Mübariz İbrahimovun ruhunu aşağılamaq haqqını haradan almısınız?!” - Pisixoloq Nəzrin Şahmarzadəyə

 Sizin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı gündəmə gətirdiyiniz anormal fikirlər məndə acı təəssüflər doğurdu. İnciməyin, rəyiniz nə həkim rəyinə oxşayır, nə də savadlı psixoloqun düşüncə tərzi ilə qətiyyən uzlaşmır.
Hadisənin təfərrüatını, ümumiyyətlə, müharibənin qayda və tələblərini bilmədən, döyüş xəttində əsgərin hansı əhval-ruhiyyədə olduğu və hansı duyğularla yaşadığı barədə adi təsəvvürləri dərk etmədən belə yanlış nəticə üzərində dayanmaq sizin bağışlanılmaz səhvinizdir. Milli Qəhrəmanımızın göstərdiyi rəşadət və igidliyi gətirib də cinayət və qəddarlığa bağlamaq, onun ruhunu aşağılamaq haqqını haradan almısınız?! Bu iddianı kimlər sizə “hədiyyə”olaraq bağışlayıb?!
İstər-istəməz şübhələr yaranır. Mübarizə qədər erməni düşmənlərimiz günahsız insanlarımızı, əgər öz millətiniz hesab edirsinizsə, dinc əhalimizi ağlagəlməz vəhşiliklə qətlə yetiriblər, Xocalıda hamilə azərbaycanlı qadının diri-diri qarnını xəncərlə yarıb 8 aylıq körpəni ananın bətnindən çıxararaq başını kəsiblər. Tarix bu cür alçaqlığı xatırlamır. O zaman düşmənin cinayətini və xalqımıza qarşı törətdiyi genosid hadisəsini yada salmağa sizə mane olan, qarşınızı kəsən nədir, yaxud hansı səbəblərdir?! Bəlkə pisixoloq həkim kimi bu cinayətlərdən xəbərsizsiniz? Amma doğrusu inanmamağa fürsət yeri qoymamısınız, Nəzrin xanım!
Mübariz İbrahimov bu qəhrəmanlığı öz şərəfli əsgəri həyat səlnaməsinə yazarkən mən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsində çalışırdım. O, 18 iyun 2010-cu il tarixində, təxminən, gecə saat 24 radələrində kəşfiyyat tapşırığını yerinə yetirmək üçün təmas xəttinin 700 metrlik minalanmış sahəsıni sürünə-sürünə keçərək düşmənin yerləşdiyi mövqeyə yaxınlaşmış və ilkin olaraq iki qumbaranı işğalçı qüvvələrin səngərinə tərəf atmışdır. Düşməni təşvişə salan güclü partlayışdan sonra Mübariz pulemyot və avtomat Kalaşnikovla bir saata yaxın qeyri-bərabər döyüşə girməli olur. Düşmən bu döyüşdə 12 itki verir, 17-si ağır yaralanır. Mübariz İbrahimov isə qəhrəmancasına həlak olur.
İnsanlığını itirmiş düşmən bütün beynəlxalq konvensiyaları pozaraq yalnız 140 gündən sonra – 6 noyabr 2010-cu il tarixində işğal altında olan Baş Qərvənd tərəfdən Mübarizin nəşini təhvil verdi. Cinayətkar hesab etdiyiniz qəhrəman əsgərimiz bu hadisədən üç gün əvvəl düşmən snayperi ilə öldürülən iki döyüş dostunun qisasını almaq üçün özünü odun-alovun içinə atmışdır.
Nəzrin xanım, bu da sizin nifrət etdiyiniz, Vətən uğrunda canını fəda eləyən bir azərbaycanlı balamızın həyat hekayəti!!! Başqa sözüm yoxdur!!!
Eldar SABİROĞLU

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}