Bakıda məşhur iş adamının evindən iki il ərzində oğurluq edən kim imiş?
“Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirovun evindən pul və zinət əşyaları oğurlanıb. Ailə oğrunu yaxalamaq üçün evə kamera yerləşdirib, bəlli olub ki, mənzilə “əl gəzdirən” kənar şəxs deyil, uşaqların dayəsi Gülər Piriyevadır. Virtualaz.org-un xəbərinə görə, Gülər Piriyeva Vüsalə Bəşirovanın uşaqlarına dayəlik edib, onun mənzilində xadimə işləyib. İşlədiyi iki il ərzində ev sahibinin mənzilindən qızıl-zinət əşyaları və nağd pul oğurlayıb. Ümumilikdə, V.Bəşirovaya 56 min 770 manatlıq ziyan vurub.
Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran rayon sakini 44 yaşlı Gülər Piriyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Təqsirləndirilən Gülər Piriyeva ifadəsində 2016-cı ildən etibarən qohumlarının vasitəsilə tanış olduğu Vüsalə Bəşirovanın evində onun uşaqlarına dayəlik etdiyini, sonradan təmizlik işləri ilə məşğul olmağa başladığını, ötən ilin avqust ayına kimi sözügedən mənzildə xadimə işlədiyini deyib: “Ayda 300 manat maaş alırdım. Ev sahibəsi ilə heç vaxt ədavətim, düşmənçiliyim olmayıb. Ötən ilin fevralında yataq otağını təmizləyəndə xalçanın üzərindən bir üzük tapdım. Həmin üzüyü Lənkərana gedəndə “Böyük bazar”da 180 manata satdım”.
Növbəti dəfə mənzildə təmizlik işləri aparan Gülərin əlləri “dinc” dayanmayıb. Bu dəfə gözü çarpayının üzərindəki qara sellofan paketə sataşıb. Tez-tələsik paketi açıb içərisinə baxıb: “Paketin içərisində bir neçə zərf, zərflərdə ağ kağıza bükülmüş dollarlar var idi. Hamam otağına keçdim. Zərfin birinin içərisindən 100-lük dollarlar götürüb alt paltarımda gizlətdim. Qalan pulları isə səliqə ilə yerinə qoydum. Həmin vaxt Vüsalə xanım uşaqları ilə birgə digər otaqda idi”.
Zərərçəkmiş Vüsalə Bəşirova ifadəsində üç il bundan öncə xadimə axtardığını, uzaq qohumlarının vasitəsilə Gülərlə tanış olduğunu, onu işə götürdüyünü, ayda 450 manat maaş verdiyini deyib: “Uşaqlarımla birgə Türkiyəyə istirahətə gedəndə “Atatürk” hava limanında pul kisəsini Gülərə saxlamağa verdim. Özüm isə uşaqları ayaqyoluna apardım. Bakıya qayıdanda gördüm ki, pul kisəsinin içərisindəki 2 min dollardan 400 dolları yoxa çıxıb. Gülərə ondan şübhələndiyimi desəm də, oğurluğu etiraf etmədi. Bundan sonra Gülərin maaşını azaltdım, hər ay 300 manat verdim”.
Zərərçəkmişin ifadəsinə görə, 2018-ci ilin fevral ayından etibarən ona məxsus qızıl-zinət əşyalarının bir hissəsi, yataq otağında saxladığı bağlamanın içərisindəki pulların bir qismi müəmmalı şəkildə yoxa çıxıb. Xadimədən şübhələnsə də, əlində heç bir sübut olmayıb. Sonuncu dəfə sellofan paketdə saxladığı pulları sayarkən 1000 dollar çatmadığını görüb. Mənzildə quraşdırılmış müşahidə kamerasına baxdıqda isə pulların xadimə tərəfindən götürüldüyünü şahidi olub: “Gülərin zərfləri necə açaraq on ədəd 100-lük dollarları götürüb paltarında gizlətdiyi videogörüntülərdə əks olunmuşdu. Onun mütəmadi olaraq oğurluq etdiyinə əmin idim, amma sübut edə bilmirdim. Sonuncu hadisədən sonra polisə şikayət etdim”.
Məhkəmədə son sözlə çıxış edən G.Piriyeva isə ittihamla razılaşmadığını, V.Bəşirovanın evindən bir qızıl üzük və 1000 dollar pul oğurladığını etiraf edib. Belə bir addım atmasını isə üç aydan bəri maaşını ala bilməməsi ilə əsaslandırıb.
Məhkəmənin hökmü ilə G.Piriyeva 6 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq zamanı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, iş üzrə zərərçəkmiş V.Bəşirova “Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirovun həyat yoldaşıdır.
Şəffaflıq.az
Facebook-da paylaş