AXC – müstəqilliyimizin əbədi atəşi Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçilik tarixində yeri

Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti zaman etibarilə böyük bir dövrü əhatə etməsə də XX əsr Azərbaycan tarixində xüsusi rol oynayıb:

 "Dövrün tələbi və milli mənafeyimiz naminə bərqərar olan respublika milli sərvətlərimiz üzərində ali hakimiyyət hüququ əldə etməklə xalqımızın beynəlxalq aləmdə tanınması yolunda da mühüm addımlar atdı. XIX əsrin ilk illərindən çarizmin zülm yükünü öz üzərində daşımağa məcbur olmuş bir xalq, 1918-ci ilin 28 mayında milli istiqlaliyyətini elan etdi, müstəqil daxili və xarici siyasət yeritmək imkanı əldə etmiş oldu. Məhəmməd Əmin Rəsulzadə və onun məsləkdaşları qısa bir vaxtda yurdumuzun müstəqil bir ölkə kimi beynəlxalq aləmdə tanınmasına heç də asan yolla nail olmadılar, qarşıya son dərəcə ciddi maneələr çıxırdı. Bu maneələrin yaranmasında müstəmləkəçi dövlətlərlə yanaşı xalqımıza düşmən kəsilmiş erməni daşnakları və onları dəstəkləyən regional və beynəlxalq qüvvələr də az rol oynamadılar.

Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisidir. AXC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərib. 1919-cu ilin sonu və 1920-ci ilin əvvəllərində Azərbaycanda vəziyyətin çox gərgin olması, sovet müdaxiləsinin olma təhlükəsi, ictimai qüvvələrin, siyasi partiyaların qütbləşməsi, Azərbaycanın inkişaf istiqamətində baxış və mövqelərin barışmazlığı, iqtisadi və maliyyə böhranının yaranması, parlament və hökumətdə parçalanmanın, mövcud dövlət quruluşunu devirmək istəyən qrupların meydana gəlməsi, regional güclərin hərbi-siyasi və geostrateji planlarında Azərbaycanı işğal etmək planlarının olması, hətta onun adının “Azərbaycan” olmasını belə qısqanclıqla qarşılayanların olması və s. səbəblər AXC-nin süqutuna gətirib çıxardı. Moskva siyasətində Bakı Qafqazın inqilabi, Yaxın Şərq üçün siyasi mərkəzi hesab ediridi. Lenin isə deyirdi: "Bakını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna verin". Dövlətçilik tariximizdə ilk dəfə demokratik prinsiplər əsasında fəaliyyət göstərən müstəqil AXC-nin yaranması ilə Azərbaycanın ilk parlamenti və höküməti, müstıqil daxili və xarici siyasət aparması, milli ordunun yaradılması, dövlət aparatı təşkil edildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, maarif və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk Universiteti təsis olunması və s. məsələlər dövlətliçilik tarinzimizdə əhəmiyyətli yer tutur.

AXC-nin süqutu ilə biz əsrlərdir arzuladığımız, mili dövlətçiliyimizi, milli ordumuzu, milli burjuazıyamızı, mili məfkurəmizi, ziyalarımızı, ərazimizin 30 min kv.km itirdik, dövlət müstəqiliyimiz bütün atributlarını, milli istiqlaliyyətimizi itirdik. Buna baxmayaraq AXC qurucuları özlərinin mühacirət həyatında Azərbaycan və müstəqillik ideyalarını öz yazılarında və həyat tərzlərində öz qanları və canları hesabına yaşadaraq bizlərə əmanət etdilər. Bu gün bizlər həmin müqəddəs amala sahib çıxmalı, Azərbaycan dövlət müstəqiliyini öz qanımız, canımız və milli mübarizəmiz sahəsində yaşatmalıyıq. Bu baxımdan da 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistan, Gürcüstan, Türkiyə, Dağlılar Respublikası və Türküstanda diplomatik nümayəndəliyi, İranda səfirliyi, Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi, Paris Sülh Konfransında səlahiyyətli nümayəndə heyəti fəaliyyət göstərdiyi yerlərin önlərində xatirə lövhələrinin vurulması milli tariximiz və dövlətçiliyimiz baxımdan əhəmiyyətli, faydalı olardı.

