FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib. Şəffaflıq.az-ın məlumatına görə, tədbir FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi ilə "Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini Asif Məmmədov ölkədə həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyətindən, dövlət başçısının sahibkarlara, o cümlədən sənaye sahələrində çalışan iş adamlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin İsrafilov belə tədbirlərin texniki təhlükəsizlik sahəsində fəaliyyətin təkmilləşdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə tədbirdə "Texniki təhlükəsizlik sahəsində xidmətlərin inkişafı" mövzusunda çıxış edib. O, texniki təhlükəsizlik üzrə müasir xidmətlərin tətbiqi, beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə xidmət bazasının inkişaf etdirilməsi məsələlərinə toxunub, dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Vüqar Xəlilov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlər, həmçinin sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, texniki-normativ sənədlər barədə iştirakçılara ətraflı məlumat verib. Digər çıxış edənlər də sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliklə bağlı mövcud problemlərə toxunub, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün vacib olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər. Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Facebook-da paylaş








