“Reketçiliklə məşğul olan adamların jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Onlar cinayətkardır və hüquq-mühafizə orqanları da onların barəsində lazımı tədbirləri görməlidir”.
Moderator.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib. Reketçiliklə məşğul olan bir sıra saytların ayrı-ayrı məmurlar tərəfindən himayə olunduğunu vurğulayan Ə.Amaşov təklif edib ki, hüquq-mühafizə orqanları həmin saytların və qəzetlərin fəaliyyətini araşdırsın:
“Hüquq mühafizə orqanları araşdırma aparmalıdır ki, bu saytlar necə və kimlər tərəfindən maliyyələşdirilir, onların arxasında hansı iş adamı, dövlət məmuru və ya təşkilat dayanır. Əlbəttə ki, jurnalistlər bütün bunları araşdırmaq gücünə malik deyil. Bu məsələdə dövlət qurumları, xüsusilə də hüquq-mühafizə orqanları fəal olmalıdır və bu məsələlərə aydınlıq gətirilməlidir. Mən yenə təkrar edirəm ki, bu hadisələr baş verirsə, kimsə kimsəni qorxudub nə isə əldə etmək istəyirsə, kimsə kiminsə barəsində rüsvayedici materialı yaymaqla ona böhtan atırsa, bunu edənin kimliyindən və ya peşəsindən asılı olmayaraq, Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq məsuliyyətə cəlb olunmalıdır. Bu sahədə kifayət qədər cəsarətli addımlar atmaq lazımdır. Bu baş verərsə, bundan həm cəmiyyət, həm də jurnalistika qazanar. Belə olan halda jurnalist adından istifadə edən bir sıra ünsürlər də bu cür əməllərindən qorxub çəkinərlər. Nəticədə isə bu Azərbaycan jurnalistikasının inkişafına müsbət təsir göstərər”.
Azərbaycanın dövlət büdcəsindən internet mediasına da vəsaitin ayrılması məsələsinə toxunan Ə.Amaşov qeyd edib ki, bu məsələ hələ öz həllini tapmayıb:
“Mən hər zaman demişəm ki, digər KİV-lər kimi, reklamla öz maliyyə imkanlarını hələ qura bilməyən aparıcı internet mediasına da dövlət maliyyə dəstəyi verməlidir. Əgər dövlət dəstəyi olmasa, sadaladığım həmin “reket jurnalistika” ilə yetərli mübarizə aparmaq çətindir. Burada KİV-lərin kim tərəfindən maliyyələşməsi məsələsi də vacib məqamlardan biridir. Hesab edirəm ki, internet mediasına da dövlətdən maliyyə ayrılsa, həmin KİV-lər daha peşəkar, operativ fəaliyyət göstərə bilər. Ən əsası isə dövlətçilik yönündə olar. Həm də “reket jurnalistika” ilə mübarizə daha intensivləşər”.
Facebook-da paylaş