Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat qəbul olunub
Milli Məclisin bu gün keçirilən iclasında "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat" qəbul olunub. Şəffaflıq.az xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib. Onun sözlərinə görə, Azərbaycanda dövlət satınalmaları sahəsində yeni qanunun tətbiqi ilə bağlı aparılan təhlillər nəticəsində 10-dan çox əsas təklif hazırlanıb: "Təkliflər dövlət satınalmaları üzrə idarəetmənin gücləndirilməsinə və mövcud çətinliklərin aradan qaldırılmasına yönəlib". Sədr qeyd edib ki, Azərbaycanda dövlət satınalmalarının əhəmiyyətli hissəsi müsabiqəsiz üsulla həyata keçirilib: "2025-ci ilin iş planı çərçivəsində keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri zamanı ümumilikdə 3 560 satınalma araşdırılıb və bu proseslər 3,8 milyard manat vəsaiti əhatə edib. Bu satınalmaların 60 %-i - 2 119-u müsabiqəsiz, yəni bir mənbədən satınalma metodu ilə həyata keçirilib və onların ümumi dəyəri 2milyard manatdan bir qədər çox olub. Audit və analitik fəaliyyətlər nəticəsində aşkar edilmiş nöqsanların 51,6 %-i büdcə qanunvericiliyi, 24,1 %-i isə dövlət satınalmaları ilə bağlı olub".
Facebook-da paylaş








