"Ukrayna polisi Vətən müharibəsi iştirakçısını həbs etmək üçün 15 min rüşvət verib"
Vətən müharibəsi iştirakçısı Misir Qasımlının Ukraynada həsb olunması Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. Ukrayna məhkəməsinin qərarı ilə Azərbaycan vətəndaşının 8 il müddətinə azadlıqdan məhrum edilməsinin ədalətsiz qərar olduğu iddia edilir. Hökmdən dərhal sonra Misir Qasımlı və onunla birgə həbs olunan dostu Sübhan Quliyev məhkəmənin çıxardığı hökmə etiraz ediblər. Misir Qasımlının vəkili Aygül Rzayeva da məhkəməyə qarşı tərəfin saxta rəy təqdim etdiyini, işin ədalətli araşdırılmadığını bildirib. A.Rzayeva Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Misir Qasımlı zərər vurduğu iddia edilən şəxslə kafedə tanış olub. Həmin şəxs Ərəb adlı Britaniya vətəndaşıdır:"Misir Qasımlı dostu Sübhanla kafedə istirahət edirmiş. Bu zaman onlara ingilis dilində danışan bir şəxs yaxınlaşıb. Misir isə ingilis dilində bilmədiyindən tərcüməçilərin köməyi ilə onunla danışıb. Həmin şəxs Misirə tanış olmaq istədiyini bildirib. Misir isə ona kişi ilə tanış olmadığını söyləyib. Daha sonra həmin şəxs Misirgilin kafedə hesabını ödəyib. Misir isə onu yanına çağırıb, hesablarını ödəməyə ehtiyac olmadığını bildirərək pulu ona geri qaytarıb. Onların arasında beləcə söhbət başlayıb. O, Misirdən bu gün haraya gedəcəklərini soruşub. Misirin isə həmin gün doğum günü olub. Misir doğum gününü qeyd etməyə davam edəcəyini söyləyib. Həmin şəxs də Misirgillə birgə kafedən çıxıb. Kafedə ancaq ingiliscə danışan Ərəb yolda rus dilində Misiri internetdən tanıdığını, onun müharibədə iştirak etdiyini bildirib. Deyib ki, o, narkotik ticarəti ilə məşğul olur. Misir kimi idmançı cüssəli şəxsə ehtiyacı var. Misir isə əsəbləşərək onu avtomobildən düşürüb.Avtomobili ayıq sürücü idarə edib. Misir isə qabaq oturacaqda əyləşib. Arxa oturacaqda isə Ərəblə Sübhan əyləşib. Baş verənlərə ayıq sürücü də şahiddir. Amma Ukrayna məhkəməsi ayıq sürücünü dindərməyib. Həmin şəxsin planı Misiri və dostunu narkotik maddə üstündə həbs etdirmək olub. Bu planlarının işə düşmədiyini gördükdə onun üzərinə qanunsuz silah, adam oğurluğu ittahamlarını atıb".Vəkil bildirir ki, zərərçəkmiş Ukrayna polisinə şikayət ərizəsi yazmamış, polis onu həbs edib. Bundan sonra Ərəb adlı şəxs şikayət yazaraq Misirgilin onu bıçaqladığını, kriptovalyuta kartlarını ələ keçirdiklərini iddia edib: [media=//baku.tv/az/dunyaa/65895/][media=//baku.tv/az/dunyaa/65895/#t=67][media=] "Güya Misirgil ona odlu silahla hədə-qorxu gəliblər. Halbuki baş verənlərin hamısı kameralara düşüb. Belə bir fakt yoxdur. Zərərçəkmiş ona maşında bir bıçaq zərbəsi endirildiyini deyirdi. Şalvarı da ekspertizaya təqdim olunmuşdu. Ötən prosesdə şalvarı maddi sübut olaraq açdılar. Önündə üç deşik, arxasında 6 deşik var idi. Polislər özləri şalvarı deşik-deşik ediblər. Lakin zərərçəkmiş ifadəsində bir dəfə vurulduğunu söyləmişdi. Xəsarət də qeydə alınmayıb. Sual olunur ki, maşında əyləşən biri arxadan necə vurula bilər? Onu bu halda 9 bıçaq zərbəsindən qan aparardı. Maşından isə qan tapılmayıb. Daha sonra heyvan qanını maşına töküblər. Şalvardakı qanın isə ümumiyyətlə mənşəyi bilinmir. Ekspertiza müəyyən edə bilməyib, bununla bağlı rəy də verib".Vəkil son məhkəməyə qoşula bilmədiyini də söyləyib. A. Rzayeva hazırda hökmü gözlədiklərini, hökmdən appelyasiya şikayəti verəcəklərini bildirib. Onun sözlərinə görə, Vətən müharibəsi iştirakçısının