Hər əzələ şişirdən məşqçi ola bilərmi?


Rövşən Əsədov yazır...

Bir iş idi, oldu...

Adətən, nəyisə səhv edəndə özümüzə təsəlli veririk ki, əşi, bir iş idi, oldu, keçdi. Bəzən də bu cümlə elə bir yerdə işlənir ki, adamın nitqi tutulur. Heç xəyal belə edə bilmirsən ki, bu hadisədən sonra necə deyə bilərsən ki, bir iş idi, oldu?!

Amma iki gündür hamını sarsıdan bir olaya “bir iş idi, oldu” deyənlər var. Sumqayıtda yerləşən 19 nömrəli tam orta məktəbin idman zalında baş verənləri nəzərdə tuturam. Özünü məşqçi adlandıran Mehman Xəlilov adlı şəxs yeddi yaşlı Fərid Bakarovun məşq zamanı boynunu sındırıb. Bir müddət sonra uşaq aldığı xəsarətdən dünyasını dəyişib.

Hadisə sosial şəbəkələrdə “gün üzü” görəndən sonra alovun üstünə su səpmək üçün adıçəkilən məşqçinin uşaqla məşq zamanı çəkilən görüntülərini paylaşdılar. Göstərməyə çalışdılar ki, uşaqla ehtiyatla, gözəl, normal rəftar edir. Hamı da düşündü ki, hadisədir, ehtiyatsızlıqdan baş verib, yəqin. Heç bir gün keçmədi ki, başqa bir görüntü yayıldı. Nəzarət kamerasından qeydə alınan görüntü bu mələk donu geyinən məşqçinin necə insanlıqdan uzaq olduğunu ortaya qoydu. Görüntülər o qədər ağırdır ki, izləmək belə, adamın nəfəsini kəsir. Uşaqların hərəsini bir tərəfə yıxır, həyatını itirən uşağın isə saçından tutub sürüyür, təpikləyir, taqətsiz, ayaq üstə dayana bilməyən uşağın başından tutub qaldırır, olmazın işgəncələr verir.

Həyatımda belə ağır bir görüntü izləməmişdim. İnsan necə amansız, qəddar, vəhşi, zalım, qaniçən olmalıdır ki, özündən onlarla yaş balaca olan bir uşağa qarşı məşq adı ilə belə zülm versin?!

Yeddi yaşlı mərhum Fəridin babası deyir ki, onlar həm də qohum olublar. Qohum olduğunu iddia edən bir qadın isə canlı bağlantıların birində dəhşətli təfərrüatı açıqlayır. Qeyd edir ki, hadisəni törədən və özünü məşqçi adlandıran şəxsin yaxınları hadisədən sonra onlara gəliblər. “Bir işdir də, olub, keçin, getsin” deyiblər. Sanki əllərindən bir qədəh düşüb sınıb. Onun söhbətini edirlər. O dəhşətli işgəncə görüntülərindən də dəhşətli bir sözdür – “bir hadisədir, olub, keçib”. Heç kim fərqində deyil yeddi yaşlı bir insanın həyatını itirməsinin, heç kim fərqində deyil yenicə həyata başlayan bir uşağın arzularının nakam qalmasının, heç kim fərqində deyil o atanın, o ananın nələr çəkdiyinin, heç kim fərqində deyil hadisənin nə qədər dəhşətli olmasının...

Bəlkə də, bunların başvermə səbəbi ölkədə idmana göstərilən diqqətin çox olmasıdır. Dahi şairimiz Nizami Gəncəvinin bir beyti gəldi ağlıma. Deyirdi ki, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. Yəqin ki, göstərilən bu diqqət və qayğı artıq dərd verməyə başlayıb. İnternet üzərində idmançı yazıb axtarışa vermək kifayət edir. Nəticələrin çoxu gözlədiyimiz kimi idmançıların uğurları ilə bağlı deyil, onların törətdikləri cinayətlərlə bağlıdır. Jurnalisti döyüb öldürən kim, gecə klubunda adam qətlə yetirən kim, bahalı avtomobillə insanların üzərindən keçən kim, bıçaqlayan kim, zalda uşaq qatili olan kim...

Sanki bir mənfi tendensiya yaranıb. İdmançısansa, sənin lüks şəraitin olacaq, bahalı maşınların, hətta erməni məğlub eləsən, vəzifən də, rütbən də olacaq. Nə istəsən, edə biləcəksən, cəzasız da qala bilərsən, möhkəm dayansan.

Elə özünü məşqçi adlandıranı da bu ilhamlandırıb, yəqin. Ailəsini qabağa verib, onlar da deyirlər ki, işdir, olub, keçib.

Hətta özünü yeddi yaşlı Fəridin qohumu kimi təqdim edən qadın daha bir gizlini də açıqlayır. İddia edir ki, həmin “məşqçi” həm də narkotik istifadəçisi imiş. Qanında narkotik maddə də aşkarlanıb. Əgər belədirsə, o zaman məşqçi lisenziyasını ona kim verib? Bu qədər uşağı necə başına yığıb onlara işgəncə verir?

Məsələnin digər faciəli məqamı isə həmin məşqçinin cəzasız qalması üçün dəridən, qabıqdan çıxan kənar şəxslərin olmasıdır. Qadının iddialarına görə, məşqçi üçün pulyığma kampaniyası başladıblar, daha yaxşı vəkil tutub onun cəzalanmamasına nail olmaq istəyirlər. Belə “məntiqi” nəticəyə gəlinir ki, ölən ölüb, məşqçini xilas edək, cəzadan azad edək ki, azadlıqda qalıb guya cəmiyyətə xeyir versin. Kim zəmanət verir ki, o daha bir (neçə) uşağı zədələyib xəsarət yetirməyəcək? Kim zəmanət verə bilər ki, ölüm hadisəsindən sonra onun azadlıqda qalması, cəzalanmaması tendensiya halını almayacaq? Kim zəmanət verə bilər ki, bu cəzasızlıqdan, həyatını itirən fidanın qanının batmasından neçə-neçə “məşqçi”lər “ilhamlanmayacaqlar”?!

Baş verən bu hadisədən sonra o qədər suallar yaranır ki, adam bilmir hansına cavab tapsın. Ümumiyyətlə, bu məşq zallarına nəzarət edilirmi, hər kəs istədiyi yerdə zal açıb uşaqlara bu cür davranış göstərə bilərmi? Aidiyyəti qurum bu məsələyə necə nəzarət edir? Biz necə arxayın ola bilərik ki, digər zallarda da vəziyyət belə deyil? Hər əzələ şişirdən, yaxud hansısa yarışda yer tutan şəxs pedaqoq-məşqçi ola bilərmi?

Ümid edirik ki, bu məsələyə ən yüksək səviyyədə hüquqi qiymət veriləcək, günahkar ən ağır formada cəzalandırılacaq, onun yeddi yaşlı uşağa göstərmədiyi rəhmi, mərhəməti hüquq-mühafizə orqanları da ona göstərməyəcəklər! Aidiyyəti qurumlardan bu kimi halların bir daha təkrarlanmaması üçün idman zallarına nəzarəti gücləndirməyi, günahkara ən ağır cəza verməyi xahiş və tələb edirəm! Başqaları ilhamlanmasınlar deyə, hər yoldan keçən zal açıb özünə məşqçi deməsin deyə, başqa uşaqlar xəsarət almasınlar deyə, həyatlarını itirməsinlər deyə, cinayətlər cəzasız qalmasın, daha sərt cəza tədbirləri görülsün deyə tələb edirəm!

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}