Avropa ölkələri Aİ-ni rusiyalılara Şengen vizasının verilməsini sərtləşdirməyə çağırıb
Avropanın 11 ölkəsi Avropa Komissiyasını Rusiya vətəndaşları üçün viza siyasətini sərtləşdirməyə və rusların Şengen zonasına səyahət imkanlarını məhdudlaşdırmağa çağırıb. Şəffaflıq.az-ın məlumatına görə, onlar bununla bağlı Avropa diplomatiyasının başçısı Kaya Kallas və miqrasiya məsələləri üzrə Avropa komissarı Maqnus Brunnerə məktub ünvanlayıblar. Baltikyanı ölkələr, Çexiya, Danimarka, Finlandiya, Niderland, Polşa, İsveç və Şengen üzvü olan, lakin Aİ üzvü olmayan İslandiya və Norveçin nazirlərinin məktubunda mövcud məhdudiyyətlərin qeyri-bərabər tətbiq olunduğu iddia edilir. Ölkələr həmçinin Estoniyanın Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş Rusiya hərbçilərinin Şengen zonasına buraxılmaması təşəbbüsünü dəstəkləyiblər. Yeni məhdudiyyətlərin əsas tərəfdarlarından biri İsveç olub. Qaydaların sərtləşdirilməsi çağırışı rusiyalılara verilən Şengen vizalarının sayının artması fonunda səsləndirilib. "Schengen Barometer"in 2026-cı il üçün məlumatına görə, 2025-ci ildə Rusiya vətəndaşlarından daxil olan viza müraciətlərinin sayı bir il əvvəlki göstəriciyə nisbətən 8 % çox olub. 2025-ci ildə Rusiya vətəndaşlarına ən çox Şengen vizası verən Fransa, İtaliya və İspaniya olub. Bu dövlətlər, eləcə də Cənubi Avropanın bəzi digər ölkələri rusiyalılara viza verilməsinin tamamilə qadağan edilməsini dəstəkləmirlər.
Facebook-da paylaş








