Agentlik sədri: “Ötən il 11 KOB Dostu fəaliyyətə başlayıb”


“Sosial sahibkarlığın inkişafı məqsədilə ötən il də KOBİA müvafiq dövlət qurumları və özəl sektorla birgə müxtəlif tədbirlər və layihələr həyata keçirib”.

Şəffaflıq.az-ın məlumatına görə, bunu KOBİA-da 2022-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə tərəfdaş qurumlarla birgə “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda sosial müəssisə, sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin, o cümlədən şəhid ailələrinin üzvlərinin, qazilərin müvafiq peşə biliklərinə yiyələnmələri üçün Masallıda Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi fəaliyyətə başlayıb:

“Həmçinin, KOBİA-nın təqdim etdiyi qrant çərçivəsində “Azərbaycanda sosial sahibkarlığın inkişafı” kitabı çap olunub. “Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində biznes və peşə təlimlərini uğurla başa vurmuş 24 nəfər üçün seçdikləri fəaliyyət sahəsi üzrə biznes plan hazırlanıb, 6 nəfər artıq lazımi avadanlıqlarla təmin edilib. Digər iştirakçılar isə bu il müvafiq avadanlıqlarla təmin olunacaq. KOBİA, “Rabitəbank”, ASK və AQSİA-nın birgə tərəfdaşlığı ilə həyata keçirilən “Biznesdə qadınların gücü” layihəsi üzrə 134 müraciət daxil olub. Bu yaxınlarda layihə çərçivəsində təlimlərə başlanılacaq”.

O qeyd edib ki, 2022-ci ildə 140-a yaxın gənc, indiyədək isə 480-dən çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub:

“Ötən il “KOB könüllüsü” olmuş 2 gənc, ümumilikdə isə 13 könüllü gənc agentlikdə işlə təmin edilib”.

Sədr əlavə edib ki, 2022-ci ildə 11 (Zaqatala, Ağdam, Ağcabədi, Ağstafa, Daşkəsən, Göygöl, Qax, Xızı, Zəngilan, Tovuz və Gədəbəy rayonlarında) KOB Dostu fəaliyyətə başlayıb:

“Hazırda KOB Dostu şəbəkəsi ölkənin 38 şəhər və rayonunu əhatə edir. KOB dostları KOBİA-nın yerlərdəki nümayəndələri olmaqla, sahibkarlıq fəaliyyəti ilə bağlı biznes subyektlərinə yerində operativ dəstək və xidmətlər göstərir.

Ötən il KOBİA-nın strukturuna daxil olan KOB inkişaf mərkəzləri tərəfindən ümumilikdə 730-dan çox təlim keçirilib, 11300 saatdan çox məsləhət xidməti göstərilib ki, bu xidmətlərdən 9700-dən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs faydalanıb. Həmçinin, 2022-ci il ərzində KOBİM-lər tərəfindən ödənişsiz olaraq sahibkarlara 300-dən çox biznes planının hazırlanmasında dəstək göstərilib. KOBİM-lərin dəstəyi ilə ötən il Bakı və regionlar daxil olmaqla, kənd təsərrüfatı və xidmət sahələrində 30 yeni KOB subyektinin yaradılması dəstəklənib.

180 təlim videosundan ibarət onlayn təlim platformasından 2022-ci ildə 1000-ə yaxın KOB subyekti yararlanıb.

Azərbaycan tərəfindən KOBİA-nın və Almaniya tərəfindən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”dan 2022-ci ildə 46, 2009-2022-ci illərdə isə ümumilikdə 526 sahibkar və menecer faydalanıb”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}