"Sonuncu tur yata bilməmişdik..." - Millimizin üzvü

 Qadınlardan ibarət şahmat millimizin üzvü Ülviyyə Fətəliyeva Qol.az-a müsahibə verib. Qadınlar arasında 23 yaşlı beynəlxalq qrossmeysterimiz üçüncü pillədə başa vurduqları komandalarası Avropa çempionatından, sonra turda Ermənistan üzərindəki tarixi qələbədən və hədəflərindən danışıb.

- Azərbaycanın qadınlardan ibarət millisi 27 ildən sonra Avropa çempionatında mükafatçılar sırasına düşərək tarixi uğura imza atdı. Millinin üzvü kimi turnir haqda fikirlərini bilmək istəyərdik.

- Neçə ildən sonra vətənə medalla dönmək həqiqətən də sevindirici haldır. Yarış 9 turdan ibarət idi və 32 komanda iştirak edirdi. Fərdi yarışlardan fərqli olaraq komanda yarışı daha böyük güc tələb edir. Çünki istər-istəməz  sən öz komanda yoldaşlarının lövhələrini nəzərə almalısan. Bu isə daha böyük güc tələb edir. Çünki konsentriyasiyanı toplamalı və komanda yoldaşının vəziyyətinə baxanda onun təsiri altında qalmamalısan. Bu amilləri nəzərə aldıqda komanda yarışı çox çətindir.Digər turnirlərdən fərqli olaraq bu il biz yarışa 5-ci sırada başladıq. Bu isə bizim məqsədlərimizi daha yuxarı çəkirdi. Çünki əvvəlki illərdə biz  deyirdik ki, əsas məqsəd ilk 10-luq və ilk 5-liyə düşməkdir. Lakin indi 5-ci nömrədə başlamağımız bizə böyük tələblər gətirirdi. Biz artıq ilk 3-lük üçün hazırlaşırdıq və Rusiya, Gürcüstan kimi nəhəng komandalar olmasına baxmayaraq, bunu qarşımıza məqsəd qoymuşduq.

- Əvvəlki illərlə müqayisədə nə dəyişdi ki, bu dəfə komandamız 3-cü pilləni heç kimlə bölüşdürmədən bürünc mükafata sahib çıxdı?

- İllər keçdikcə komanda daha da inkişaf edirdi və özümüzəinam həqiqətən çox var idi.  Son illərdə göstərdiyimiz nəticələr də bizim bu məqsədə doğru irəlilədiyimizi göstərirdi. Artıq neçə ildən sonra Azərbaycanı dünya kubokunda 3 qadın şahmatçı - mən,  Günay Məmmədzadə və Türkan Məmmədyarova təmsil edəcək. Bizim olimpiada da Xanım Balacayeva, Gülnar Məmmədovanın sayəsində qızıl medallarımız var. Bunlar göstərdi ki,  komanda yarışında da medalın vaxtıdır, çox şükür ki, elə də alındı.

 

- Bəzi oyunlarda millinin heyətində dəyişiklik olurdu. Ermənistanla son və həlledici matçda öz təkidinlə oynamaq istədin, yoxsa...

-  Hər tur kimin oynayıb-oynamamağına  komandanın kapitanı Fikrət Sdiefzadə və məşqçi Cahangir Ağarəhimov qərar verirdi. Onların qərarına əsasən heyət müəyyənləşirdi. Təbii ki bizim də fiziki durumumuz soruşulurdu. Özümüz necə hiss etməyimiz, kiminsə xəstə olub-olmaması nəzərə alınırdı. Bir sözlə, komandanın ümumi staretegiyası var idi. Axırıncı tur püşkatma çıxmadan  artıq biz bilirdik ki, Ermənistanla düşəcəyik. Çünki yeganə xalı uyğun gələn  komanda onlar idi. Medaldan əlavə olaraq o komanda  ilə oynayanda çox gərgin tur olur. İstər-istəməz düşmən komandadır və məsuliyyəti daha böyükdür. Hamımız oynamaq istəyirdik. Amma məşqçilər elə qərar verdi ki, əsas heyət çıxsın. Çox şükür ki, yaxşı da qurtardıq. 2.5:1.5 hesabı ilə qalib gəldik .

