Bakıda dayanıqlı cəmiyyətin formalaşmasında qadınların rolu müzakirə edilib
Bakıda təşkil olunan "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" konfransı çərçivəsində "Gələcəyin dayanıqlı cəmiyyəti: qadınların gücləndirilməsi naminə strateji hədəflər və tərəfdaşlıq" adlı panel sessiyası keçirilib. Şəffaflıq.az-ın məlumatına görə, sessiya zamanı qadınların ictimai-siyasi həyatda daha geniş təmsil olunması və qərar qəbuletmə proseslərində fəal iştirakının təmin edilməsi ilə bağlı müzakirələr aparılıb. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib ki, nikah bağlanarkən hüquqların həm qadına, həm də kişiyə aydın şəkildə izah olunması zəruridir. O vurğulayıb ki, İslamda və milli adət-ənənələrdə qadına verilən dəyərin bu kimi nümunələr vasitəsilə cəmiyyətə çatdırılması böyük əhəmiyyət daşıyır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Nigar Arpadarai isə qadınların kişilərlə rəqabət deyil, tərəfdaşlıq münasibətləri qurmaq istədiklərini diqqətə çatdırıb. "Qızlar təhsil almalı, özlərini təmin etmək bacarığına sahib olmalıdırlar. Bu, onların zorakılıq halları ilə üzləşməməsinə, peşəkar karyera qurmasına və qərar qəbuletmə prosesində fəal iştirakına şərait yaradır. Qadınlar yumşaq güc kimi beynəlxalq münasibətlərə fərqli baxış bucağı gətirə bilərlər. Biz başqa ölkələrin uğurlu təcrübələrini öyrənərək öz şəraitimizə uyğunlaşdıra bilərik. Bu kontekstdə qadınların təhsilli olması ən mühüm məsələlərdən biri olaraq qalır".
Facebook-da paylaş