Tariximizi, milli-mənəvi dəyərlərimizi öyrənmək hər bir gəncin canında, ruhunda, evində olmalıdır. Hər bir gənc bilməlidir, Azərbaycan dövləti milyonlarla Azərbaycan oğlu və qızlarının canı, canı və mübarizəsini hesabına qurulub. Müstəqilliyimizə və dövlətçiliyimizə müqəddəs amal və vəzifə kimi baxmalıyıq. Bütün şəhidlərimiz yad edilməli, öyrənilməli və təbliğ edilməlidir. Azərbaycanın nəinki dövləti, hətta adı belə bir sıra dövlətləri tarixən narahat edib və bu gün də narahat edir. Ona görə AXC dövrü bizim gəncliyimizə daha dərində elmi və tarixi faktlara söykənməklə təbliğ edilməlidir. AXC qurucularının – M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, F.Xoyski,Ə.Hüseynzadə,M.Hacinski,S.Mehmandarov, Ə.Şıxlinski, N.Şeyxamanlı, S.Ağabəyzadə Cavanşir Behbud xan,Cəfərov Məmməd Yusif, Hacınski Camo bəy, Ü.Hacıbəyli, X. Xasməmmədov, X.Rəfibəyli,  X.Sultanov, N.Yusfbəyli, A.Ziyadxanl, İ.Ziyadxanlı və s. şəxsiyyətlərin hər birinin fəaliyyəti gənclər təbliğ edilməlidir. Həqiqətən araşdıranda, oxuyan da görürsən ki, bunlar nə qədər dövlətini və xalqına bağlı şəxisyyətlər olublar. Amalları Azərbaycan müstəqil dövlət kimi görmək olub. Necə İsmayıl xan Ziyadxanlı demişkən “Onlar öz qiymətli qanları ilə gənc respublikanın müqəddəs tarixinin ilk səhifələrini yazaraq gələcək nəsillər üçün yadigar qoydular. 

Dövlət müstəqiliyimizin elan edilməsindən sonra Azərbaycan hökumətinin qarşısında duran mühüm vəzifələrdən biri də milli ordunun formalaşdırılması və bu ordunun respublikanın suverenliyini qorumağa qadir olan bir qüvvəyə çevrilməsi başlıca vəzifələrdən biri idi: “1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. AXC ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-dək ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artilleriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi, dəmiryol batalyonu təşkil edilməli idi. Oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi, qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi. 

1918-ci ilin dekabr ayının 26-da Rusiya ordusunda xidmət etmiş artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şıxlinski onun müavini, general-leytenant Suleyman Sulkeviç isə baş qərargah rəisi təyin olundu. 1918-ci ildə yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti iyun ayının 26-da ölkənin Milli Ordusunun, Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul etmiş, silahlı qüvvələr yaranmış və Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə Azərbaycanı hərbi təcavüzlərdən qoruma istiqamətində fəaliyyət göstərmişdir.

1919-cu ilin yayında Denikin ordusunun Azərbaycana hərbi müdaxiləsi təhlükəsinin artdığı bir dövrdə Cümhuriyyət ordusunun döyüş qabiliyyətinə arxalanmaqla bütöv müdafiə sisteminin yaradılmasına nail olundu, Şimal sərhədlərinin, Abşeronun və Bakının müdafiə sistemləri quruldu. Bu müdafiə sistemlərinin möhkəmləndirilməsi üçün kifayət qədər qüvvə və vəsait ayrıldı. 1919-cu ilin iyununda Dövlət Müdafiə Komitəsi yaradıldı və bununla da ölkənin müdafiəsinin təşkili konkret bir orqanda mərkəzləşdirildi.

