“Üzmək qadağandır!” nişanı ilə bitən məsuliyyət: “Ölüm” kanallarının kənarına niyə sədd çəkilmir? - FOTO


Yay fəslinin gəlişi ilə əlaqədar, xüsusilə rayonlarda su kanallarında çimməyə çalışan şəxslərin sayı artıb. Onların əksəriyyəti isə uşaqlar və azyaşlılardır. Təəssüf ki, təhlükəsizlik tədbirlərinə əhəmiyyət verilməməsi boğulma halları ilə nəticələnir. Çox zaman isə valideyn nəzarətindən kənar qalan uşaqlar ehtiyatsızlıqdan su kanallarına düşərək, boğulurlar.

Sonuncu dəfə bu cür bədbəxt hadisə Xaçmaz rayonunun Armudpadar kəndində baş verib. Belə ki, 10 yaşlı Məhəmməd Elsevər oğlu Pirsaatov həmyaşıdları ilə oynayarkən su kanalına düşüb və batıb.

Ölümlə nəticələnən bu halların baş verməməsi üçün su kanallarının ətrafına sədd çəkilməsi və nəzarətin gücləndirilməsi dəfələrlə gündəmə gətirilsə də, bu istiqamətdə heç bir addım atılmayıb.  

Problemlə əlaqədar Oxu.Az-a danışan “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat katibi Dilqəm Şərifov vurğulayıb ki, su kanalları çəkilmədən öncə onların layihəsi hazırlanır:

“Əksəriyyəti isə layihəyə əsasən açıq tipli, beton kanallardır. Həmin su kanallarında üzmək çox təhlükəlidir. Su kanallarının uzunluğu kilometrlərlə ərazini əhatə edir deyə, kənarlarına sədd çəkilməsi qeyri-mümkündür. Bununla belə müəyyən məsafədən bir “Üzmək qadağandır!” işarəsi və yazısı qeyd edilir. Sahə rəisləri də daim yerli əhali ilə söhbətlər aparır, kanallarda çimməyin təhlükəsini izah edirlər. Xüsusilə valideynlərə bir daha deyirik ki, övladlarına su kanallarında üzməyə cəhd etməsinlər. Çox zaman insanlar buna diqqət etmədiyindən boğulma halları baş verir. Bəzən nəzarətçilərin çox olması haqqında təkliflər ortaya atılır. Amma o qədər uzun bir ərazidə hər addımbaşı nəzarətçilərin qoyulması mümkün deyil. Yenə də valideynlərə, yerli sakinlərə müraciət edirik ki, su kanallarında çimməyə yol verməsinlər, övladlarına nəzarət etsinlər, təhlükədən özlərini və övladlarını qorusunlar”.

Təhlükəsizlik eksperti Elmar Nurəliyev isə bildirib ki, regionlarda yaşayan sakinlər bu cür su hövzələrində dincələrkən, üzərkən düzgün yer seçməli, təhlükəsizlik qaydalarına riayət etməlidirlər:

“Ani bir diqqətsizlik belə ölümlə nəticələnə bilər. Su kanallarında, o cümlədən çaylarda, göllərdə batan şəxslərlə bağlı hər il çoxlu xəbər oxuyuruq. Fikir versək, görərik ki, boğulma halları adətən eyni ərazilərdə təkrarlanır. Belə halların qarşısını almaq üçün maarifləndirmə ilə bərabər təhlükəsizliyin artırılması da vacibdir. Boğulmaların təkrarlandığı hissələrdə nəzarətçilərin qoyulması, kanalın məhz o hissəsinə sədd çəkilməsi, “Üzmək qadağandır!” işarələrinin artırılması və s. addımlar atmaq olar. Ümumi konsepsiyanın olması vacibdir ki, bu cür su hövzələrində təhlükələri minimuma endirmək mümkün olsun.

Azyaşlıların su kanallarında batması halları isə daha ciddi məsələdir. Çünki bu məqamda valideyn məsuliyyətsizliyi böyük rol oynayır. Valideynlər yay mövsümündə övladlarına su kanallarında üzməyin təhlükəsini davamlı izah etməli, onları bu fikirdən çəkindirməlidirlər. Çox təəssüf ki, uşaqlarla bərabər elə böyüklər özləri də qaydaları, qadağaları bildikləri halda buna riayət etmirlər. Su kanallarında, göllərdə çimirlər, hətta spirtli içki qəbul edərək, günün qaranlıq saatlarında suya girirlər. Bu məsuliyyətsizliklərin fonunda bədbəxt hadisələrin olması qaçılmazdır”.

Azyaşlıların boğulması hallarında valideyn məsuliyyətsizliyinə toxunan sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, indiki cəmiyyət 20-30 il əvvəlkindən daha fərqlidir və insanlarda etinasızlıq özünü göstərir. Bu, valideyn-övlad münasibətlərinə də aiddir:

“Cəmiyyətdə gedən proseslər insanların psixologiyasında, davranışlarında özünü göstərir. Ölkəmizdə son 30-35 ildə xaotik, gərgin mühit olub. Bu durumda yetişən valideynlər arzuolunan xarakterlərdə formalaşmayıblar. Yəni indiki valideynlərdə məsuliyyətsizlik, etinasızlıq çoxalıb, uşağa diqqət azalıb. Bunu təmin etmək üçün təkcə medianın, ekspertlərin təbliğatı kifayət deyil. Təhsil sistemi ciddi şəkildə dəyişməli, məktəblərlə valideynlər arasında sıx münasibət olmalıdır. Təhsil müəssisələrində sosial işçilərin artırılması, onların valideynlərlə birlikdə işləməsinin təmin olunması lazımdır. Cəmiyyət mürəkkəbləşdikcə təhlükə halları da çoxalır. Bu, təkcə uşaqların nəzarətsiz qalıb, valideynin başısoyuqluğundan istifadə edib, qadağan olunmuş ərazilərdə çimməsi, boğulması faktları deyil. Azyaşlıları təhlükəyə atan yüzlərlə məqam var. Ona görə, valideynlər bu cür məsələlərə diqqətlə yanaşmalı, təhsil sistemi isə valideynlə işləyə bilən formada qurulmalıdır”.

Aysel Aslan 

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}