Lənkəran Regional Elmi Mərkəzi 31 Mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş elmi konfrans keçirib


AMEA Lənkəran Regional Elmi Mərkəzi Quba Soyqırımı Memorial Kompleksi ilə birgə “1918-ci il Azərbaycanın bölgələrində azərbaycanlıların soyqırımı” mövzusunda Zoom platforması vasitəsilə elmi konfrans keçirib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəffaflıq.az-ın məlumatına görə, Konfransın moderatoru AMEA Lənkəran REM-nin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev bildirib ki, ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Fərmanın imzalanmasından 26 il ötür. Bu il Azərbaycan xalqı soyqırımın 106-cı ildönümünü qeyd edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli  Sərəncam imzalanmışdır. Bu sənədin ermənilər və onların havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyük və əvəzedilməzdir. Tarix heç zaman unudulmur, həm də yazılır.

Quba Soyqırımı Memorial Kompleksinin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova “1918-ci il Quba soyqırımı”, Lənkəran REM-nin direktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu Əliyev “Məmməd Səid Ordubadinin “Qanlı sənələr” əsərində 31 mart soyqırımı fəryadlarının əks-sədası”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov “31 Mart soyqırımı: dini abidələr kontekstində”, Lənkəran REM-nin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Samir Kərimov “Soltan Məhəmməd bəy Qulubəylinin “Təlatümlü illər” əsərində Lənkəran qəzasındakı mart soyqırımının təsviri”, Quba Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva “Şərqi anadoluda türk-müsəlman əhalisinin soyqırımı”, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri “1918-ci ildə Urmiyada azərbaycanlıların soyqırımı”, Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşı Namiq Bağırlı “Soyqırımı Memorial Kompleksinin əhəmiyyəti”, Lənkəran REM-nin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov “Lənkəranda türk-müsəlman soyqırımının tarixşünaslığı (arxiv materialları əsasında)” və Quba Soyqırımı Memorial Kompleksinin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “1918-ci il Neftçalada soyqırımı” mövzularında məruzələri dinlənilib.

Natiqlər qeyd ediblər ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı tablolarından biridir. Rəsmi mənbələrə əsasən, bu soyqırım nəticəsində 50 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, minlərlə insan itkin düşmüşdür. Bu məsələdə sön sözü  Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin Vətən müharibəsində qazanılan qələbənin son akkordlarını Xankəndi şəhərində 3 rəngli bayrağımızı ucaltmaqla dedi.

Elmi konfransı yekunlaşdıran Lənkəran REM-nin direktoru Mehman Əliyev tədbirin iştirakçılarına, onların kollektivlərinə və rəhbərlərinə minnətdarlığını bildirib, gələcəkdə də bu istiqamətdə əməkdaşlığın vacibliyini vurğulayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}