"Xaos yaratmağa çalışan qüvvələr var" - Prezidentin köməkçisi

  "Azərbaycanda Gənclər gününün təsis edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü ilə hələ 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmiş, 1997-ci ildə isə ulu öndər 2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalamışdır”.
Şəffaflıq.az azvision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov 2 Fevral Gənclər günü münasibətilə Azərbaycan Ordusu gənclərinin Ümumrespublika toplantısında deyib.
Bildirib ki, gənclərə xüsusi qayğı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir: "Ölkə başçısının müvafiq Sərəncamları ilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı qəbul edilmişdir. Bu sənədlərin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı potensialının üzə çıxarılmasını dəstəkləməkdir. 
Dünən ölkəmizdə Azərbaycan gəncləri gününə həsr olunmuş Respublika Toplantısı keçirilmişdir. Toplantıda Azərbaycan Respublikasının Prezidenti gənclər qarşısında çıxış edərək öz tövsiyələrini vermiş, bır sıra gəncləri mükafatlarla təltif etmişdir. Cənab İlham Əliyev xüsusilə vurğulamışdır ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdır və hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır. Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan möhtərəm Prezident Azərbaycan gənclərinə inandığını və güvəndiyini, onlarla fəxr etdiyini bəyan etmişdir”.
Fuad Ələsgərov qeyd edib ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri daima layiqincə yerinə yetirmiş, ölkədə gedən proseslərin önündə olmuşdur. XX əsrin sonlarında xalqımızın milli azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə əsas hərəkətverici qüvvə məhz gənclər idi. 
"Bu gün Azərbaycan gəncliyi ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak edir. Son illər gənclərin ictimai fəallığı daha da yüksəlmiş, onların idarəetmədəki rolu artmışdır. Gənclərimiz beynəlxalq miqyaslı tədbirlərdə, o cümlədən idman yarışlarında ölkəmizi uğurla təmsil edir, Azərbaycan bayrağını yüksəklərə ucaldırlar. Azərbaycan gəncləri cəmiyyətimiz üçün yeni olan könüllülük hərəkatının əsasını qoymuşlar. Bu gün bu nəcib hərəkatın on minlərlə üzvü var. 
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən əsgər və zabitlərin böyük əksəriyyətini də məhz gənclər təşkil edir. Onlar vətəni qoruyur, düşmənlə üzbəüz mövqelərdə dayanırlar. Minlərlə gənc əsgər və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna qarşı döyüşlərdə qəhrəmanlıq göstərmiş, vətən uğrunda canlarını və sağlamlıqlarını qurban vermiş, adlarını müasir hərb tariximizə qızıl hərflərlə yazmışlar. 2016-cı ilin aprel döyüşləri zamanı da xalqımıza qələbə sevinci bəxş edən döyüşçülərin sırasında gənclər çoxluq təşkil edirdi. Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərindən danışarkən demişdir: "Bu böyük və parlaq qələbəni bizim gənc əsgər və zabitlərimiz qazanıblar. Sinəsini qabağa verən, şəhidlik zirvəsinə ucalan bizim gənclərimizdir. Bu gənclər aprel döyüşləri zamanı düşmənin çoxlu sayda canlı qüvvəsini və texnikasını məhv edərək qəhrəmanlıq zirvəsinə ucalmışlar”. 
Fuad Ələsgərov vurğulayıb ki, torpaqları hələ də işğal altında olan Azərbaycan üçün ordu quruculuğu ən vacib məsələlərdən biridir. Bu sahədə bu günə qədər çox işlər görülüb. Azərbaycan hərbi-texniki sahədə dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığını inkişaf etdirmiş, ordumuz ən müasir silahlar, reaktiv artilleriya və hava hücumundan müdafiə sistemləri, hərbi təyyarələr, gəmilər və digər texnika ilə təchiz edilmişdir. Bununla yanaşı, ölkəmizdə güclü müdafiə sənayesi yaradılmış, 20-dən çox hərbi zavod inşa edilmişdir. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsullar istehsal olunur. 
"Görülmüş işlərin nəticəsi olaraq bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir. 2016-cı ilin aprel döyüşləri bunun əyani sübutu idi. Bu döyüşlər nəticəsində Ağdərə, Füzuli, Cəbrayılrayonlarının bir hissəsi işğalçılardan azad edilmiş, iki min hektar ərazi Azərbaycan Ordusunun nəzarəti altına qayıtmışdır. Eyni zamanda, 2018-ci ilin may ayında aparılmış uğurlu əməliyyat nəticəsində Naxçıvanın Ermənistan tərəfindən işğal edilmiş 11 min hektar ərazisi azad edilmiş, strateji yüksəkliklər və kommunikasiya yolları nəzarətimiz altına keçmişdir. Böyük məharət və peşəkarlıqla həyata keçirilmiş bu əməliyyatlar Azərbaycan hərbçilərinin qəhrəmanlığını, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini bir daha nümayiş etdirmişdir”.
