Lənkəran Regional Elmi Mərkəzində “Ümummilli Lider Heydər Əliyev və müstəqil Azərbaycan Respublikası” mövzusunda elmi seminar keçirilib.-FOTO

Mayın 6-da bu mövzuda AMEA Lənkəran Regional Elmi Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş elmi seminar keçirilib.

Əvvəl tədbirin qonaqları Mərkəzin foyesində yeni istifadəyə verilmiş, AMEA-nın ilk şəhidi, Lənkəran REM-nin əməkdaşı Mahsun Zahir oğlu Bağırzadənin xatirə lövhəsinin önünə təzə-tər qərənfillər düzüblər.


Şəffaflıq.az xəbər verir ki, Elmi seminarı giriş sözü ilə açan Lənkəran REM-nin direktoru Mehman Qaraxan oğlu Əliyev tədbir iştirakçılarını salamladıqdan sonra qonaqları təqdim edib.

Mövzu ilə əlaqədar çıxış edən Mehman Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev XX yüzilliyin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərmiş dahi şəxsiyyətdir. Heydər Əliyev öz xalqının dahi oğlu olmaqla yanaşı, həm də dünyanın ən qüdrətli tarixi simaları sırasına yüksəlmiş nadir şəxsiyyətdir.

Sonra AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Heydər Əliyevin prezidentliyi dövründə (1993-2003) Azərbaycan Respublikasının xarici siyasəti” mövzusunda məruzə edib.

Məruzə ətrafında müzakirələrdə Lənkəran şəhər Osman Mirzəyev adına 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin direktoru Samirə İsmayılovanın “Heydər Əliyev və təhsil siyasəti”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədovun “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirlinin “Azərbaycanda tolerantlıq və multikulturalizm” mövzularında çıxışları dinlənilib.


Məruzə və çıxışlarda qeyd edilib ki, 1993-cü ilin iyun günlərində Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlanmış qurtuluş mübarizəsi özünün yeni - həlledici mərhələsinə qədəm qoydu və bütün Azərbaycanın qurtuluşu başlandı. Daxili və xarici siyasətdə, milli ordu quruculuğunda köklü dəyişikliklər baş verdi, iflasa uğramış iqtisadiyyatımız tədricən dirçəldi, işğal altında olan Qarabağımızın azad edilməsi istiqamətində mühüm addımlar atıldı, Azərbaycanda milli-mənəvi dəyərlərimiz bərpa edildi, təhsil siyasətində uğurlar qazanıldı, ölkəmiz tolerantlıq və multikulturalizm diyarına çevrildi. Bütün bu və digər nailiyyətlər hazırda möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir, 30 illik Qarabağ həsrətimizə həmişəlik son qoyulub.


Ulu Öndərin söylədiyi kimi: “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır!”

Elmi seminarın işində fəal iştirak etdiklərinə görə Samirə İsmayılovaya, Sübhan Talıblı, Cahangir Cahangirli və Qağayı Məmmədova Lənkəran REM-nin təşəkkürnamələri təqdim olunub.

Mərkəzin direktoru Mehman Əliyev tədbirin bütün iştirakçılarına o cümlədən Lənkəran Tibb Kollecinin tələbələrinə minnətdarlığını bildirib.

Sonda xatirə şəkilləri çəkilib.




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}