Kiyevdə Nəsiminin heykəlinin açılışı olub._FOTO

 Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir-şair İmadəddin Nəsiminin heykəlinin rəsmi açılış mərasimi keçirilib.
Şəffaflıq.az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin sifarişi ilə Kiyevdə mərkəzi parkların birində ucaldılan İmadəddin Nəsiminin heykəlinin açılış mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Kiyev şəhər meri Vitali Kliçko, diplomatik korpusların nümayəndələri, soydaşlarımız, şəhər sakinləri və yerli KİV təmsilçiləri iştirak ediblər.
 Tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. İlk öncə tədbirin aparıcısı İmadəddin Nəsiminin yaradıcılığı haqqında geniş məlumat verdikdən sonra Kiyev şəhər meri Vitali Kliçko çıxışına mütəfəkkir-şairimizin sitatları ilə başlayıb.
    O bildirib ki, Kiyevin mərkəzi hissəsində Nəsimi kimi tanınmış bir şəxsin heykəlinin ucaldılması sevindirici haldır. “Çox sevinirəm ki, Ukraynanın paytaxtında Azərbaycan xalqının böyük oğlunun heykəli açılıb. Bu, bir daha Ukrayna və Azərbaycan xalqlarının bir-birinə verdiyi dəyərin nəticəsidir. Hər iki ölkənin dövlət himnləri səslənəndə, ukraynalı və azərbaycanlılar əllərini ürəklərinin başına qoydu. Bu onu göstərir ki, hər bir azərbaycanlı Ukraynanı, hər bir ukraynalı isə Azərbaycanı öz evi kimi qəbul edir”, - deyə Kliçko əlavə edib.
 Hələ ümummilli lider Heydər Əliyevin Azərbaycan və Ukrayna arasında əməkdaşlığın inkişafına böyük töhfə verdiyini vurğulayan Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Bakıda Şevçenko, Kiyevdə ulu öndər Heydər Əliyev, Müslüm Maqomayev və indi də İmadəddin Nəsiminin heykəlinin ucaldılması hər iki ölkə arasında dost, qardaş münasibətlərin bariz nümunəsidir”, - deyə E.Əzizov əlavə edib.
 
O qeyd edib ki, Azərbaycan və Ukrayna arasında strateji münasibətlər bundan sonra da davam etdiriləcəkdir.
Heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanov isə çıxışında heykəlin hazırlanmasında göstərdiyi təşəbbüs və köməyə görə səfir Azər Xudiyevə təşəkkürünü bildirib. İmadəddin Nəsimi kimi dahi bir şəxsiyyətin heykəlinin müəllifi olmasından qürur hissi keçirdiyini vurğulayıb.
İmadəddin Nəsiminin heykəlinin açılış mərasimində iştirak etdiklərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Kiyev merinə təşəkkürünü bildirən səfir Azər Xudiyev deyib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili”nin elan edilməsi çərçivəsində bir sıra kütləvi tədbirlər keçirilir. Səfirin sözlərinə görə, İmadəddin Nəsiminin heykəlinin ucaldılması Azərbaycanı dünyada daha da tanıdacaqdır.
Daha sonra şair Şəhriyar Der Gerani İmadəddin Nəsiminin qəzəllərini səsləndirib. Bundan sonra Nəsiminin heykəlinin üzərindəki ağ örpək açılıb.
Xatırladaq ki, heykəl Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili”nin elan edilməsi çərçivəsində ucaldılıb.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}