"Nəsimi ili” ilə bağlı tədbirlər planı müəyyənləşdirildi

 Şərqşünaslıq İnstitutunda "Nəsimi ili” ilə bağlı tədbirlər planı müəyyənləşdirilib.
Şəffaflıq.az Publika.az-a verilən məlumata görə,bildirir ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ili "Nəsimi ili” elan etməsi ölkə ictimaiyyəti tərəfindən çox əlamətdar və təqdirəlayiq hadisə kimi qarşılanır.
Nəsimi irsinin tədqiqinə öz töhfələrini verən AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu da bu əlamətdar hadisə ilə bağlı öz üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsini planlaşdırır.
Məhz bu məqsədlə institutun direktoru akademik Gövhər Baxşəliyevanın rəhbərliyi ilə iclas keçirilib. Akademik G.Baxşəliyeva Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsini ədəbiyyatımıza verilən yüksək dəyər kimi qiymətləndirərək, bunun elmi və ədəbi ictimaiyyətimiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Bu qərar ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcək, yeni-yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdıracaq. Nəsimi – böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Onun yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur.
G.Baxşəliyeva bildirib ki, Nəsiminin yaradıcılığının əsas hissəsi Azərbaycan dilində olması ilə bərabər, müəyyən hissəsinin Şərq dillərindən ərəb və fars dillərində olması, bütövlükdə şairin yaradıcılığı və fəaliyyəti ümumşərq ictimai və ədəbi-fəlsəfi mühitində baş verdiyi üçün onun əsərlərinin tədqiqi şərqşünas alimlərin də üzərinə böyük vəzifələr qoyur.
Qeyd edildi ki, Nəsimi yaradıcılığının tədqiqi və tərcüməsi ilə əlaqədar institutda işçi qrupu yaradılıb. Nəsimişünas alim, f.ü.f.d. Səadət Şıxıyevanın rəhbərlik etdiyi qrupa f.ü.f.d. Günay Verdiyeva, f.ü.f.d. Mahir Həmidov, Flora Hacıyeva və Fidan Nəsirova daxil edilib.
İclasda “Nəsimi ili” ilə bağlı institutda keçiriləcək tədbirlər müzakirə edilərək müəyyənləşdirilib. Bu işlər sırasına Nəsiminin farsca divanının sətri tərcüməsinin həyata keçirilməsi və nəşri, ərəb ölkələrində Nəsimi haqqında yeganə monoqrafiya olan Əbülfəttah Rəvvas Qələçinin “Yaqut-e Hələb İmadəddin-e Nəsimi” əsərinin ərəb dilindən tərcüməsi və nəşri, Nəsiminin “Müqəddimətül-həqayiq” və “Təriqətnamə” adlı nəsr əsərlərinin transliterasiyası və nəşri, f.ü.f.d. Səadət Şıxıyevanın Nəsimi haqqında monoqrafiyasının nəşri, Nəsimi ilə əlaqədar Şərq alimlərinin elmi əhəmiyyətli məqalələrinin toplanaraq bir toplu şəklində nəşri, Nəsimi ilə əlaqədar “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” mövzusunda elmi konfransın, həmçinin şairin yaradıcılığına həsr olunmuş elmi seminarların təşkili, institutun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının Nəsimiyə həsr olunmuş xüsusi buraxılışının hazırlanıb çap olunması kimi işlər var.
İclasda həmçinin Nəsimi haqqında yeni məlumatların və dahi mütəfəkkir şairə məxsus əlyazmaların axtarılması üçün böyük əlyazma xəzinələri olan ərəb ölkələrinə, habelə Suriyanın Hələb şəhərinə elmi ekspedisiyaların təşkili zərurətindən də danışıldı.
İclasda çıxış edənlər Şərqşünaslıq İnstitutunun “Nəsimi ili”nə öz layiqli töhfəsini vermək üçün bütün kollektivin öz səylərini əsirgəməyəcəyini bildirdilər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}