BP Bakı-Supsa neft kəmərinin operatorluğunu Azərbaycana və Gürcüstana ötürəcək
BP şirkəti iyunun 8-də Bakı-Supsa neft kəmərinin operatorluğunu Azərbaycana və Gürcüstana ötürəcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə şirkətin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrel Bakıda jurnalistlərə açıqlamasında bildirib. "İyunun 8-də BP Bakı-Supsa neft kəmərinin Azərbaycan və Gürcüstan hissələri üzərində operatorluğu onların sahiblərinə ötürəcək", - Q.Birrel "Report"un sualına cavabında deyib. Xatırladaq ki, 2026-cı ilin mayında Azərbaycan və Gürcüstan Bakı-Supsa neft kəmərinin fəaliyyətinin bərpası barədə razılığa gəliblər. "Bakı-Supsa" - "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan neftin nəqli üçün nəzərdə tutulan ixrac marşrutudur. Neft kəmərinin uzunluğu 837 km-dir: bunun 775 km-i diametri 21 düym (530 mm) olan yeni boru kəmərindən, 55 km-i isə rekonstruksiya olunmuş kəmərdən ibarətdir. Kəmərin illik ötürücülük qabiliyyəti 7 milyon tondan çox (gündə 145 min barel) təşkil edir. Bu istiqamət üzrə nəql 2022-ci ilin yazında dayandırılıb.
Facebook-da paylaş








