Aprel müharibəsində döyüşmək üçün İspaniyadan Azərbaycana gələn “malış” ləqəbli şəxs kimdir? - FOTO
Döyüşlər ölkədə güclü həmrəyliyin yaranmasına təkan verdi. Düşmənin təxribatlarına qarşı xaricdə diaspor təşkilatlarımız aksiyalar, mitinqlər təşkil etdilər. Soydaşlarımız Ermənistan səfirlikləri qarşısında öz etirazlarını bildirirdilər. Belə soydaşlarımızdan biri də İspaniyada yaşayan Vahid İmanovdur.
Şəffaflıq.az xəbər verir ki, Vahid İmanov 15 ilə yaxındır ki, İspaniyada yaşayır. 10 ilə yaxındır ki, Tikinti Sığorta Firmasinda baş mühəndis vəzifəsində çalışır. Bir zamanlar əlinə silah alıb düşmənə qarşı döyüşən könüllülərdən olub.
1976-ci ilin 17 yanvar tarixində Ağsu rayonu Nuran kəndində anadan olub. Qarabağ döyüşlərinin alovlandığı bir vaxtda orta məktəbdə təhsilini yarımçıq qoyaraq, 1992-ci ilin dekabr ayında Füzuli bölgəsinə yollanıb.
“Vətənimiz üçün döyüşmək hər birimizin borcudur. Füzuli, Horadizdə döyüşlərdə iştirak edirdik. Yaşım az olduğu üçün məni “malış” ləqəb ilə çağırırdılar. Hərbi hissə komandirimiz polkovnik Şair Ramaldanov, tabor komandiri Tariyel Qəhrəmanov idi. Ağır döyüşlərdə iştirak edirdik. Amalımız torpaqlarımızın azad olunması idi. Atəşkəsdən sonra da 1997-ci ilə qədər orduda xidmət etdim. Tərxis olunandan sonra başqa sahələrdə çalışdım.
2002-ci ildən Avropada yaşayıram. Aprel döyüşləri başlayanda bütün işlərimi bir kənara qoyub vətənə qayıtdım. Könüllü olaraq döyüşmək üçün Azərbaycan Müdafiə Nazirliyinə müraciət etdim. Aprel döyüşlərindən sonra da iki ay vətəndə qaldım ki, hər an müharibə başlasa yenidən müraciət edim.
Bu gün İspaniyada erməni lobbisinə qarşı fəaliyyətimi davam etdirirəm. İspaniya Krallığının Junta de Castillo Leon əyalətinin Burgos bölgəsinə bağlı Medina de Pomar şəhərində məni tanıyanlar bilirlər ki,fəaliyyətim vətənimlə bağlıdır.
Eyni zamanda Azərbaycan-İspaniya Mədəniyyət və Ticarət Assosisasiyası direktorlar şurasının yaşadığı bölgə üzrə direktoruyam. Qərbi Azərbaycan İctimai Birliyinin İspaniya üzrə səlahiyyətli nümayəndəsiyəm. Sosial şəbəkədə İspaniya Azərbaycanlıları Birliyinin yaradıcı adminiyəm. İspaniyada sosial-ictimai fəaliyyətlə ölkəmə xidmət edirəm. Qarabağda döyüşlər başlasa yenidən vətənimə qayıdacam”, - deyə Vahid İmanov vurğulayıb.Publika.az
Facebook-da paylaş