Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
ABŞ Prezidenti Donald Tramp İranın razılaşma təklifini və ya atəşkəsin bitməsi üçün son tarix müəyyən etməyib. Şəffaflıq.az-ın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərlə görüşdə bildirib. "Bu gün oxuduğum bəzi məlumatlara baxmayaraq, Prezident İrandan təklif almaq üçün sərt vaxt qrafiki müəyyən etməyib. Nəticədə, son tarixi Ali Baş Komandan - ABŞ Prezidenti müəyyən edəcək", - o, bu barədə suala cavabında bildirib. Daha əvvəl İsrailin "Ynet" portalı yerli mənbəyə istinadən bildirib ki, ABŞ Trampın İranda atəşkəsin yalnız 26 aprelə qədər uzadılması barədə İsrailə məlumat verib. Livitt "Fox News"a müsahibədə həmçinin qeyd edib ki, ABŞ İranla danışıqlarda mövqeyini açıq şəkildə bildirib, zənginləşdirilmiş uranın təhvil verilməsini tələb edib və hazırda Tehranın cavabını gözləyir. "İran heç vaxt ABŞ-ni və müttəfiqlərimizi təhdid etmək üçün nüvə bombası əldə edə bilməyəcək və onlar (İran tərəfi - red.) əllərindəki zənginləşdirilmiş uranı təhvil verməlidirlər. Biz İran rəhbərliyindən cavab gözləyirik", - o deyib. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir neçə şəhərə zərbə endiriblər. Əməliyyat Yaxın Şərqdə gərginliyə səbəb olub və bütün Fars körfəzi ölkələrini münaqişəyə cəlb edib ki, bu da Hörmüz boğazının bağlanması ilə nəticələnib. İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparmağa çalışıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib. Tehrana təzyiq göstərmək üçün ABŞ İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya aldığını elan edib. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan etdi. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Facebook-da paylaş








