Bu gecə Böyük çillə daxil olur

Bu gecə ilin ən uzun gecəsi - Çillə axşamıdır.
Şəffaflıq.az xəbər verir  ki, bu barədə AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli AZƏRTAC-a bildirib ki, Böyük çillə 40, Kiçik çillə 20 gün davam edir. Sonra Boz ay gəlir ki, onun da ömrü 30 gündür. Böyük çillə dekabrın 21-dən 22-nə keçən gecə başlayır (bəzi bölgələrdə bir gün əvvəl qeyd edilir), fevral ayının 1-2-si bitir.
Atəş Əhmədlinin sözlərinə görə, çillə gecələrini Novruz çərşənbələrinədək olan yolun başlanğıcı saymaq olar: “Çillə gecəsinə daxil olmaq Novruz mərasimlərinin, rituallarının, qış dövrü bölgülərinin giriş hissəsidir. Əgər biz İlaxır çərşənbədə çillədən çıxırıqsa, yaz bayramını qəbul ediriksə, sual olunur ki, bəs bu çətinlik nə vaxt girdi? Bu sual izah tələb edir. Ona görə də dekabrın 21-də Böyük çilləyə, qış fəslinə daxil olmağımızı, eyni zamanda, Novruza hazırlığın başlanğıc mərhələsi hesab etmək olar. Çünki bu dövrdə torpaq yumşaldılır, ağaclar budanır, təmir işləri aparılır və s. Bu isə bir növ yaza, Novruza hazırlıqdır. Düşünürəm ki, bütün bunlar 3 ay ərzindəki bu mərasim kompleksinin, çillədən yazın gəlişinədək olan dövrün, proseslərin sistemli şəkildə öyrənilməsini tələb edir”.
Təəssüf ki, çillə axşamları unudulmaq üzrədir. Amma sevindirici haldır ki, son dövrlərdə bəzi bölgələrdə bu bayramın qeyd olunmasında canlanma hiss olunur. Bu barədə danışan Atəş Əhmədli bildirib ki, çillə gecəsinin ritualı ən çox Naxçıvan ərazisində qalıb. Amma son illərdə Lənkəranda, bəzi qərb rayonlarında bayramın müəyyən rituallarına əməl olunmasına başlanılıb. Bu günün xüsusi ritualları və təamları var. Çillə gecəsində, əsasən, xəmir xörəklərinin bişirilməsinə üstünlük verilir, həmin gün hədik və xəşil bişirərlər. Qoz halvası, yerkökü halvası, paxlava, günəbaxan toxumu, meyvələr və şirniyyatlar bu gecə süfrədə olmalıdır.
Qeyd edək ki, dekabrın 21-dən 22-nə keçən gecə Yer kürəsinin şimal yarımkürəsində ilin 365 gününün ən uzun gecəsidir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}