AXC-nin siyasi və hüquqi varisi olan müstəqil Azərbaycan Respublikası AXC dövrünün bütün dövlət atributlarını özündə tam ehtiva edir. Bu baxımdan Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 30 yanvar 1998-ci il tarixli, 731 saylı Sərəncamı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi ilə bağlı Dövlət Komissiyası yaradılmış, 22 fevral 1998-ci il tarixli, 750 saylı Sərəncamı ilə həmin komissiyanın tədbirlər planı, 16 may 2017-ci ildə  Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı, eləcə də 16 may 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı haqda imzalanmış sərəncamlar son dərəcə siyasi, hüquqi və tarixi əhəmiyyət kəsb edir.

AXC dövrünü yüksək qiymətlədirən ümummilli lider Heydər Əliyev deyirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yayıb və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarıb”. "1997-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 79-cu ildönümünə həsr olunmuş təntənəli yığıncaqda Azərbaycan Prezidenti Heydər Əliyev 1918-ci ilin mayına qədər Cənubi Qafqazda, о cümlədən Azərbaycanda baş verən siyasi hadisələrə qiymət verərək qeyd edir: "Azərbaycan Xalq Cümhuriyyəti elan olunana qədər bu bölgədə mövcud vəziyyət son dərəcə mürəkkəb olub. Birinci Dünya Müharibəsi və onun nəticələri bu bölgəyə ağır təsir göstərib". Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə AXC-nin fəaliyyətinə xüsusi qiymət verən Azərbaycan Prezidenti Heydər Əliyev öz çıxışında deyib: "Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda çox işlər gördü. İlk dəfə olaraq müsəlman Şərqində demokratik bir respublika yaratdı. İlk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinin nə olduğunu hiss etdi və gördü". Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümü ilə bağlı tədbirdə Heydər Əliyev AXC rəhbərlərinin siyasi fəaliyyətini xüsusi vurğulayaraq bildirib: "Onlar öz cəsarətli fəaliyyətləri ilə Azərbaycanda ilk müstəqil dövlətin qurulması üçün güclü addımlar atdılar. Xalqımıza müstəqillik ənənələri qoyub getdilər".

İstiqlal bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hər il ölkəmizdə Respublika Günü kimi qeyd olunur: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 may 2017-ci il tarixdə AXC-nin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında sərəncam imzalayıb. Eyni zamanda cənab Prezidentin digər sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuş, ölkəmizdə və xarici ölkələrdə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Prezident İlham Əliyevin imzaladığı Sərəncamda deyilir: “...Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb”. Bu zəmin 1991-ci ildə gerçəkləşdi, Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Fikrimcə, bu gün bizlər həmin müqəddəs amala sahib çıxmalı, Azərbaycan dövlət müstəqiliyini öz qanımız, canımız və milli mübarizəmiz sahəsində yaşatmalıyıq. Bu baxımdan da AXC-nin fəaliyyət göstərdiyi səfirlik və nümayəndəliklərin önlərində xatirə lövhələrinin vurulması milli tariximiz və dövlətçiliyimiz baxımdan əhəmiyyətli olardı". 

Cənab Prezident İlham Əliyev deyir: “Bizim gənc nəslimiz, əlbəttə ki, tarixi olduğu kimi bilməlidir. Mən oxuduğum dövrdə biz təhrif edilmiş tarixi öyrənirdik. Azərbaycan xalqının qanını axıdan daşnak-bolşevik bandalarının rəhbərləri qəhrəman kimi təqdim edilirdi. Mən məktəbdə və ali məktəbdə oxuyarkən bu kitablar, bu saxta tarix kitabları əsasında oxumuşam. Biz müstəqilliyə qovuşandan sonra real tarixi bildik. Qəhrəmanlar düşmən kimi göstərilirdi, düşmənlər qəhrəman kimi. Ona görə, biz - sovetlər birliyində yaşamış insanlar, - sovetlər birliyi dağılanda mənim 30 yaşım var idi, bütün təhsilimi bitirmişdim, - ondan sonra öyrəndim ki, bizə nə qədər ziyanlı və saxta tarix təqdim edilirmiş. Ona görə indiki şəraitdə biz həm qədim tariximizi, eyni zamanda, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə bərabər çalışacağıq"- deyə, tarixçi alim cənab Prezidentin fikirləri ilə sözlərini yekunlaşdırıb.


Sübhan Talıblı,

  AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent 




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}