Sumqayıtda daha bir həkim koronavirusdan öldü — Dörd yeni yoluxma
Şəffaflıq.az Oxu.Az-a istinadən xəbər verir ki, bir müddət əvvəl COVID-19-a yoluxan həkim-rentgenoloq Fəxrəddin Əliş oğlu Məmmədov müalicə aldığı pandemiya xəstəxanasında həyatını itirib. O, Sumqayıt şəhər 5 saylı uşaq poliklinikasında çalışıb. 5 saylı uşaq poliklinikasının baş həkimi Mehbarə Cavadova öz açıqlamasında faktı təsdiq edib: “Həkim-rentgenoloq Fəxrəddin Məmmədov ayın 29-u mənimlə telefon əlaqəsi saxlayıb və özünü yaxşı hiss etmədiyini, müayinəyə getdiyini deyib. Ayın 30-u isə xəbərimiz oldu ki, KT nəticələrində həkimin ağciyərlərində buzlu şüşə sindromu aşkarlanıb. Dərhal xəstəxanaya yerləşdirildi. Vəziyyətindən xəbərdar olmaq üçün hər gün əlaqə saxlayırdıq. Təəssüf ki, ötən gün Fəxrəddin Məmmədov müalicə aldığı Sumqayıt şəhər 1 saylı xəstəxanada koronavirusdan vəfat edib”. M.Cavadova 5 saylı uşaq poliklinikasında çalışan daha dörd tibb işçisinin koronavirusa yoluxduğunu qeyd edib: “Əməkdaşlarımız arasında daha dörd nəfərdə COVID-19 aşkarlanıb. Onların müalicəsi hələ də davam etdirilir. Lakin qeyd edim ki, o əməkdaşlar F.Məmmədovla yaxın ünsiyyətdə olmayıb. Şöbələr tamamilə ayrıdır. Ümumiyyətlə, yoluxmaların heç biri tibb müəssisəsi daxilində qeydə alınmayıb. Tibb işçilərimiz virusa poliklinikadan kənarda, müxtəlif ictimai yerlərdə yoluxub. Poliklinikamızda həkimlər növbəli iş qrafiki ilə çalışır, yoluxma hallarının qarşısını almaq məqsədilə hər gün işçilərin hərarəti ölçülür. Müəssisə mütəmadi olaraq dezinfeksiya edilir”. Qeyd edək ki, 1958-ci il təvəllüdlü F.Məmmədov bir müddət hərbi həkim kimi çalışıb.
Facebook-da paylaş