Qərbi Azərbaycan Xronikası: “Ölüm də olsa, gedib orada ölərəm” - VİDEO
Bu gün “Baku TV”də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib. “Qəzənfər kişi: “Ölüm də olsa, gedib orada öləcəyəm” adlı veriliş Qərbi Azərbaycandan deportasiya edilmiş, Gərnibasar mahalının Qəmərli (Artaşat) rayonunun Yamancalı kənd sakini, 1938-ci il təvəllüdlü Qəzənfər Məmmədovun həyat hekayəsinə həsr olunub. O, doğma ocaqlarından məcburən çıxarılmalarından və ermənilərin saxtalaşdırma siyasətindən danışaraq deyib ki, Qəmərli rayonunun 1967-ci ildən adını dəyişib Artaşat qoydular. O zamana kimi kəndin adı Yamancalı idi. Üç ildən sonra onun da adını dəyişib Dexsut qoydular. Bizim rayonda bütün kəndlərin hamısı Azərbaycan adları idi. Ayasdı kəndi var idi, dəyişdilər Agestan elədilər. Zöhrablı var idi, Zöhrablını dəyişdilər erməni adı qoydular. Hamısını bu formada dəyişdilər. Azərbaycanlı baytar kəkim var idi, onu da çıxarıb yerinə erməni qoydular”. Yamancalı kəndinin böyük kənd olduğunu və orada əsasən azərbaycanlıların yaşadığını söyləyən Q.Məmmədov ailəsinin başına gələn müsibətlərdən də danışıb: “1947-ci ildə İrandan çoxlu ermənilər gətirib bizim kəndə tökdülər. Onlar gələndən sonra bizimlə yol getmədilər və bizi kənddən çıxarmağa məcbur etdilər. Rəhmətlik atam, anam danışırdı ki, 1917-ci ildə də ermənilər camaatı sıxıblar, onlar da qaçıb Türkiyəyə gediblər. Sovet hökuməti gələndən sonra yenə Yamancalı kəndinə gəliblər”. Onun sözlərinə görə, son vaxtlarda ermənilər azərbaycanlılarla düşmən kimi davranıblar: “Son illər kənd içində gəzə bilmirdik artıq. Camaat gedib kənd içinə yığışırdı, ora gedə bilmirdik. Bir azərbaycanlı kənd içinə gedə bilmirdi. 1988-ci ildən sonra vəziyyət çox pis idi. Bizə düşmən kimi baxırdılar. Rayondan gəlib dedilər ki, ermənilərin qarşısını ala bilmirik, gərək kəndi tərk edəsiniz. Axırda gördük ki, daha burada yaşamaq olmaz, biz də köçdük gəldik. Biz gedəndən sonra evləri tamamilə yandırıb dağıtmışdılar”. O, doğma yurd-yuvasında yaxşı həyat sürdüyünü və Vətən həsrətilə yaşadığını söyləyib: “Ora bizim Vətəndir, Vətən üçün çox həsrətdəyəm. Ölüm də olsa, gedib orada ölərəm. Nə qədər yuxu görürəmsə, oranın yuxusunu görürəm. Bizim Vətən oradır, Qərbi Azərbaycandır, indiki Ermənistan. Allah Heydər Əliyevə rəhmət eləsin, ruhu şad olsun. İlham Əliyev də həmişə sağ-salamat olsun, bizim rəhbərimiz olsun, yumruğunu hərdən bir göstərsin”. Q.Məmmədov ermənilərə xatırlatma da edib: “44 günü yadınıza salın, yenə o günə düşərsiniz, ağıllı olun!” Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Facebook-da paylaş