Ağsu aşırımında torpaq sürüşməsi olub, sürücülər üçün təhlükə yaranıb
Son günlər ölkənin dağlıq və dağətəyi ərazilərində müşahidə olunan intensiv yağıntılar nəticəsində Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində torpaq sürüşməsi yenidən aktivləşib. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Qeyd olunub ki, sürüşmə nəticəsində yolun 147-ci kilometrliyində asfalt örtüyündə çatlar və çökmələr yaranıb: "Dövlət Agentliyi tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Təhlükəli hissəyə xəbərdaredici nişanlar quraşdırılıb, sahə xüsusi lentlərlə işarələnib və nəqliyyat vasitələrinin hərəkəti digər zolaq vasitəsilə ikitərəfli qaydada təşkil olunub. Ərazi tərəfimizdən nəzarətdə saxlanılır". Vurğulanıb ki, hadisə ilə bağlı əraziyə mütəxəssislər cəlb olunub, baxış keçirilib, problemin aradan qaldırılması üçün müvafiq təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək. Maliyyə vəsaiti ayrıldıqdan sonra ərazidə bərpa işlərinə başlanılması nəzərdə tutulur. Şəffaflıq.az
Facebook-da paylaş








