Bayrağımız niyə üçrənglidir? - Monotonluqdan çoxrəngliliyə keçidin sirri
Sabah Azərbaycan Respublikasının rəsmi dövlət bayramıdır.
Şəffaflıq.az Ovqat.com-a istinadla xəbər verir ki, on minlərlə vətəndaşımızın uğrunda canını fəda etdiyi üçrəngli bayrağımızın maraqlı bir tarixçəsi var və bu tarixcə dövlətin milli atributunun onun özündən niyə 6 ay sonra təsis olunduğuna aydınlıq gətirir.
Məlumata görə, 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk gündən ən çox üzərində dayandığı məsələlərdən biri əsas dövlət atributumuz kimi bayraqla bağlı olub. Hardasa, bir aya yaxın davam edən ciddi müzakirələrdən sonra həmin ilin iyun ayının 21-də hökumət bu barədə öz qərarını verir:
“Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin.”
Deməli, ilk bayrağımız əslində təkrəngli olub. Daha sonra müxtəlif dövlət xadimləri tərəfindən bu məsələ qaldırılıb və 1918-ci il noyabrın 9-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski yekun qərarını verib və dövlət bayrağımız indiki üçrəngli formasını alıb.
"Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış:
Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin."
Osmanlı bayrağı
AXC-nin ilk bayrağı
Dəyişiklikdən sonrakı variant
İddialara görə, əvvəl sadəcə qırmızı fonda hazırlanan bayrağımızın rənginin dəyişdirilməsi Osmanlı bayrağı ilə qarışıq düşməməsi zərurətindən irəli gəlirdi. Əslində Osmanlı bayrağı da təxminən o cür idi – qırmızı fonda aypara və beşgüşəli ulduz. İki bayraq arasında yeganə fərq Osmanlı bayrağındakı aypara və ulduzun daha böyük olması idi. Bir də Osmanlı ayparasının dilləri açıq qalırdı. AXC-nın ilk bayrağında isə dillər azacıq içəriyə doğru burulurdu. AXC qurucuları məhz bu eyniliyi aradan qaldırmaq üçün rəng dəyişikliyinə getməyə məcbur olmuşdular.
ABŞ veksilloloqu Uitni Smitə görə, yeni bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci il iyul ayının 10-da Bakıda nəşr olunan “Füyuzat” jurnalındakı məqaləsində müəllif bayrağımızda əks olunan çoxrəngliliyin mənasını belə izah edilirdi: "Türk hissiyyatlı, İslam etiqadlı, Firəng qafası". Bu gün türkçülük ideyasının əsas hədəfləri kimi tanınan həmin tezislər Əli bəy Hüseynzadəni özünün mənəvi atası sayan Ziya Gökalp tərəfindən də mənimsəniləcək və onun məşhur əsəri “Türkçülüyün əsasları” kitabının əsas prinsipinə çevriləcəkdi. Mustafa Kamal Atatürkün düşüncələrinə böyük dəyər verdiyi və Türkiyənin quruculuğunda bu ideyalardan istifadə etdiyi mütəfəkkir Ziya Göyalp milli hədəfimiz olan 3 rəngin əsrarını belə açıqlamışdı: “Türk qanlı, İslam imanlı, Avropa mədəniyyətli”.
Göründüyü kimi, istər Türkiyənin, istərsə də Azərbaycanın o məşəqqətli günlərində iki qardaş ölkə arasında təktərəfli faydalanma yox, yardımlaşma mövcud idi. Osmanlı ordusu bizə hərbi dəstək verir, ordu quruculuğumuzda iştirak edir, bizsə ona milli ideyalar və Qərb elmi nailiyyətlərini daşıyırdıq. Üstəlik, Türkiyənin Qurtuluş savaşında bəyənmədiyimiz Nəriman Nərimanovun da qardaş ölkəyə Azərbaycan SSR-nın Cəvahirat Fondundan tonlarla qızıl, hərbi texnikaları hərəkətə gətirəcək yanacaq verdiyi də bəllidir. Türkiyənin dünya imperializminə qarşı apardığı bu müharibəyə çoxsaylı könüllülərimiz də qatılmışdı.
O günlərin yadigarı olan bayrağımız 7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı onun binası üzərində qaldırılmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentini açan M.Ə.Rəsulzadə çıxışında müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngin "türk hürriyyətini, islam mədəniyyətini və müasir Avropa iqtidari-əhraranəsini" (demokratiyasını) ifadə etdiyini vurğulayırdı. O, başqa bir çıxışında isə deyirdi ki, Azərbaycanın Dövlət bayrağındakı bu üç rəng "türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur"
Bayrağımız barədə digər bir dövlət atributumuz olan himnimizin müəllifi Üzeyir Hacıbəyovun da səsləndirdiyi maraqlı fikirlər var. O, bayrağımızın bir illiyi münasibətilə qələmə aldığı “Bir yaş” adlı məqaləsində yazırdı:
"Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu... Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır. Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur".
Azərbaycan Xalq Cümhuriyyətinin sovet işğalından sonra süqutu ilə bayrağımızı müvəqqəti itirməli olduq. SSRİ-nin dağılması ilə üçrəngli bayrağımız Azərbaycan səmalarında yenidən dalğalanmağa başladı. 2009-cu ildə isə İlham Əliyevin imzaladığı Sərəncamla hər il noyabr ayının 9-da Bayraq günü kimi qeyd olunur.
Biz də oxucularımızı şair-publisist Heydər Oğuzun “Bayraq nədir” şeirilə təbrik edirik:
Bayraq nədir-deyə soruşan balam,
Nizə tək yad gözə batandır bayraq!
Verib sancıldığı torpağa salam
Yurdun təməlini atandı bayraq!
O mavi rəngində Turanı axtar,
Al rəngdə qanayan yaranı axtar,
Yaşılda İslamı, Quranı axtar,
Hər rəngə bir anlam qatandı bayraq!
İgidin qanına batıb allanır,
Şəhidə yorğandır, qəbrə yollanır.
Görsən, göydən enib yerə sallanır,
Bil ki, yerimizə utandı, bayraq!
Hələ qazanmadan şərəf cəngini,
Şeypurlar çalmadan marşı, cəngini,
Xəcalət rəngi bil, o al rəngini,
Sanma ki, qəflətdə yatandı bayraq.
Onu başı üstə qaldıran mərdi,
Qanına bələnib, göra göndərdi.
Onu ayaq alta salan namərdi
Gölgəsi altında tutandı bayraq!
Kiminin ümidi, kiminin baxtı,
Onunla bəzənib kiminin taxtı.
Məndən ayrı düşüb bir xeyli vaxtdı,
Nə əlim, nə ünüm çatandı bayraq!
Heydər, nə igidlər yola salsa da,
Yenə intizarda gözü dolsa da,
Kiminə səcdəgah, məbəd olsa da,
Kiminə adi bir kətandı, bayraq.
Şəffaflıq.az
Facebook-da paylaş