Əflatun Amaşov: Cənab Prezidentin çıxışında səsləndirdiyi məqamlar məhz bundan irəli gəlir....
Şəffaflıq.az bildirir ki, bu barədə fikirlərini Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib.
O qeyd edib ki, Azərbaycan Mətbuat Şurası ayrı-ayrı şəxslərin mediadan korporativ maraqlar naminə yararlandıqları reallığını dəfələrlə vurğulayıb.
"Bunu bəzən özlərinə rəqib şəxslər barədə kompramat materiallar dövriyyəyə buraxmaqla gerçəkləşdiriblər. Həmin materiallar isə bir qayda olaraq jurnalistikadan sui-istifadə edənlərin əlinə düşüb. Mətbuat Şurası belələrini «reket jurnalistlər» adlandırır. Hətta bəzi məmurlarla «reket jurnalistlər» arasında təmasın olduğuna dair şübhələrimiz də olub. Bu qənaətimiz Şuraya daxil olan şikayətlərin motivinə əsaslanıb”, - Ə.Amaşov qeyd edib.
Ə.Amaşovun sözlərinə görə, Azərbaycan Mətbuat Şurası belə hallara qarşı daim mübarizə aparıb.
"İllərdir ki, Şuranın tərkibində «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası fəaliyyət göstərməkdədir. Komissiyada dövlət qurumlarının nümayəndələri də təmsil olunurlar. Mətbuat Şurası peşə vəzifəsindən sui-istifadə edən, insanların şərəf və ləyaqətini aşağılayan, işgüzar nüfuzuna zərər vuran kütləvi informasiya vasitələrinin adlarının yer aldığı «qara siyahı» tərtib edib. «Qara siyahı» media sahəsindəki yarıtmazlıqlara qarşı mübarizədə ən tutarlı ictimai qınaq tədbiridir. Ancaq bu yetərlidirmi? Təbii yox. Bəli, ictimai qınaq yetərli deyil. Çünki məsələnin kökündə hansısa KİV-in peşə müstəvisində yol verdiyi nöqsan və ya nöqsanlar dayanmır. Bir çox məsələlər bilərəkdən, planlaşdırılmış şəkildə həyata keçirilir. Cənab Prezidentin çıxışında səsləndirdiyi məqamlar məhz bundan irəli gəlir.
Ölkədə aparılan islahatları gözləri götürməyən qüvvələr mövcuddur. Ancaq məsələnin digər tərəfi də var. Heç kəs təminat verə bilməz ki, bu qüvvələr nə vaxtsa xaricdəki anti-milli dairələrlə əlaqə qurmayacaqlar. Bu gün islahatı özlərinin şəxsi maraqlarına təhdid kimi görənlər sabah bu təhlükəni aradan qaldırmaq üçün kimlə desən əməkdaşlığa gedərlər. Şübhəsiz ki, hazırkı boşluqda onların medianın gücündən faydalanma ehtimalları mümkündür. Deməli, qarşıda duran vəzifə həmin boşluğu aradan qaldırmaqdır. Yəni bir daha vurğulayım, yalnız ictimai qınaqla kifayətlənmək olmaz.
Medianın sırf dövlət tərəfindən nizamlandığı, tənzimləndiyi dövrə qayıda bilmərik. Buna görə Azərbaycan Mətbuat Şurasının hüquqi statusunun dəyişdirilməsini təklif etmişik. Nəzərə almaq lazımdır ki, medianın özünütənzimləmə modeli kimi Şuranın ictimai qınaqdan başqa müəyyən təsir rıçaqları olmalıdır. Bu, yalnız bizim fikrimiz deyil, bütövlükdə media ictimaiyyətinin mövqeyidir.
İkincisi, bu gün internet media orqanlarının həyatımıza təsiri çox güclüdür. Amma bu təsir cəmiyyətin tələblərinə nə dərəcədə adekvatdır? Biz bəzən yayımladığı material şikayətə səbəb olmuş internet KİV-in ünvanını tapa bilmirik. Sayta baxırsan, heç bir əlaqə vasitəsinə rast gəlinmir. Çünki KİV kimi bunu onlardan heç tələb edən də yoxdur. Yəni məsələnin hüquqi məsuliyyətini daşımırlar. Buna görə təklif etmişik ki, internet media hüquqi münasibətlər sistemində özünə məhz KİV kimi yer tutsun”.
Mətbuat Şurasının sədri bildirib ki, ümumən islahatlar KİV sahəsini də əhatə etməlidir:
"Reklam bazarı genişləndirilməlidir. Bunun üçün hüquqi mexanizmlər işə salınmalıdır. KİV-lərin yayımı və satışı işi təkmilləşdirilməlidir. Əgər birbaşa qanunvericilik islahatından danışırıqsa, diffamasiya məsələsinə ciddi önəm verilməlidir. Nəzərə alınmalıdır ki, diffamasiyanın dekriminallaşdırılması yalnız təhqir və böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılması demək deyil. Diffamasiya mühiti media sisteminə yeni düzən gətirən sistemdir. Dünya praktikasına baxsaq, bu sistemdə sözə, ifadə edilən fikrə görə məsuliyyət həddən artıq böyükdür, cəza tədbirləri isə kifayət qədər adekvatdır. Biz buna nail olmalıyıq.
Bir daha bildirməliyəm ki, cənab İlham Əliyevin iqtisadi müşavirədə səsləndirdiyi fikirlər son dərəcə vacibdir, aktualdır. İstənilən cəmiyyətdə yeniliyi bir növ, süngü ilə qarşılayanlar olur. Azərbaycanda da var. Dövlət başçımız çıxışında bunun media üzərindən gerçəkləşdirildiyinin anonsunu verdi. Bu bizim üçün kifayət qədər ciddi siqnaldır.
Əlbəttə, media islahat gedişində nəzərə çarpan nöqsanları, çatışmazlıqları diqqətə çatdırmalı, hətta ən sərt tənqidə də yer verməlidir. Ancaq heç bir halda tənqid qərəzə köklənməməlidir, onun hərəkətverici qüvvəsi yalnız ictimai maraq və mənafe olmalıdır. Hansısa media orqanı nəyinsə müqabilində islahatın qarşısında dayanan qüvvənin ruporu rolunda çıxış edirsə, özünün ictimai missiyasını unutmuş olur. Dövlət başçısının da bildirdiyi kimi, ortaya çox ciddi siyasi iradə qoyulub - "Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq”.
Peşəsinə sadiq jurnalistlərin toplaşdıqları media orqanlarımız məhz bunun üçün çalışırlar və heç bir qüvvə bu yolun gedilməsinə qarşı çıxa bilməz.
Facebook-da paylaş