bu düzəm əvvəlkindən xeyli fərqli olacaq”.

Zülfüqar Yusifov da koronavirusun payızda bitəcəyi ilə bağlı proqnozlara da münasibət bildirib: “Çox xoş arzudur və mən də bu arzuya qoşulmaq istəyərdim. Lakin müşahidə edirik ki, bu virusa yoluxma dərəcəsi xeyli çoxdur, artıq yeni əlamətlər, simptomlarla ortaya çıxmağa başlayıb. Hətta mutasiyaların sayının da artması mümkündür. Bu baxımdan proqnoz vermək olduqca çətindir. Nəzər alsaq ki, payızda havalar getdikcə soyuyur və soyuq havalar immun sistemini aşağı salır, bununla da payızda virusun əksinə arta biləcəyi ehtimalı var.  Hətta virus hamımızın orqanizmində ola bilər, sadəcə immun sistemi zəifləyəndə virus özünü göstərməyə başlayır. Bu baxımdan payız fəsli virusun artması üçün risk ola bilər. Əgər virus payıza qədər ciddi şəkildə reduksiya etməsə, payızda həmin soyuq dövrlərə rəğmən daha da arta bilər. Yəni bunların hamısı ehtimaldır”.


Şəffaflıq.az
шаблоны для dle 11.2


Facebook-da paylaş