Elçin Əmirbəyov: Azərbaycan 2006-cı ildən Avropanın enerji təchizatında mühüm rol oynayır
Azərbaycan ilə Çexiya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamənin imzalandığı 2015-ci ildən etibarən ikitərəfli münasibətlər uğurla inkişaf edir. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Çex Respublikasına işgüzar səfəri çərçivəsində "Euro" (Financial Times) jurnalına müsahibəsində deyib. Müsahibə zamanı Azərbaycan–Çexiya strateji tərəfdaşlığı, Orta Dəhlizin artan əhəmiyyəti və bu xüsusda Azərbaycanın Avropa ilə Asiya arasında vacib nəqliyyat qovşağına çevrilməsi, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. E.Əmirbəyov Çexiyanın idxal etdiyi xam neftin mühüm hissəsinin Azərbaycandan tədarük olunduğunu diqqətə çatdıraraq, iki ölkə arasında enerji əməkdaşlığının yalnız neft sektoru ilə məhdudlaşmadığını, təbii qaz, bərpaolunan enerji və digər istiqamətlərdə də əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı marağın mövcud olduğunu vurğulayıb. Bununla yanaşı, Azərbaycan ilə Çexiya arasında müdafiə, sənaye, texnologiyalar və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün imkanların olduğu qeyd edilib.
Facebook-da paylaş








