XTQ-nin Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub.- FOTO
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) "N" hərbi hissəsində 2016-cı ilin Aprel döyüşlərinin 10-cu ildönümü və aprel şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Bu barədə Şəffaflıq.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib. XTQ komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov tədbirdə çıxış edərək 2016-cı ilin Aprel döyüşlərini Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan növbəti qələbələrin - Günnüt əməliyyatı, Tovuz döyüşləri, Vətən müharibəsi və antiterror əməliyyatını, bütövlükdə şanlı zəfərimizin başlanğıcı olduğunu qeyd edib. Çıxışlar zamanı vurğulanıb ki, XTQ mənsubları daima ölkəmizin təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyi naminə Ali Baş Komandanın əmrinə əsasən istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir və Vətən uğrunda canından keçməyə hazırdır. Şəhidlərin ailə üzvləri və yaxınları çıxışlarında onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbirdə çıxış edən döyüş iştirakçıları və ictimaiyyət nümayəndələri Aprel döyüşlərinin tarixi əhəmiyyəti, başvermə səbəbləri, Azərbaycan əsgərinin bu döyüşlər zamanı peşəkarlıq və şücaət göstərərək düşmənə sarsıdıcı zərbələr vurmasından danışıblar. Tədbirin bədii hissəsində Aprel döyüşlərinə həsr olunan sənədli film nümayiş olunub, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik mövzusunda musiqili kompozisiyalar nümayiş etdirilib. Sonda şəhidlərin şərəfinə ehsan süfrəsi təşkil olunub, ruhlarına dualar oxunub. Qonaqlara hədiyyələr təqdim edildikdən sonra xatirə şəkilləri çəkdirilib.





Facebook-da paylaş