-İkinci turda İspaniyaya gözlənilməz məğlubiyyətin səbəbi nə idi?

- Əsas səbəb görüşün ilk turlarda olması idi. Komanda yavaş-yavaş formaya düşürdü. Yadımdadır ki, rəqibdə iki top, məndə iki vəzir və yüngül fiqurlar var idi. Mən oyunumda heç-heçə yüz faizlik idi və mən uduşa oynayırdım.  Komanda yoldaşlarının oyununa baxdıqdan sonra düşündüm ki, vəziyyət yaxşı deyil və həmin an  lazımsız yerə risk etdim və üstünlüyü əldən verdim. Turnir yeni başladığı üçün emosianal təsirin altında qaldım. Biz İspaniya ilə 6-7-ci turlarda düşsəydik, onları uda bilərdik. Çünki komanda yavaş-yavaş formaya düşürdü. Bir tərəfdən də İspaniyaya məğlubiyyət bizi  özümüzə gətirdi.  Bir az silkələdi ki, belə olmaz. Çünki 1-ci tur 4:0 udduğumuz üçün bir qədər rahatlaşmışdıq. Amma İspaniyaya məğlubiyyətdən sonra artıq özümüzə gəldik. Bildik ki, arxayınlaşmaq olmaz. Hansı komanda olmasından fərqli olmayaraq ciddi oynamaq lazımdır.

- Komanda yarışlarında komanda yoldaşının oyununa baxıb, onun variantını hesabladıqdan sonra səhvən həmin gedişi öz oyununda etməyin olub?


-  Bayaq da dediyim kimi, məndə komanda yoldaşımın oyununa baxıb lazımsız yerə risk etmək var. Çox vaxt yaxşı vəziyyəti risk edirəm ki, xal gəlsin. Amma bu, əslində düzgün deyil. Çünki hər yarım xal komandaya kömək edə bilər. Ona görə də vəziyyətə uyğun oynamalısan. Düzdür, komanda yoldaşlarının da oyununu nəzərə almalısan. Ancaq lazımsız yerə oyunu təhlükəyə atmaq da lazım deyil.  Çox şükür ki, öz oyunumda hələ bele bir şey olmayıb (gülür). Amma bəzən çaşıb elə etmək istəmişəm. Əlimi atıb o gedişi etməyi düşünmüşəm. Sonra yadıma düşüb ki, bu, mənim oyunumdur.

- Kişi milli komandamızın zəif çıxışının səbəbləri barədə  nə düşünürsən?

- Kişilərimiz hər zaman medal uğrunda mübarizə aparırlar. Çox vaxt qızıl, ən azı isə bürünc medalları olur. Şahmat elə bir şeydir ki, hər dəfə yer tutmaq olmur. Amma onlar bizə orada çox dəstək oldular. Çox sağ olsunlar. Onların da dəstəyini hiss edirdik.

- Millimizin ali təhsilli üzvlərindən birisən. Hazırda təhsilini davam etdirirsənmi?

- Xarici Dillər Universitetini Sabah qrupları ingilis dilli müəllimliyi fakültəsini bitirmişəm.Hazırda,magistr tehsilimi İtaliyanın Roma şəhərində La Sapienza Universitetində, ingilis ve amerikansunasliq ixtisası üzrə davam etdirirəm. Mən müəllim ailəsindən gəldiyim üçün təhsilimi davam etdirmək məcburiyyətində idim. Özümün  istəyim də o idi. Düzdür, çox çətin olur. Çünki artıq bakalavrdan hiss edirdim ki, bu, çox çətin bir şeydir. Universitetə hazırlaşmaq üçün mən iki il şahmata ara vermişdim. Çox  şükür ki, artıq geri dönəndə Avropa  və Azərbaycan çempionu oldum. Sonra isə milli komandada oynamağa başladım. Hazırda magistr üzrə İtaliyanın Roma şəhərində "La Sapanze"  universitetində təhsil alıram. Orada ingilis dili və Amerikaşunaslıq  fakültəsində oxuyuram.

