Dünya Bankı: “Azərbaycan biznesin asanlığı baxımından dünya ölkələri arasında 25-ci pilləyə yüksəlib”


 

Azərbaycanda iqtisadi artımdan sonra milli yoxsulluq həddindən aşağı yaşayan azərbaycanlıların faizi 2016-2018-ci illərdə 5,9 faizdən 5,1 faizə düşüb və işsizlik səviyyəsi 5 faizdən 4,9 faizə qədər azalıb.

Bu barədə Dünya Bankının “Sağ qal, öyrən, inkişaf et: Azərbaycanın inkişafının sürətləndirilməsi məqsədilə insan kapitalına strateji investisiyaların yatırılması” haqqında hesabatında məlumat verilib.

Bildirilib ki, 2000-ci illərin əvvəllərindən Azərbaycan yüksək iqtisadi artım səviyyəsi, məşğulluğun artması və pensiya köçürmələri nəticəsində yoxsulluğun azaldılması sahəsində nəzərəçarpan irəliləyişlərə imza atıb.

Xüsusilə, xidmətlər və tikinti sektorlarında real əmək haqlarının artması və məşğulluğun yüksəlməsi yoxsulluğun azaldılması və iqtisadi orta sinfin genişlənməsinə töhfə verib. Sosial köçürmələr, əsasən yığım pensiyaları da yoxsulluğun azaldılmasına töhfə verib və əhalinin 40 faiz ən yoxsul təbəqəsinin gəlirlərinin artırılmasında mühüm rol oynayıb.

Qeyd edilib ki, biznesin həyata keçirilməsinin asanlığı baxımından Azərbaycan 175 ölkə arasında 2006-cı ildə 99-cu pillədən, 2019-cu ildə 190 ölkə arasında 25-ci pilləyə yüksəlib.

Azərbaycanda son illərdə təhsilə investisiyalar artıb. 2019-cu ildə təhsilə xərcləmələr 2018-ci illə müqayisədə 14 faiz artıb. Ən çox xərc artımı ümumi təhsildə müşahidə olunub. Müəllimlərin maaşında artım nəticəsində bu sahənin büdcəsi 18 faiz artıb.

Səhiyyə xərcləmələri də 2019-cu ildə 2018-ci illə müqayisədə 44 faiz artıb və bunun 2020-ci ildə 34 faiz artacağı gözlənilir. Bu artımlar icbari tibbi sığorta sisteminə keçidlə bağlıdır. Səhiyyə xərcləmələrinin ümumi büdcədə payı 3,1 faizdən 2020-ci ildə proqnozlaşdırılan 4,6 faizə yüksələcək. Səhiyyə xərcləmələrinin ÜDM-də payı 2018-ci ildə 0,9 faizdən 2020-ci ildə proqnozlaşdırılan 1,6 faizə yüksələcək.

Bununla yanaşı, hökumət daha çox daxili resursların səfərbər olunması ilə səhiyyə sisteminə əlavə maliyyə vəsaitlərinin cəlb olunmasını planlaşdırır. 2020-ci ildə hökumət işçilər və işəgötürənlər tərəfindən 2 faizə qədər icbari tibbi sığorta ödənişlərinin ödənilməsini tələb edəcək.

Qeyri-dövlət və qeyri-neft işçiləri, sahibkarlar və dövlət qulluqçuları kimi əlavə qruplar üçün isə növbəti bir-üç ildə ödənişlər tətbiq ediləcək. Eyni zamanda, daxili istehlak üçün istehsal olunan nəqliyyat vasitələri üçün benzin, dizel yanacağı və maye qaz, araq (vodka), likyor və likyor məmulatları, pivə (alkoqolsuz pivə istisna olmaqla), siqaret və tütün məmulatları, enerji içkilərinə aksiz vergisi tətbiq olunacaq və bütün bu resurslar İcbari Tibbi Sığorta Fondunun maliyyələşdirilməsi üçün istifadə olunacaq.

2019-cu ildən sosial müavinət və pensiyalar üzrə xərcləmələr də prezidentin sərəncamı ilə 40 faiz artıb. Sosial pensiyalar, sosial müavinətlər, güzəştlər və maaşlar üzrə xərcləmələr minimum əməkhaqqında artım nəticəsində yüksəlib, 2019-cu ildən isə demək olar ki, iki dəfə artıb. Bu islahatların nəticəsində Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında ən yüksək minimum pensiya, ikinci ən yüksək maaşı olan ölkədir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}