Prezidentin köməkçisi bildirib ki, Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi ilə yanaşı, Azərbaycan hərbçilərinin sosial müdafiəsinin gücləndirilməsini də həmişə diqqət mərkəzində saxlayır. 
"Son illər ərzində onlarla hərbi şəhərcik yaradılmış, hərbi hissələrimizin 80 faizi yenidən tikilmiş və ya əsaslı təmir edilmişdir. 2018-ci ilin dekabr ayında paytaxtın Sabunçu rayonunda 400-ə yaxın hərbi qulluqçuya yeni mənzillər verilmişdir. Bu işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur". 
Fuad Ələsgərov vurğulayıb ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı üçün sağlam gəncliyinin olması vacib şərtdir. Sağlam gənclik isə ilk növbədə vətənini sevən, dövlətinə, xalqına, bayrağına sadiq olan gənclik deməkdir. 
"Orduda xidmət edən zabit və əsgərlərin vətənpərvər olması xüsusilə vacibdir. Çünki onlar vətənin keşiyində durur, düşmənlə birbaşa təmasda olurlar. Eyni zamanda, unutmaq olmaz ki, torpaqlarımızın bir hissəsi hələ də Ermənistanın işğalı altındadır və bu torpaqların işğaldan azad edilməsi vəzifəsinin ağırlığı ilk növbədə hərbçilərimizin çiyinlərinin üzərinə düşür. Bu baxımdan, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi başlıca məqsəddir. Bu məsələdə hərbi hissə komandirləri də aktiv olmalı, tabeliyində olan əsgər və zabitlərlə ideoloji işi gücləndirməlidirlər. Bu, Ali Baş Komandan cənab İlham Əliyevin qarşımızda qoyduğu vəzifədir. 
Hesab edirəm ki, xüsusilə orta məktəblərin yuxarı siniflərində oxuyan gələcək əsgərlərin hərbi hissələrə səfərlərinin təşkili, onların qəhrəman əsgər və zabitlərimizlə təmasda olması şagirdlərdə artıq məktəb illərindən hərbi vətənpərvərlik hisslərinin güclənməsinə kömək edər. Bu, həm də şagirdlərin hərbi xidmətə marağını daha da artırar, onların vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyə edilməsinə töhfə verər". 
Fuad Ələsgərov diqqətə çatdırıb ki, cəmiyyətimiz hərbçilərlə bağlı məsələlərdə həssas olmalı, Ordunun təbliğatına xüsusi diqqət ayırmalıdır. "Əsgərə məktub” kimi hərbçilərimizi ruhlandıran sosial tədbirlər daha geniş şəkildə yayılmalı, görkəmli şəxsiyyətlər, ictimai xadimlər əsgərlərimizə tez-tez baş çəkməli, onların vətənə layiq övladlar kimi formalaşmasında yaxından iştirak etməlidirlər. 
Biz bu gün ölkə gəncliyinin timsalında bacarıqlı və istedadlı nəslin yetişdiyini müşahidə edirik. Gənclərin inkişafı, onların həyatın, dövlət quruculuğunun bütün sahələrində, o cümlədən də hərbi xidmətdə böyük uğurlar qazanması sevindirici və qürurverici haldır. Azərbaycan gəncliyi cəmiyyətin müxtəlif sahələrinin idarəçiliyində əsas qüvvəyə çevrilir və məsələlərə yeni, innovativ yanaşması ilə idarəçiliyi müasirləşdirir”.
Prezidentin köməkçisi gənc əsgərlərə müraciət edərək deyib: "Hərbi xidmət sizin həyatınızın qısa, lakin çox mühüm dövrlərindən birini təşkil edir. Tezliklə siz həqiqi hərbi xidməti başa vuracaqsınız. Bir qisminiz mülki həyata qayıdacaq, bir qisminiz isə gələcəyinizi yenidən hərbi xidmətlə bağlayacaqsınız. Hansı sahəni seçəcəyinizdən asılı olmayaraq sizin üzərinizə mühüm missiya düşür: siz vətənə, dövlətə sədaqət hisslərini digərlərinə də aşılamalı, ətrafınızdakı insanların da vətənpərvər ruhda formalaşmasına kömək göstərməlisiniz. 
Yəqin müşahidə edirsiniz ki, Azərbaycanın müstəqilliyini, onun inkişafını qəbul etməyən, cəmiyyətdə xaos yaratmağa çalışan qüvvələr, xalqımıza düşmən kəsilmiş insanlar var. Bu qüvvələr istər ölkə daxilində, istərsə də ölkə xaricində anti-Azərbaycan təbliğatı ilə məşğul olurlar. Bu məsələlərdə hər birimiz ayıq-sayıq olmalıyıq. Müstəqilliyi, sabitliyi qorumaq heç də asan iş deyil. Hər birimiz bu yolda əlimizdən gələni əsirgəməməliyik, dağıdıcı qüvvələrə qarşı öz gücümüzü göstərməliyik. Siz gənclər belə məsələlərdə fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməlisiniz. Bir daha Sizi "Gənclər günü” münasibətilə təbrik edir, xidmətinizdə uğurlar arzu edirəm”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}