Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var
Qaradağda yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" markalı yük avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşın həyatını itirərək deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1993-cü il təvəllüdlü Əliyev Rəmzi Savet oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Şəffaflıq.az
Facebook-da paylaş








