Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər


Niderlandın Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi Reyn Dekkers və ölkənin Xarici İşlər Nazirliyinin əlaqəlilik məsələləri üzrə xüsusi nümayəndəsi Bernhard Kelkes Azərbaycana səfərləri çərçivəsində ölkənin rəsmi şəxsləri ilə görüşlər keçiriblər.

Bu barədə Şəffaflıq.az Niderlandın Bakıdakı səfirliyinə istinadən xəbər verir.

Bildirilib ki, səfər çərçivəsində əlaqəlilik və energetika sahəsində əməkdaşlıq müzakirə edilib.

Diplomatik nümayəndəlikdən bildiriblər ki, xüsusi nümayəndələr Azərbaycan və Niderland arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi perspektivlərini müzakirə etmək üçün Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, eləcə də Energetika Nazirliyinin nümayəndələri ilə görüşüblər.

"Danışıqların diqqət mərkəzində təmiz enerji, nəqliyyat əlaqəliliyi, nəqliyyat, kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması, dəniz fəaliyyəti, innovasiyalar və Orta Dəhlizin rəqəmsallaşdırılması sahələrində qarşılıqlı fəaliyyət imkanları yer alıb", - səfirliyin məlumatında bildirilib.

Bundan başqa, səfər çərçivəsində xüsusi nümayəndələr aparıcı analitik mərkəzlərlə və Orta Dəhliz boyu fəaliyyət göstərən Azərbaycan və Niderland şirkətlərinin nümayəndələri ilə də görüşüblər.

Tərəflər regiondakı geosiyasi prosesləri, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini, eləcə də Yaxın Şərqdəki böhranın regional nəqliyyat əlaqəliliyinə təsirini müzakirə ediblər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}