Baş nazir: "BTQ-nin Gürcüstan hissəsinin tikinti işlərinin 95 %-i tamamlanıb"


Gürcüstan ərazisində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsi çərçivəsində aparılan tikinti işlərinin 95 %-i tamamlanıb.

Şəffaflıq.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatının təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, Gürcüstan Dəmir Yollarının modernləşdirilməsi layihəsi uğurla həyata keçirilir.

“Layihədə nəzərdə tutulan altı tunelin hamısının tikintisi başa çatıb. Uzunluğu 8 kilometrdən çox olan Kişxeti-Zvareni Zaqafqaziyada birləşdirən ən uzun dəmir yolu tunelinin layihəsi həyata keçirilib. Dəmir yolu daşımaları may ayından sınaq rejimində bərpa edilib”, - deyə Baş nazir qeyd edib.

Xatırladaq ki, BTQ-nin Gürcüstandan keçən 184 kilometrlik hissəsinin təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri tamamlanıb. Görülmüş işlər nəticəsində bu dəmir yolu xəttinin illik yükdaşıma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Modernləşdirilmiş BTQ xətti Çin və Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin böyük hissəsinin Orta Dəhlizlə Azərbaycan üzərindən daşınmasına imkan verəcək.

BTQ ilə yükdaşıma bu il mayın 20-dən bərpa edilib, həmin gün 20 konteynerdən ibarət ilk yük qatarı Abşeron Logistika Mərkəzindən Gürcüstan istiqamətində hərəkət edib.

BTQ-nin tikintisinə 2008-ci ildə başlanılıb və dəmir yolu xətti 2017-ci il oktyabrın 30-dan istismara verilib, 2023-cü ilin mayın 16-dan onun Gürcüstan hissəsi təmir-bərpa işləri ilə əlaqədar bağlanılıb. Dəmir yolu xəttinin Gürcüstan hissəsinin mürəkkəb, dağlıq relyefə malik olması (bəzi yerlərdə işlər dəniz səviyyəsindən 2 400 metr hündürlükdə aparılırdı), bu bölgədə payız-qış aylarında hava şəraitinin qarlı-şaxtalı keçməsi (hətta temperaturun mənfi 30 dərəcəyədək düşməsi) təmir-bərpa işlərinin sürətlə aparılmasına mane olmayıb. Sözügedən ərazidə payız-qış mövsümündə qarlı hava şəraiti səbəbindən avtomobil yolları bağlanır, dəmir yolu nəqliyyatı yeganə daşıma vasitəsi kimi regionun mərkəzlə əlaqəsində olduqca önəmli rol oynayır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}