Brüsseldə izdihamlı Qarabağ mitinqindən FOTOLAR
Şəffaflıq.az xəbər verir ki, aksiyada Almaniya, Fransa, İtaliya, Polşa və Avropanın digər ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak ediblər.
Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilən mitinqdə iştirakçılar “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!”, “Qarabağa qayıtmaq istəyirik!”, “Dilqəmə və Şahbaza azadlıq!” və s. şüarlarla Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış ediblər.
Mitinqdə çıxış edən diaspor nümayəndələrimiz 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsi, işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsi, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunması, münaqişə ilə bağlı qəbul edilmiş məlum beynəlxalq sənədlərin qərarlarına Ermənistan tərəfinin riayət etməsi tələblərini səsləndiriblər. Aksiyanın sonunda qəbul olunan qətnamə Avropa Parlamentinin məsul şəxslərinə təqdim edilib.
Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanıb. \\Musavat.com
Facebook-da paylaş