ölkəmizə ekstradisiyası barədə düşünmürlər: "Ekstradisiya o deməkdir ki, biz çıxardılmış hökmlə razılaşırıq. Bu işdə isə qanun pozuntuları var. Biz bunu sübut edərək onların bəraət almasına çalışacağıq".Vəkil onu da bildirdi ki, Ərəb adlı şəxs illərdir psixi pozuntuları olduğu üçün dispanserdə müalicə alıb, orada qeydiyyatdadır: "Məhkəmədə də dindirilərkən bildirdi ki, xəstəliyi ilə bağlı narkotik tərkibli, psixotrop maddələr qəbul edir. Onun əli ilə Sübhanı və Misiri şərləyiblər".A.Rzayeva deyir ki, məhkəmə qərarından hər zaman tərəflərdən biri narazı qalır. Amma məhkəmənin qanunsuz qərar verməsi qəbulolunmazdır: "Həm Misir, həm də Sübhan tamamilə günahsızdırlar. Cinayət işində onların günahkar olduğunu təsdiqləyən bir sübut belə yoxdur. Onlar şərləniblər. Bu qurma işdir. Ukrayna hüquq-mühafizə orqanlarından bu ədalətsizliyə son qoyulmasını tələb edirik!".Misir Qasımlının anası Xalidə Qasımova da Sputnik Azərbaycan-a açıqlamasında oğlunun günahsız olduğunu bildirib: "Mənim oğlum Vətən müharibəsi iştirakçısıdır. O, müharibədə öz sözünü deyib. Ukraynaya isə işləmək üçün gedib. Bunun üçün rəsmi icazə alıb. Mənim qızım da Ukrayna vətəndaşıdır. Oğluma orada tələ qurublar. Bu işdə ermənilərin əli olduğunu düşünürük. Ukrayna polisi də bu şərləmə prosesində iştirak edib. Həmin Ərəb adlı şəxsə Kiyev polisi 15 min manat pul verib ki, Misirə şər atsın. Oğlumun üzərinə sübuta yetirilməyən maddələr qoyaraq hökm çıxarıblar. Bu, Ukrayna polisinin necə ədalətsiz, rüşvətxor olduğunu bir daha sübut edir. Artıq 1 il 8 aydır ki, bu məhkəmə çəkişməsi gedirdi. Sonda Kiyev məhkəməsi Misir və Sübhan barəsində qanunsuz hökm verib. Mənim balam günahsızdır".Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets arasında bu günlərdə baş tutan videokonfransda Misir Qasımlının məsələsinə toxunulub. Azərbaycan Ombudsmanı Ukraynada saxlanılan və hazırda barələrində məhkəmə hökmü verilən Azərbaycan Respublikası vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin vəziyyətlərindən narahatlığını ifadə edib. O, M. Qasımlı və S. Quliyevin hüquqlarının təmin olunması ilə bağlı məsələni bir daha həmkarının diqqətinə çatdırıb. S. Əliyeva bununla əlaqədar əvvəlki müraciətləri nəzərə alınaraq qeyd olunan şəxslərin hüquqlarının təmini vəziyyətinin nəzarətdə saxlanıldığı bildirilib.Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məsələ hələ də Səbinə Əliyevanın diqqətindədir:"Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ukrayna Ombudsmanı ilə onlayn görüşdə digər məsələlərlə yanaşı, Misir Qasımlının vəziyyətinin, onların hüquqlarının təmin edilməsi ilə bağlı narahatlığını bildirdi. Qeyd etdi ki, onların hüquqlarının müdafiəsi istiqamətində zəruri tədbirlər həyata keçirilsin. Ukrayna Ombudsmanı da söz verdi ki, səlahiyyətləri çərçivəsində bu məsələyə müəyyən dəstəyini verəcək. Azərbaycan Ombudsmanı bu məsələni diqqətdə saxlayır. Bizim Ukrayna Ombudsmanı ilə ikitərəfli müqaviləmiz var. Həmçinin müəyyən əməkdaşlıq əlaqələri qurulub. S. Əliyeva öz nüfuzundan da istifadə edərək bu məsələnin diqqətdə saxlanılmasının vacibliyini vurğuladı.A, Səfixanlı məhkəmə prosesində baş verənlər barədə məlumatlı olmadığını, bunun Ombudsmanın səlahiyyətlərinə aid olmadığını söylədi. Ombudsmanın səlahiyyət çərşivəsinə sırf orada saxlanılan şəxslərin hüquqlarının müdafiəsi daxildir. Aparat rəhbəri bildirib ki, Azərbaycandan M. Qasımlıya vəkil ayrılıb. O, bu məsələ ilə bağlı Ukrayna məhkəməsi ilə daim əlaqədədir.A. Səfixanlı onu da əlavə edib ki, M. Qasımlı və dostu Sübhan Quliyevin Azərbaycana ekstradisiyası Ombudsmanın səlahiyyətləri çərçivəsində deyil. Bu məsələyə Ədliyyə Nazirliyi məsuldur: "Azərbaycanla Ukrayna arasında hüquqi mübadilə ilə bağlı müqavilə olmalıdır. Məndə olan məlumata görə, belə bir sənəd Azərbaycanla bütün MDB ölkələri arasında var".Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məsələ ilə əlaqədar Ukrayna Ali Radası ilə əlaqə saxlayıb:"Məhkəmə prosesinə müdaxilə etmək çətindir. Amma orada erməni "barmağı", erməni "izi" hiss olunur. Burada siyasi məqamlar daha çoxdur. Düşünürəm ki, hökm verilsə də, bu, məsələnin sonu deyil. Həmçinin Ukraynada müharibə getdiyi bir vaxtda mülki və digər cinayətlər onların marağında deyil. Ukraynada tam sistem müharibəyə köklənib. Ona görə də, bu, işə birbaşa müdaxiləyə əngəl törədir. Bizim marağımız məsələyə ədalətli qiymətin verilməsidir. Azərbaycan vətəndaşları ilə bağlı ədalətli qərar verilməlidir. Biz dəstəyimizi əsirgəməyəcəyik. Baş verənlər göstərir ki, zərərçəkmiş hesab olunan tərəfin gücü çoxdur. Onlar məsələyə ədalətli baxışa müxtəlif yollarla mane olurlar".Məlumat üçün onu da əlavə edək ki, bu gün Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi Misir Qasımlı və Sübhan Quliyevin məhkəmə işi və həbsi məsələsi ilə bağlı açıqlama yayıb. Səfirlikdən verilən xəbərdə bildirilir ki, 6 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası vətəndaşları Misir Qasımlı və Sübhan Quliyev Ukraynanın Kiyev vilayəti Obuxov rayon məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum olunublar. Böyük Britaniya vətəndaşının şikayəti əsasında Ukrayna Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə cinayət işində təqsirləndirilən Misir Qasımlı və Sübhan Quliyev 2021-ci ilin 9 iyun tarixindən saxlanılıb."Misir Qasımlının ailə üzvləri səfirliyə məlumat verdikdən sonra, səfirlik məsələ üzrə zəruri tədbirlər həyata keçirib. Misir Qasımlının ailə üzvləri və şəxsən özü ilə telefon əlaqəsi saxlanılıb, vəkili və qohumları ilə dəfələrlə görüş təşkil olunub. İttihamların erməni əsilli şəxslərin sifarişi əsasında olduğu, istintaq zamanı və məhkəmə prosesində bir sıra qərəzli məqamların, eləcə də hüquq pozuntularının mövcudluğu barədə səslənən fikirlərə aydınlıq gətirilməsi məqsədilə səfirlik tərəfindən müvafiq iş aparılıb. Bu məlumatlardan narahatlığın əks olunduğu müraciətlər səfirlik tərəfindən Ukrayna Xarici İşlər Nazirliyinə ünvanlanıb. Ümumilikdə, məsələ üzrə Ukrayna XİN-ə 10 nota, digər qurumlara çoxsaylı məktublar göndərilib, proses səfirliyin diqqət mərkəzində saxlanılıb. Səfirlik məsələ barədə məlumat aldıqdan sonra bütün iclaslarda (səfirliyə məlumat verilmədiyi üçün bir apelyasiya iclası istisna olmaqla) iştirak edib. Hazırda, müdafiə olunan tərəf məhkəmə qərarı ilə bağlı müvafiq apelyasiya şikayətinin verilməsi istiqamətində iş aparır. Səfirlik, məhkəmənin işinə və hüquqi prosedurlara müdaxilə olmadan prosesin ədalətli şəkildə həyata keçirilməsi məqsədilə, qanun çərçivəsində bütün mümkün zəruri tədbirlər görməkdə davam edir", - qeyd olunub.Qeyd edək ki, 29 yaşlı Misir Qasımlı Vətən Müharibəsində iştirak edib. O, "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub. Vəkil bildirib ki, Misir Qasımlıya qarşı ittihamlardan heç biri sübutunu tapmasa da, ona qanunsuz olaraq məhkəmə 8 il iş kəsib.
Facebook-da paylaş