 - Həm şahmatçı olmaq, həm də təhsilini bu cür yüksək səviyyədə davam etdirmək hər kəsə nəsib olmur. Maraqlıdır, Ülviyyə bunu necə bacarır?

- İstər-istəməz həm təhsil, həm də şahmat gərgin işdir. Əlimdən gələni edirəm ki, çatdırım və öz vəzifələrimi düzgün şəkildə yerinə yetirim.

- Bəs yarışların çoxluğu təhsilində problem yaratmır?

- Artıq məndə magistrın sonuncu ilidir və demək olar ki, bir-iki imitahanım qalıb. Bu vaxta qədər düzdür, çətin olurdu. Çünki istər-istəməz hər ikisini normal səviyyədə etmək üçün böyük güc lazımdır. Bu isə daha çox enerji itkisidir.Yarışa gedəndə də yorğunluq olurdu. Çox  şükür ki,  təhsil artıq başa çatır. Ümid edirəm ki, bundan sonra o eforu şahmata daha çox verə biləcəyəm və yarışlar daha uğurlu alınacaq.
- Magistr təhsilini bitirdikdən sonra üstünlüyü daha çox nəyə verəcəksən?

- Bilmirəm, bu nə qədər düzdür. Amma mən gələcək planlarım haqda danışmağı heç sevmirəm (gülür). Bircə onu deyə bilərəm ki, bu dəqiqə ən böyük məqsədim dünya kubokunda yaxşı iştirak etməkdir.

- Məşqçi kimi işləyirsən, yoxsa hazırda ancaq şahmatçı kimi karyeranı davam etdirməyi düşünürsən?

- Xeyr, məşqçi kimi işləmirəm. Çünki təhsil artıq bəs edir. Təhsil çox vaxtımı alır.
- Bu ili Azərbaycanda şahmat üçün uğurlu il adlandırmaq olur. Ardıcıl olaraq istər fərdi, istərsə də komanda şəklində uğurlar qazandıq. Səncə, növbəti ildən nə gözləmək olar...

- Niyə də gələn il bizim üçün daha uğurlu il olmasın. Hər şey hazırlıqdan asılıdır. Çox şükür o dəstəyi göstərirlər. Daha da yaxşı olsa, niyə də daha böyük uğurlar gəlməsin.
- Son illər uğurlu çıxışınla seçilirsən. Xüsusilə, bu il sənin üçün də fərqləndi. Komanda ilə Avropa çempionatını medalçısı olmazdan əvvəl  dünya kubokuna vəsiqə qazandın. Bu cür inkişafa nəyin sayəsində nail oldun?

- Şahmat elə bir oyundur ki,  hər şey təkcə hazırlıqdan asılı deyil. Bir il səndə bütün yarışlar alınmaya, digər il isə fərqli ola bilər. Bu il çox şükür ki, yaxşı gedir. Uğurlu nəticə üçün fiziki, emosinal hazırlıq olmalıdır.  Bunların hamısında da sağ olsun, müəllimim Fərid Abbasov köməklik edir. Avropa çempionatında da biz hər gecə  çalışırdıq. Fərdi Avropa çempionatı çox gərgin keçirdi. Məqsədimiz dünya kubokunda Azərbaycanı təmsil etmək şansı qazanmaq idi və bu da alındı. Komanda yarışında da Fərid müəllimlə sonuncu tur heç yata bilməmişdik. Biz hələ variantlara baxırdıq ki belə oynayaq. Çox şükür zəhmətlər bəhrəsini verdi. Müəllimin, ailənin dəstəyi çox önəmlidir, bunların da hamısı var. Onların dəstəyi  sayəsində hər şey çox yaxşı gedir.

- Şahmatda növbəti hədəfin nədir?

- Gələcək məqsədim  dünya kubokunda Azərbaycanı layiqincə təmsil etməkdir. Orada da əlimdən gələn edəcəyəm.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}